Gənclərimiz nəyə görə xaricdə təhsilə üstünlük verirlər? SORĞU

Gənclərimiz nəyə görə xaricdə təhsilə üstünlük verirlər? SORĞU

Bu gün ölkəmizin iş bazarında özünə layiqli yer tutmaq istəyən gənclərimizin əksəriyyəti ali təhsillərini xaricdə almağa üstünlük verirlər. Bunun da nəticəsidir ki, son illər xaricdə ali təhsil almaq istəyən gənclərimizin sayı çoxalır. SİA bunun səbələrini öyrənməyə çalışıb.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev: "Əksər gənclərimiz dünyanı görmək, onların mədəniyyətləri ilə tanış olmaq və təhsil sistemini öyrənmək məqsədilə xaricə üz tuturlar. Təbii ki, dövlətin gənclərimiz üçün yaratdığı şərait onların xaricdə təhsil almalarına imkan verir. Azərbaycanın sürətli inkişafı və dünya iqtisadiyyatının bir hissəsinə çevrilməsi müasir biliyi və bacarığı olan kadrlara tələbatı artırır. Buna ölkəmizdə zərurət yaranır. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2006-cı il oktyabrın 19-da "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, hazırlanan və ölkə başçısının 16 aprel 2007-ci il tarixindəki daha bir sərəncamı ilə təsdiq edilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistem yaradılıb. 2015-ci ildə bu proqram bitir. Yeni proqrama əsasən də xarici ölkələrin universitetlərində təhsil alan tələbələrin təhsil xərcləri dövlət tərəfindən ödəniləcək. Gənclərimizin təhsil almaq üçün xarici ölkələrə maraq göstərməsinin digər səbəbi ola bilsin ki, bizim bəzi universitetlərin səviyyəsi onları qane etmir və ona görə də onlar xaricdə təhsil almağa maraq göstərirlər. Təəssüflər olsun ki, təhsilimiz hələ də bizim arzu etdiyimiz səviyyəyə gəlib çatmayıb. Lakin buna baxmayaraq təhsildə islahatlar davam edir və düşünürəm ki, müəyyən müddətdən sonra biz öz arzuladığımız səviyyəyə gəlib çatacağıq. Bunun üçün ölkəmizdə hər cür şərait və imkanlar var. Əminəm ki, yaxın gələcəkdə bizim də Ali təhsil ocaqlarımız həmin yüksək səviyyəli universitetlər sırasına daxil olacaq".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov: "1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində xaricdə təhsil almaq məsələsi daha da artmışdı. Təbii ki, bunun da həmin dövrə uyğun vacib səbəbləri var idi. Həmin illərdə gənclərimiz düşünürdülər ki, xaricdə təhsil almaqla daha rahat iş tapa biləcəklər. Bu tendensiya 2005-2006-cı illərdə daha aktivləşməyə başladı. Gənclərimiz bunu xaricdə təhsilin daha yüksək olması ilə bağlayırlar. Lakin son dövrlər təhsil sahəsində həyata keçirilən islahatlar, yeni təhsil müəsiəsələrinin yaradılması ilə xaricə getmək istəyən tələbələrin kütləvi şəkildə qarşısı alınır. Düşünürəm ki, bizim universitetlərin də təhsil səviyyəsi xarici universitetlərin səviyyəsi ilə rəqabətə girməli bu dözümlülüyə bir növ güc tapmalıdır. belə olan halda gənclərimiz xaricə deyil, qalıb ölkəmizdə təhsil alacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə