Əli Həsənov: “Siyasi partiyalarla əlaqələri olan hakimiyyətlər güclü olur”
"Azərbaycanın hazırkı hakimiyyəti mövcud olduğu dövrdən daim dialoqa hazır olub və dialoq əhval ruhiyyəsi ilə fəaliyyət göstərib". SİA-nın xəbərinə görə, bu fikirləri Prezident Administrasiyasının (PA) İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün müxalifət partiyaları ilə keçirilən görüşdə səsləndirib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Azərbaycanı təkcə iqtisadi rifah, iqtisadi islahatlar, iqtisadi yüksəliş ilə təsəvvür etmirik, eyni zamanda ölkədə davamlı olaraq siyasi islahatlar getməlidir: "Bizim dövlətin idarəçilik sistemi təkmilləşdirilməlidir, siyasi sistemimiz təkmilləşdirilməlidir. Modernləşmə prosesi təkcə dövlətin iqtisadi sosial görüntü və digər sahələrdə dəyişməsi deyil, eyni zamanda siyasi cəhətdən dünyada təcrübədən keçmiş, özünü doğrultmuş siyasi islahatların tətbiq edilməsi və həyata keçirilməsindən ibarətdir".
PA rəsmisi bildirib ki, digər tərəfdən Azərbaycan cəmiyyətinin daxili idarəçiliyi mətbuat, söz və məlumat azadlığı olmadan, vətəndaş cəmiyyəti institutlarının iştirakı olmadan, siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür: "Ona görə də biz davamlı olaraq bir neçə dəfə mətbuatla, siyasi partiyalarla, bir neçə dəfə də qeyri-hökumət təşkilatları ilə görüşlər keçirmişik. Bu gün də keçirilən bu görüş məhz Azərbaycanın bir qrup müxalifət partiyalarının təşəbbüsü ilə reallaşdırılıb və düşünürəm ki, burada biz partiyaların istədiyi məsələ ətrafında fikir mübadiləsi aparacağıq, istədiyiniz fikirləri dinləyəcəyik, ümumiləşdirəcəyik və müvafiq olaraq mən Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi nəticələri müvafiq strukturlara, Prezident Administrasiyasına və Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdıracağam".
Ə.Həsənov xüsusi olaraq vurğulayıb ki, siyasi partiyalarla əlaqələri olan, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əlbir işləyən hakimiyyətlər güclü olur: "Bir ölkədə baş verən proseslərə yalnız bir nöqteyi nəzərdə yanaşanda əlbəttə opponentsizlik müəyyən qədər hakimiyyətin də zəif tərəfi olur. Ona görə də biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq siyasi opponentlərimiz ilə konstruktiv dialoqa həmişə açıq olmuşuq, bundan sonra da açıq olmağa davam edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB