"Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları” müzakirə olunur VİDEO

"Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları” müzakirə olunur VİDEO

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə "Jurnalistlərin seçki prosesində fəaliyyətlərinin əsasları" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda KİVDF-nin maliyyə yardımı ilə həyata keçirilən "Jurnalistlərin bələdiyyə seçkiləri prosesində müşahidəçi kimi iştirakına yardım" layihəsi çərçivəsində Seçki Məcəlləsində, MSK-nın təlimatlarında və digər qanunvericilik aktlarında əks olunmuş müddəalardan seçmələr əsasında hazırlanmış "Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi" kitabçası da təqdim edilib.

Konfransda çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli deyib ki, tədbir jurnalistlərin seçki prosesində fəaliyyətinə həsr edilib. Jurnalistlərin seçki prosesini işıqlandırmaqda mühüm rol oynadığını dilə gətirən V. Səfərli söyləyib ki, seçki prosesini KİV-in iştirakı olmadan təsəvvür etmək mümkün deyil.

Daha sonra çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov seçicilərin və seçki iştirakçılarının maarifləndirilməsindən söz açıb. O bildirib ki, seçki prosesinin bütün iştirakçılarının maariflənmiş olması, öz vəzifə və hüquqlarını bilməsi vacibdir:" Eyni zamanda seçki prosesinin iştirakçılarının obyektiv məlumat almaq hüququ da var. Seçkinin məqsədi güclü və zəifi müəyyən etməkdir. Bir çox hallarda insanlar səsvermə gününü seçki prosesinin mahiyyəti sayırlar. Amma seçki tək seçki günündən ibarət deyil. Seçki prosesinin ideal olması mümkün deyil. Çünki insan olan yerdə səhvlər qaçılmazdır".

N. Məmmədov qeyd edib ki, Azərbaycan mediası hər zaman seçkinin işıqlandırılmasında mühüm rol oynayıb: "Obyektiv və ya qərəzli olmasına baxmayaraq, Azərbaycanı tənqid etmək istəyənlər etiraf edirlər ki, Azərbaycan seçkisi böyük inkişaf yolu keçib. Öz seçicilərinin hüquqlarına şərait yaratmaq baxımından öndədir. Artıq xalqımız, dövlətimiz o qədər inkişaf edib ki, bizə münasibət bu cür olur. Dünyada bizim başa düşdüyümüz mənada seçki keçirən inkişaf etmiş demokratiyaya malik ölkələrin ortaya qoyduğu fəaliyyət bizdən üstün deyil. Seçki adətlərin ayrılmaz bir hissəsidir. Ona görə də aktiv təşkilatçılıq baxımından müqayisə aparsaq Azərbaycan seçkiləri üstündür. Ona görə də biz maarifləndirməni, seçki prosesinin iştirakçılarının düzgün məlumat almasını yüksək qiymətləndiririk".

Konfransda həmçinin hüquqşünas Aydın Kərimov "Demokratik cəmiyyətdə KİV-lərin seçki müşahidəçiliyinin əhəmiyyəti", hüquqşünas Ələsgər Məmmədli "Seçki prosesində medianın məsuliyyəti", Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Jurnalistlərin seçki məntəqələrində davranış qaydaları" mövzusunda məruzələrlə çıxış ediblər.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə