Səxavət Əlisoy: “Müsavat mitinq yox, Arif Hacılının inaqurasiyasını keçirirdi” AÇIQLAMA

Səxavət Əlisoy: “Müsavat mitinq yox, Arif Hacılının inaqurasiyasını keçirirdi” AÇIQLAMA

"Ümumiyyətlə siyasi aksiya nəyinsə xatirinə keçirilməli deyil. Əgər ortada hər hansı bir "siyasi məhbus"lar söhbəti varsa, partiya buna çox ciddi hazırlaşıb və tutarlı arqumentlər ortaya qoyaraq həll etməlidir". Bunu SİA-ya Müsavatdan istefa vermiş keçmiş partiya funksioneri Səxavət Əlisoy Müsavat Partiyasının ötən gün keçirdiyi mitinqə münasibət bildirərkən deyib.

Keçmiş partiya funksionerinin sözlərinə görə, bu aksiya "siyasi məhbuslar"dan daha çox Arif Hacılının inaqurasiya məsələdi idi: "O saxtakar başqan seçildikdən sonra ilk dəfə olaraq həmin aksiyada özünü cəmiyyətə təqdim edirdi. Təqdimat mərasimi isə çox biabırçı bir vəziyyətdə yəni, 300-400 nəfər insanın ora gəlişi ilə qeyd edildi. Ümumiyyətlə bu aksiyanın "siyasi məhbuslar" üçün heç bir əhəmiyyəti yoxdur. Aksiya yalnız Arif Hacılının özünə hesablanmışdı. Onların "siyasi məhbus" məsələsini 250 nəfərlə hər hansı bir meydanda deyil, dəyirmi masa ətrafında müzakirəsini daha məqsədəuyğun sayardım".

Müsavat Partiyasının keçirdiyi aksiyada AXCP və "Milli Şura"dan heç bir nümayəndənin iştirak etməməsinə gəlincə, S. Əlisoy deyib ki, bu, bilavasitə Əli Kərimli və Cəmil Həsənlinin Arif Hacılı zehniyyətini qəbul etməmələri ilə bağlıdır: "Çünki A. Hacılı heç vaxt müxalifətin bir olması üçün addım atmayıb. Artıq Azərbaycan müxalifəti öz zehniyyətində dəyişiklik etməlidir. Ən azı 20 il ərzində 200-300 mitinq keçirərək azsaylı tərəfdarları meydana toplayıb, hər hansı bir qətnamə oxumaqla uğurlu nəticə əldə etmək mümkün deyil. Hesab edirəm ki, bu aksiyalar meydanlardan yığışdırılmalı, müxalifət öz taktiki gedişlərini dəyişdirməlidir. Çox təəssüf ki, müxalifət liderləri hələ də öz işlərini 1990-cı illərin zehniyyəti ilə qururlar. Onlarda irəliyə doğru heç bir gediş yoxdur. Beləcə, bu taktikalar təkəbbür, yekəxanalıq üzərində qurulur ki, bunun da heç bir faydası olmur".

Bütün xəbərlər Facebook səhifəmizdə