"Seçkini müşahidəyə açan dövlətlərin sayı dünyada çox deyil. Əgər biz seçkini müşahidəyə açırıqsa, seçkinin etibarlılığına diqqəti cəlb edirik. İstəyirik ki, peşəkar qiymətləndirmə ilə məşğul olan qüvvələr bunu qiymətləndirsin". SİA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə keçirilən "Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları" mövzusunda konfransda MSK sədrinin müavini Natiq Məmmədov deyib.
N. Məmmədov qeyd edib ki, hər dəfə Azərbaycanda seçkiləri təxminən 50 minə yaxın müşahidəçi izləyir: "Bu da təxminən hər məntəqədə seçkinin 10 nəfər tərəfindən müşahidə edilməsi deməkdir. Ancaq, bir çox hallarda yaranan vəziyyət suallar doğurur. Çünki, 49 min 700 subyekt seçkiyə bir cür, 300 subyekt isə fərqli qiymət verir. 300 nəfərin apardığı müşahidə 300 məntəqədən çox ola bilməz. Sonra biz rəy oxuyuruq. Ümumi məlumatdan sonra yazılır ki, filan missiya filan müşahidə apardı, müşahidə nəticəsində bəlli oldu ki, seçki məntəqələrinin 10 faizində seçkinin pozulması faktı olub, 20 faizində belə olub. Tutaq ki, 10-20 faizində pozuntu olub, bəs qənaət nədir? Biz müəyyən qurumlardan bu pozuntuların seçkinin nəticələrinə təsir etmək imkanında olmadığını eşitməmişik. Müəyyən qurumlar isə hesabatlarında yazırlar ki, pozuntu görmədik. Biz sərbəst olanda bir cür, nəzarətdə olanda bir cür davranırıq. Məntəqədə nüfuzlu Avropa qurumlarının təmsilçiləri olanda bu cür pozuntuların olduğu inandırıcı görünmür".
"Gərək seçkinin təşkilatçıları bu cür məqamlara şans verməsin. İkincisi, işıqlandırma prosesi elə həyata keçirilsin ki, ümumi mənzərəni təsəvvür etmək asan olsun. Biz qüsurumuzu göstərməkdən çəkinmirik. Amma səhnəni açıb ortaya qoyaq, görək ki, pozuntu neçə faiz təşkil edir. Əgər media ilə komissiyalar bunu düzgün təqdim edə bilsə, müəyyən qədər qərəzli fikirlərə qarşı çıxmış ola bilərik" - deyə, MSK sədrinin müavini qeyd edib.
N. Məmmədovun sözlərinə görə, bəzən peşəkarlıq nümayiş etdirilmədiyindən, bundan istifadə edirlər: "Azərbaycan dövlət olaraq hər hansı bir pozuntunun olmasında maraqlı deyil. MSK verilən məlumatların araşdırılmasında həmişə maraqlı olub. Tutaq ki, hər hansı bir beynəlxalq missiya seçki məntəqələrinin 10 faizində pozuntu olduğunu deyir, əslində dolayı deyir ki, 90 faizində pozuntu olmayıb. Ancaq bunu açıq demir. Biz istəyirik ki, hər hansı beynəlxalq missiya seçki prosesində pozuntu olduğunu deyirsə, hesabatında pozuntunun olduğu konkret ünvan verilsin. Biz indiyə qədər belə konkret fakt almamışıq ki, filan məntəqədə belə hərəkət olub. Bu, hələ də müasir dünyada müşahidəçilik missiyanın ən böyük problemi olaraq qalır. Buna baxmayaraq, hətta bizi ən kəskin tənqid etmək istəyənlər də Azərbaycanda seçki prosesinin təkmilləşmək tendensiyasını qeyd edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB