"Bu gün keçirilən görüşdə Azərbaycan cəmiyyətini, siyasi partiyaları, Azərbaycan vətəndaşlarını düşündürən, dövlətin iqtisadi, siyasi, sosial və beynəlxalq münasibətlər sahəsindəki fəaliyyətinə uyğun olan bütün məsələlər müzakirə olunub". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün aparıcı müxalifət partiyaları sədrləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Ə.Həsənov deyib ki, baş tutan görüşün yekununda qərara alınıb ki, belə görüşlər davam etdirilsin: "Görüşün yekunlarına əsasən belə görüşlərin davam etdirilməsi həm hakimiyyət nümayəndəsi kimi bizim tərəfimizdən, həm də siyasi partiyalar tərəfindən çox zəruri və gələcəkdə davam etdirilməsi mütləq sayılan bir həqiqət kimi qəbul olunub. Biz bu qənaətə gəldik ki, bu görüşlər gələcəkdə mütəmadi olaraq davam etdirilsin. Görüşlərin keçirilməsi ilə bağlı vaxt, müzakirəyə çıxarılacaq məsələlər, insanları, partiyaları, vətəndaşları narahat edən və ya onları düşündürən daxili və xarici siyasət məsələləri görüşlərdə mütəmadi olaraq müzakirə olunsun və ortaq nəticələrə gəlinsin".
PA rəsmisi qeyd edib ki, tədbirdə bir çox məsələlər müzakirə olunub: "Burada həm Azərbaycan hakimiyyətinin fəaliyyətinə aid olan məsələlər, həm siyasi partiyaların fəaliyyətinə aid olan məsələlər, həm azad medianın fəaliyyətinə aid olan məsələlər, həm bu gün ətrafında ciddi söhbət gedən bəzi həbs olunmuş insanlarla bağlı məsələlər müzakirə olundu. Bütün məsələlər üzrə tam açıq fikir mübadiləsi aparıldı. Hakimiyyət nümayəndəsi olaraq biz bunların əksəriyyətini dinlədik, ümumiləşdirdik və müvafiq olaraq qərar qəbul edən dövlət strukturları rəhbərlərinə, o cümlədən ölkə Prezidentinə müzakirə olunan məsələlərlə bağlı gəldiyimiz ortaq nəticələrin əksəriyyətini çatdıracam".
Ə.Həsənov əlavə edib ki, bu görüşdə Azərbaycandakı müxalifət partiyaların hamısı təmsil olunmur: "17 siyasi partiya burada təmsil olunur. Bu partiyaların 8-i görüş üçün ilkin təşəbbüslə çıxış edib. Sonrakı müddətdə, bu görüş planlaşdırılarkən mətbuata sızan informasiyadan sonra digər partiyalarda iştirak etmək istəklərini bildiriblər və onların da bu görüşdə iştirakı təmin olunub. Düşünür ki, növbəti görüşlərdə bütün siyasi partiyalar bu görüşlərə dəvət olunsunlar. Hər bir siyasi partiyanın özünün cəmiyyətə və həyata keçirilən siyasətə baxışları var. Ümumiləşmiş şəkildə bütün müxalifət partiyalarının rəhbərləri ilə bu görüşlər keçirilsin".
PA rəsmisi qeyd edib ki, görüşdə müxtəlif məsələlər qaldırılıb: "Bunların sırasına siyasi partiyaların maliyyələşdirilməsi, siyasi partiyaların mövcud mənzil qərargahla təmin olunması məsələsi, partiyalar və seçki institutlarının fəaliyyəti, partiyalar və seçkidə iştirak məsələləri, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştirak etmə məsələləri, siyasi partiyaların üzvlük norması ilə onların potensialının dəyərləndirilməsi kimi məsələlər müzakirə olundu. Düşünürük ki, birinci görüş üçün kifayət qədər əlverişli və dinamik görüş oldu. Növbəti görüşlər üçün həm zəmin hazırlandı həmdə növbəti görüşlərin təxmini mövzuları müəyyən edildi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB