Tahir Kərimli: “Müsavat partiyasının mitinqi daxili məsələlərin həllinə yönəlib” AÇIQLAMA

Tahir Kərimli: “Müsavat partiyasının mitinqi daxili məsələlərin həllinə yönəlib” AÇIQLAMA

"Müsavat partiyası dekabrın 14-də keçirəcəyi aksiyada daxili ziddiyyətləri, parçalanmaları aradan qaldırmaq məqsədi güdür". Bu sözləri SİA-ya açıqlamasında "Vəhdət" partiyasının başqanı Tahir Kərimli bildirib.

Dekabrın 14-də Müsavat partiyasının keçirəcəyi mitinqə münasibətini bildirən Tahir Kərimli qeyd edib ki, artıq hər iki tərəf mitinqdə iştirak üçün dəvət olunub: "Aksiyada hər iki tərəfin iştirakını təmin etməklə müxalifət istəyir ki, son zamanlar baş verən parçalanmalara son verilsin. Ancaq güman etmirəm ki, keçiriləcək mitinq sonrası bu ziddiyətlərin qarşısı alınsın. Tam əminliklə deyə bilərəm ki, məhz bu mitinqin keçirilməsi daxili məsələlərin həllinə yönəlib. Müsavat partiyasının daha bir məqsədi isə Milli Şura və AXCP kimi siyasi arenadakı rəqiblərinə Müsavat partiyasının hələ də ayaqda olduğunu və mübarizə əzminin sınmadığını göstərməkdir. Qəti qənaətimə və müşahədələrimə əsasən deyə bilərəm ki, Müsavatda ziddiyyət mexanizmi o dərəcədə işə düşüb ki, keçiriləcək bu mitinqlə heç bir məsələ öz həllini tapa bilməyəcək".

Eltun Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə