"Şantaj Xədicə İsmayılın, Leyla Yunusun xislətindədir" MÜSAHİBƏ

Elşən Musayev: “Əli Kərimli və İsa Qəmbər də Xədicə və Leyla xislətindədirlər”
"Şantaj Xədicə İsmayılın, Leyla Yunusun xislətindədir" MÜSAHİBƏ

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin SİA-ya müsahibəsi

- Elşən müəllim, bəzi müxalifətyönlü QHT rəhbərləri Leyla Yunusun və Xadicə İsmayılın zaminə götürülməsini istəyirlər. Bu istək hüquqi cəhətdən nə dərəcədə mümkündür?
- Öncəliklə onu qeyd edim ki, üzərində cinayət təqibi olan şəxsin zaminə götürülmə prosesi qüvvədə olan cinayət qanunvericiliyinin müvafiq maddələri ilə tənzimlənir. Və orada zaminə götürməklə bağlı konkret nüanslar öz əksini tapıb. Amma QHT formatında deyil. Fiziki şəxs formatında! Bu məsələnin birinci tərəfi. Digər önəmli məsələ odur ki, lap tutaq qanun bəzi istisnalarla və ya dolayı uyğunlaşdırma keçidi ilə bu iddianı təmin etdi, o zaman mənə çox maraqlıdır, haqqında danışdığımız QHT-lər hansı meyarla öhdəlik daşıyacaqlar? Ya da belə deyək, dövlət, eyni zamanda hüquq-mühafizə orqanları qarşısındakı məsuliyyətin miqyası hansı formatda öz əksini tapacaq? Bu da ikinci tərəf. Və nəhayət, Leyla Yunus və Xədicə İsmayılın adı niyə bu qədər şişirdilir, kimdir onlar? Hər halda beynəlxalq qəyyumlar və sapı özümüzdən olan baltalar üçün bilmirəm kimdir, amma Azərbaycan qanunları üçün sıradan bir dustaqdır. Hər ikisi! Ayrıca, bu insanların hələ heç məhkəmə prosesi də olmayıb, üzərlərində məhkumluq belə yoxdur. Belə olan halda məqsədi bəlli qüvvələr niyə özlərinə bu qədər tez, hövlanək əl qatıblar? Bax, ən çox bunu anlamaq çətindir...

- Sizcə, yerli və xarici qüvvələrin Leyla Yunusun və Xadicə İsmayılı bu dərəcədə müdafiəsinə qalxmalarının kökündə istintaqa təzyiq istəyi dayanmırki?

- Bu istintaqa təsridən daha çox missiyadır. Onlar öz agentlərini, öz işçilərini, öz maaş verdikləri adamı qoruyurlar. Siz dediyiniz məsələ isə mövzunun ikinci başıdır. Yəni təbii ki, gedişatın kökündə istintaqa təsir də dayanır. Dolayı formada olsa da. Sadəcə söhbət ondan gedir ki, Azərbaycan dövlətinə və bu dövlətin məhkəmə hakimiyyətinə təzyiqlər ilk deyil. Ölkəmiz müstəqil olandan bəri eyni adlı təzyiqlərlə dəfələrlə üzləşib. Fəqət, bu təzyiqi edənlər hər zaman özləri deyib özləri də eşidiblər. Bilirsinizmi niyə? Çünki, israr edə bilmirlər, çünki boş-boş danışdıqlarının fərqindədirlər, çünki bu hakimiyyət, bu dövlət heç vaxt öz haqqını, öz müstəqilliyini kiməsə yedirtməz, kimsənin vassalı olmaz, hansısa dövlətin sözü və tövsiyyəsi ilə oturub durmaz.

- Xadicə İsmayılın ətrafında olanlar istintaqa ifadə verən şahidləri şantaj edir və müəyyən ittihamlar səsləndirirlər. Bunu həmin şahidləri sıradan çıxartmağa yönələn cəhd kimi qiymətləndirmək olar?
- Şantaj onların ruhudur, şantaj onların xislətindədir. Buna qətiyyən təəccüblənməyin. O ki qala şahidlərin sıradan çıxarılmasına....inanın, o qədər də güclü deyillər. Pafosları ən uzağı öz ağırlıqlarındadır. Çəki etibarilə. Və...əlbət ki, belə cəhdlərdə bulanacaqlar. Çünki, ən günahlı, zir-zibilin ən alt qatında qərarlaşan insanın da müdafiə instinktləri olur. Sadəcə məsələ burasındadır ki, belələri özlərini təmizə çıxarmaq istərkən bir az da daha batırırlar. Xədicə İsmayıl və onun dostları da bax həmin qəbildəndirlər.

- Demək olarmı Leyla Yunusun və Xadicə İsmayılın həbsini AXCP və Müsavat siyasiləşdirməyə cəhdlər göstərirlər. Bunun səbəbini nə izah etmək olar?

- Əgər AXCP və Müsavat Xədicə İsmayılla Leyla Yunusun ümidinə qalıbsa, qoy siyasiləşdirsinlər. Və bununla da açıqca göstərsinlər və desinlər ki, bizim taleyimiz iki ermənipərəst şoumenin taleyindən asılıdır. Qoy etiraf etsinlər ki, Əli Kərimli və İsa Qəmbər də Xədicə və Leyla xislətindədirlər. Düzdür, Müsavat bu kontekstdə bir az ehtiyatlı davranır. Amma Əli Kərimli ağına və bozuna baxmadan növbəti dəfə öz riyakar mövqeyini nümayiş etdirməkdədir. Həm də çox açıq formada. Necə deyərlər, öz boyuna və xarakterinə uyğun. Daha doğrusu, xaraktersizliyinə...

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə