Seçicilər sosial-rifaha səs verəcək REGİONLAR FOTOLAR

Seçicilər sosial-rifaha səs verəcək REGİONLAR FOTOLAR

YAP Füzuli rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində gənclərlə və ilk dəfə səs verən seçicilərlə geniş tərkibdə görüş keçirib. Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, YAP Mərkəzi aparatının məsul əməkdaşı Ramil Mirzəyev iştirak ediblər.

Görüşü partiyanın rayon təşkilatının sədri Almaz Həşimova acaraq bildirdi ki, rayondakı 84 saylı Dairə Seçki Komissiyası üzrə 21 bələdiyyəyə 43 məntəqədə seçkilər keçiriləcək. YAP rayon təşkilatı tərəfindən 113 nəfərin namizədliyi irəli sürülübdür ki, onlardan 46 nəfəri qadınlar, həmçinin xeyli hissəsidə gənclərdir.

A.Həşimovanın sözlərinə görə, YAP Füzuli rayon təşkilatı seçkilərdə uğur qazanmaq üçün seçki kampaniyasını daha mütəşəkkil aparır. Hazırda namizədlərin hər biri haqqında seçicilərə dolğun məlumat vermək üçün Seçki Qərargahının üzvləri fəallıqlarını davamlı olaraq artırırlar: "Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, bələdiyyə seçkilərində də qadınlara və gənclərə daha çox yer verilməsi həm ölkəmizdə gender bərabərliyinin qorunmasını, həm də partiyanın gənclərə olan diqqətinin atrmasının bariz nümunəsidir."

Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gəncləri YAP-ın namizədlərini dəstəkləməyə çağırdı.

Vüqar Rəhimzadə xüsusi vurğuladı ki, bələdiyyələrin hüquqi bazası möhkəmlənmiş, nüfuzu artmış, əhalinin yerli özünüidarəetmə orqanlarına inamı artmışdır. İnamla deyə bilərik ki, görülən işlərdə YAP-ın rolu xüsusilə diqqət çəkir. Respublika miqyasında həyata keçirilən islahatların nəticələri göz qabağındadır. Azərbaycan iqtisadi göstəricilərinə görə dünya dövlətləri arasında liderlik mövqeyini qoruyur. İnsanların həyat şəraiti ildən-ilə yaxşılaşır.

Görüşdə YAP tərəfindən namizədlikləri irəli sürülən Hikmət Əliyev və Hikmət Xudiyev çıxış edərək partiyanın onlara göstərdiyi etimadı doğruldacaqlarına və seçkidə qələbə qazanacaqlarına söz verdilər.

Beyləqan

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatında bələdiyyə üzvlüyünə YAP tərəfindən irəli sürülmüş namizədlərlə gənclərin və ilk dəfə səs verəcək seçicilərin geniş tərkibdə görüşü keçirilib. Dekabrın 15-də gerçəkləşən bu görüşdə YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Ayaz Orucov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Ramil Mirzəyev iştirak edirdilər.

Tədbiri YAP Beyləqan rayon təşkilatının sədri Rəfail Pəsiyev bildirdi ki, qarşıdan gələn bələdiyyə seçkilərində partiya namizədlərinin qələbə qazanacaqlarına əmindir.

Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. Bu seçkidə də qələbəmizi şərtləndirən çox mühüm amillər mövcuddur. O cümlədən gənclər bu seçkilərdə həm namizəd kimi, həm də seçici kimi fəal olmaqla bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsinə öz töhfələrini verməlidirlər.

Vüqar Rəhimzadə vurğuladı ki, Azərbaycan iqtisadi cəhətdən böyük inkişaf yolu keçərək hazırda dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayır: "Əlbəttə bu inkişafın memarı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Onun layiqli davamçısı möhtərəm Prezidentimizin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti məhz dövlətimizin inkişafına, xalqımızın daha yaxşı yaşamasına yönəlib. Ona görə də partiyamızın fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir, dəstəklənir. Biz inanırıq ki, bu bələdiyyə seçkilərində də seçicilər YAP-ın namizədlərinə səs verməklə, ölkəmizin inkişafına növbəti töhfəsini verəcəklər".

Görüşdə çıxış edən Milli Məclisin deputatı Ayaz Orucov bələdiyyə üzvlüyünə namizədlərə uğurlar arzuladı və bildirdi ki, özünüidarəetmə orqanı olan bələdiyyələrin yaranması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və bu vətəndaş cəmiyyətinin inkişafını sürətləndirmək üçün çox mühüm vasitədir.

Ayaz Orucov çıxışında qeyd etdi ki, əsas məqsəd bələdiyyə seçkilərində YAP-ın namizədlərinin qələbə qazanması, yerli özünüidarə orqanlarında partiyamızın yüksək təmsilçiliyinin təmin olunmasıdır. Təbii ki, bu qələbə üçün bütün əsaslar mövcuddur. Çünki Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz dinamik inkişaf edir. O cümlədən, bölgələrdə abadlıq-quruculuq işləri, iqtisadi inkişaf, insanların rifahının yaxşılaşması, regionların simasının dəyişməsi və digər müsbət amillər insanların həyatında əhəmiyyətli dəyişikliklərə səbəb olub. Ona görə də bir daha tam əminliklə bildiririk ki, bütün bu amillər YAP-ın bələdiyyə seçkilərində istinad edəcəyi ciddi faktlardır. Bu baxımdan, bizim hər birimiz inanırıq ki, YAP növbəti bələdiyyə seçkilərində qələbə çalaraq, yerli özünüidarə orqanlarındakı uğurlu fəaliyyətinə yeni inkişaf tempi gətirəcəkdir.

Görüşdə bələdiyyə üzvlüyünə namizədlər çıxış edərək seçkilərdə qələbə çalacaqlarına əminliklərini ifadə etdilər. Həmçinin görüşdə çıxış edən seçicilər birmənalı olaraq bildirdilər ki, onlar YAP-ın namizədlərinə səs verməklə qəsəbə və kəndlərdəki mövcud inkişafa səs vermiş olacaqlar.

İmişli

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat təşviqat kampaniyası çərçivəsində gənclərlə və ilk dəfə səs verən seçicilərlə kütləviliyi ilə seçilən görüş keçirdi. Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Mərkəzi aparatının məsul əməkdaşı Ramil Mirzəyev iştirak edirdilər.

Partiyanın İmişli rayon təşkilatının sədri Səfa Ağayev tədbiri giriş niqti ilə açaraq təbliğat kampaniyası dövründə aparılan işlər barədə ümumi məlumat verdi. Bildirdi ki, bu seçkilərdə namizədlərin hər birinin qələbəsi üçün təbliğat işinin əhatəsini genişləndirmişik və seçicilər namizədlərlə bağlı geniş informasiyaya malikdirlər. Xüsusən, gənclərin seçkilərdə həm namizəd, həm də seçici kimi fəallıqlarını artması namizədlərimizin qələbə qazanmasına kömək edən önəmli faktdır.

Görüşdə çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, Azərbaycan demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yerini tutmaqdadır. Belə ki, ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf etmişdir. Bu önəmli tendensiyalar ölkəmizdə keçirilən bütün seçkilərdə özünü göstərməkdədir.

Vüqar Rəhimzadə çıxışında gənclərə xitabən bildirdi ki, ölkə Prezidenti möhtərəm İlham Əliyevin gənclərə göstərdiyi yüksək diqqət və qayğı daim hiss edilməkdədir. Bu fakt ölkə gənclərinin hərtərəfli inkişafına çox mühüm stimul verir: "Ona görə də siz gənclər bu etimadı əməli işinizlə doğrultmağa çalışın."

Vüqar Rəhimzadə daha sonra görüş iştirakçılarına bildirdi ki, YAP bütün seçkilərə məhz xalqın dəstəyini qazana biləcək namizədlərlə gedir. Ona görə də hər bir seçkidə partiyamızın qələbəsi reallaşır: "İnanıram ki, bu seçkilərdə də YAP-ın rayon təşkilatları, o cümlədən YAP İmişli rayon təşkilatı ən layiqli insanların namizədliklərini irəli sürməklə qələbəmizin təməlini qoyublar."

YAP Mərkəzi aparatının məsul əməkdaşı Ramil Mirzəyev görüşdə çıxış edərək ölkəmizin sosial-iqtisadi yüksəlişində bələdiyyələrin də inkişafa dəstək olduğunu vurğuladı. Onun sözlərinə görə, YAP ölkədə alternativsiz siyasi qüvvədir: "Məhz bu səbəbdən də bələdiyyə seçkilərində də qələbə bizim namizədlərin olacaqdır. Çünki ötən illərdə keçirilən bütün seçkilərdə YAP-ın üstün qələbəsi hər bir kəsdə bu əminliyi, bu inamı yaratmaqdadır. Eyni zamanda, seçicilərin partiyamıza etimadının davamlı olaraq artması faktı YAP Sədri, Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətli inkişafından, insanların sosial-rifah halının yüksəlməsindən qaynaqlanır. Bütün sahələrdəki islahatların davamlı şəkildə həyata keçirilməsi və s. bu kimi digər reallıqlar ölkə vətəndaşlarının YAP-a, onun namizədlərinə olan inamını davamlı olaraq artırır. İnanıram ki, İmişli rayonunda seçicilər, xüsusən də gənclər partiyamızın namizədlərinə səs verməklə qəsəbələrinin, kəndlərinin inkişafına səs vermiş olacaqlar."

Tədbirdə gənc bələdiyyə üzvlüyünə namizəd Rəfael Məmmədov çıxış edərək bildirdi ki, İmişli gəncləri bütün seçkilərdə YAP-ın namizədlərini dəstəkləməklə dövlətimizə və möhtərəm İlham Əliyevə öz sədaqətlərini ifadə ediblər. Bu seçkidə də bizim qələbəmiz üçn partiya rəhbərliyi tərəfindən səmərəli təbliğat kampaniyası aparılır. Məhz bu diqqət və qayğıya görə gənclər adından partiya rəhbərliyinə öz təşəkkürlərimizi bildiririk.

Görüşdə çıxış edən seçicilər-Mirsaleh Mirsalehov və Qara Paşayev namizədlərə uğurlar arzuladı və əminliklə bildirdilər ki, YAP-ın namizədlərinin rayonda alternativləri yoxdur. Ona görə də rayon sakinləri məhz bu namizədləri dəstəkləyəcəklər.

QƏBƏLƏ

Tədbiri giriş nitqi ilə açan YAP Qəbələ rayon təşkilatının sədr müavini, bələdiyyə seçkiləri üzrə partiyanın səlahiyyətli nümayəndəsi Elçin Tağıyev seçkilərə start verilən andan bu günə kimi görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda partiyanın rayon təşkilatının 76 ərazi ilk təşkilatında 5865 üzv var, bu üzvlərin ən fəalları arasından rayonun 29 bələdiyyəsinə 275 nəfərin namizədliyi irəli sürülüb və seçki dairələri tərəfindən namizədlikləri təsdiq olunub. Həmin namizədlərin 118 nəfəri gənclər, 76 nəfəri isə qadınlardır. Hazırda partiyanın rayon təşkilatı 77 seçki məntəqəsinin ərazisində namizədlərin təbliğatı ilə məşğuldur. Bu işlərə partiyanın 400 nəfərdən çox fəalı cəlb edilib.

Bələdiyyə üzlüyünə namizədlərdən Aytəkin Əhmədova, Ədilə Əliyeva və Arifə Bayramova çıxış edərək, bələdiyyə üzvü seçildikdən sonra görəcəkləri işlərdən söz açıblar.

Görüşdə iştirak edən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva və YAP Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva qadınların respublikanın ictimai-siyasi həyatındakı rolundan danışıblar. Onlar Qəbələ rayonunda Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş qadınlara uğurlar arzulayıblar. Qeyd edilib ki, Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın timsalında daha qabarıq şəkildə özünü büruzə verir.

Balakən

YAP Balakən rayon təşkilatının sədri Azad Balayev bələdiyyə seçkiləri ilə bağlı rayon qərargahının gördüyü işlər barədə məlumat verib.

Milli Məclisin deputatı Kamilə Əliyeva ulu öndər Heydər Əliyevin gənclərə diqqət və qayğısından danışıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası gənclər siyasətinin qabaqcıl təbliğatçısıdır. Bu ilki bələdiyyə seçkilərində gənclərin və qadınların üstünlük təşkil etdiyini, əldə olunacaq qələbədə onların rolunu ön plana çəkib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu gənc bələdiyyə üzvlüyünə namizədlərə bələdiyyənin formalaşması, yerli özünüidarəetmə orqanlarının strukturu haqqında danışıb. H.Babaoğlu seçkilər zamanı qələbənin əldə olunmasında hər bir seçici ilə fərdi münasibətlərin qurulmasına yer ayrılmasını xüsusi olaraq vurğulayıb.

YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Səbuhi Alqayev, bələdiyyə seçkilərində ilk dəfə səs verən gənc Pərvanə İsayeva, Talalar kənd bələdiyyəsi üzvlüyünə namizəd Nurlan Əhmədov, YAP üzvü Lalə Yolçuyeva, YAP Balakən rayon təşkilatının Seçki Qərargahının üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Leyla Qarayeva çıxış edərək namizədlər arasında gənclərin və qadınların üstünlük təşkil etdiyini deyiblər.

Biləsuvar

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı ərazilərdə təbliğat-təşviqat kampaniyasını davam etdirir. Rayon təşkilatının seçi qərargahının seçicilərlə növbəti görüşü rayonun İsmətli kəndində oldu.

Görüşü seçki qərargahının üzvü Rüstəm Əliyev açaraq yerli özünüidarəetmə orqanları olan bələdiyyələrə seçkilərlə əlaqədar seçicilərə geniş məlumat verib: "Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" şüarı ilə gedir. YAP tərəfindən irəli sürülən namizədlər əhalinin mütləq əksəriyyətinin hörmətini qazanmış, intellektual səviyyəsi ilə seçilən partiya üzvləridir. Mən inanıram ki, sizlərin də köməyi, etimadı ilə bundan əvvəlki seşkilərdə parlaq qələbə əldə edən Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qalib gələcəkdir".

Qərargah üzvü Akif Kazımov çıxış edərək qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu iş davam edir. Natiq daha sonra vurğulayıb ki, bələdiyyə sistemi ildən-ilə inkişaf edir, onların səlahiyyyətləri artırılır və sair. Bələdiyyələrin həyata keçirilən sosial, iqtisadi, mədəni tədbirlərdə fəal iştirak etdiyini deyən qərargah üzvü bunların davamlı olması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə dəvət edib.

Görüşdə təbliğat-təşviqat qrupunun digər üzvü Ağamməd İbayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası bütün seçki kampaniyalarında qələbə qazanıb: "Bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlər xalqın namizədləri olduğu üçün qələbə qazanacaqlar. Biz xalqa inanırıq, xalq da bizə inam və etimadlarının əbəs olmadığını görür".

Sonda kənd sakinlərindən Aydın Əbilov, Mustafa Ziyadov və başqaları çıxış edərək kənd seçicilərini 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklərini bildiriblər.

Astara

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının Seçki Qərargahının təbliğat qrupu bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşlərini proqrama uyğun olaraq davam etdirir.

Növbəti belə görüş dünən rayonun Siyaku və Pensər kəndlərində keçirib.

Görüşdə YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov Yeni azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi sosial-iqtisadi siyasətin regionlarımızın inkişafını sürətləndirdiyini və hər bir vətəndaşın bunu öz həyatında hiss etdiyini qeyd edib: "Ölkəmizin bütün sferalarının inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. YAP hər zaman olduğu kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də xalqın iradəsinə, etimadına güvənir. Xalqımız Partiyanın ətrafında sıx birləşib ki, bu da əbəs yerə deyildir. Çünki, YAP xalqın partiyasıdır və hər zaman da xalqın Partiyası olaraq qalacaqdır".

Daha sonra YAP fəallarından Hikmət Muradov, Əhmədşah Quliyev, Osman Dədəyev, Usaməddin Hüseynov, Arif Əliyev, Sərraf Əhmədov, Asif Əsədullayev, Ofeliya Həsənova çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası xalqın ona olan ümidlərini hər zaman doğruldub və Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir. Məhz bu prinsipləri əldə rəhbər tutan seçicilər, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində öz səslərini yenidən sabitliyə, tərəqqiyə, inkişafa, sosial rifaha və bizləri bu inkişaf yoluna daşıyan Yeni Azərbaycan Partiyasına verəcəklərini hamılıqla qeyd ediblər.

Sabunçu

Yerli özünüidarəetmə orqanlarına seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədlərinin seçicilərlə görüşləri davam edir. Hazırlıq işlərinin lazımi səviyyədə qurulması seçkilərin nəticələrinə təsir göstərən amillərdən biridir. Namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyasını uğurla başa vuran YAP bələdiyyə üzvlüyünə namizədlərinin sayına görə də öndədir. Partiyanın hər bir rayon təşkilatı irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyasını uğurla həyata keçirir.

YAP Sabunçu rayon təşkilatından irəli sürülən bələdiyyə üzvlüyünə namizədlərin gənc seçicilərlə görüşü də bu kampaniyanın tərkib hissələrindəndir.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bələdiyyələrin keçdiyi inkişaf yolundan, qazandığı təcrübədən bəhs etdi. Bildirdi ki, bu institut yeni formalaşsa da, qısa müddətdə müəyyən təcrübə əldə edib. Sözsüz ki, illər keçdikdə yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə birgə fəaliyyəti nəticəsində qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunur.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva bələdiyyələrin fəaliyyətini tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi, əhaliyə daha keyfiyyətli xidmət təşkil etmək məqsədilə onların birləşdirilməsi prosesinin davam etdirilməsi, səlahiyyətlərinin ardıcıl olaraq genişləndirilməsi, bələdiyyə büdcələrinin şəffaflığının təmin olunması ilə bağlı fikirlərini bildirdi.

Milli Məclisin deputatı Leyla Abdullayeva bələdiyyələrlə bağlı fikirlərini bildirərək vurğuladı ki, bütün seçkilərə təkmil proqramlarla gələn YAP milyonların partiyası olduğunu əməli fəaliyyəti ilə doğruldur, xalqla həmrəylik və birlik nümayiş etdirir. Təbliğat- təşviqat kampaniyasında mütəşəkkilliklə iştirak edən seçicilərin fəallığı partiyaya inamın təzahürüdür. Bir neçə gündür başlayan təbliğat-təşviqat kampaniyasının Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil olunması üçün maarifləndirmə işi sürətləndirilir.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin aparat rəhbəri Əli Pənahov bələdiyyələrin gəncləşməsini müasir dövrün tələbi kimi dəyərləndirdi. Bildirdi ki, yerli özünüidarəetmə orqanlarının daha səmərəli işləməsinə yönəldilmiş qərar və qanunların həyata keçirilməsində, referendum yolu ilə səlahiyyətlərinin artırılmasında da məqsəd qurumun əhali ilə birgə fəaliyyəti üçün imkanları genişləndirməkdir.

Görüşdə qeyd olundu ki, bələdiyyə seçkilərinə ilk gündən məsuliyyətlə yanaşan, namizədlər üçün nəzərdə tutulan sayda imzaların toplanılması, qeydə alınması mərhələsini uğurla başa vuran Yeni Azərbaycan Partiyası ictimaiyyətlə həmrəylik nümayiş etdirir, xalqın istək və təşəbbüslərinin həyata keçirilməsi üçün səylərini artırır.

Çıxış edən seçicilər Azərbaycanın daha böyük uğurlar qazanması naminə özünü doğruldan, sınaqlardan uğurla çıxan mövcud siyasəti dəstəkləyəcəklərini bildirərək mövcud siyasətə səs verəcəklərinə əminliklərini ifadə etdilər.

Zaqatala

Görüşdə Milli Məclisin deputatı Kamilə Əliyeva, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, YAP İcra Katibliyinin məsul işçisi Emil Abbasov iştirak edib.

YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bələdiyyələrin cəmiyyətimizdə yeri və rolu, o cümlədən dövlətimizin bələdiyyələrə dəstəyi haqqında ümumi məlumat verib. Qeyd edib ki, 23 bələdiyyə üzrə 229 yerin hər birinə partiya üzvlərinin namizədliyi irəli sürülüb, onların hər biri ali təhsilli olmaqla, üzvlər arasında gənclər və qadınlar da var. H.Qurbanov seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.

Milli Məclisin deputatı Kamilə Əliyeva və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs nəticəsində əldə olumuş nailiyyətlər, aparılmış tikinti, abadlıq-quruculuq işləri, Azərbaycanın beynəlxalq arenada nüfüzu, bələdiyyələrin fəaliyyəti və rolu haqqında geniş məruzə ilə çıxış ediblər.

YAP fəalı, seçki qərargahının üzvü Tahir Məmmədov, Fatma İsrafilova, fəal gənc Həvva Mehdiyeva da çıxış edərək partiyanın qələbəsinə əminliklərini ifadə ediblər. Qeyd edək ki, YAP Zaqatala rayon təşkilatı görüş qrafikinə uyğun olaraq yerlərdə təbliğat işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə