AXCP-dən 250 nəfər istefa verib İDDİASI

Keçmiş cəbhəçi funksioner: “Əli Kərimli və onun ətrafı AXCP-ni dərin uçuruma doğru yuvarladır”
AXCP-dən 250 nəfər istefa verib İDDİASI

"Mən fikirlərimi əvvəllər də demişəm. Deyəndə də onların acığına gəlirdi. Bu gün də o fikirdəyəm ki, "Azadlıq" qəzeti siyasi qəzet deyil". SİA xəbər verir ki, bu fikirləri 52 nəfərlə birgə AXCP-dən istefa verərək, KXCP-yə transfer olunmaq üçün müraciət edən funksioner Kəmaləddin Rəhimov Əli Kərimlinin fəaliyyətindəki bir sıra məqamları şərh edərkən deyib.

Onun sözlərinə görə, əslində orada elə bir mühit yaranıb ki, kimlərsə onların fikirlərini dəstəkləmirsə, fərjal düşmən, xəyanətkar elan edilirlər: "Bunlar hesab edir ki, kimisə söymürsənsə, təhqir etmirsənsə, deməli, siyasətçi, ya tənqidçi deyilsən. Bununla şou yaratmaq istəyirlər".

Keçmiş AXCP üzvü onu da bildirib ki, "Azadlıq" qəzetində qiymətləndirdiyi jurnalistlər olmasına rəğmən, onlara yanlış kurs verilir və bu yanlışlığı bilavasitə Əli Kərimli edir: "Mənim orada tanıdığım, dəyər verdiyim jurnalist dostum var. Lakin "Azadlıq" qəzeti bu gün bir nəfərin diktəsi ilə nəşr olunur. Ona görə də bu qəzetin sərbəstliyi yoxdur. O da blavasitə Əli Kərimlidir."

O həmçinin deyib ki, istefa verənlərin irəli sürdükləri ittihamlar partiya rəhbərliyi tərəfindən cavablandırılmayıb: "Bu isə həmin ittihamların doğruluğu deməkdir. Bu baxımdan, Əli Kərimli və onun ətrafı AXCP-ni dərin uçuruma doğru yuvarladır. AXCP rəhbərliyi bu partiyanı böyük bir uçurumun dibinə aparır. Belə gedişlə onlar qayadan uçuruma doğru yuvarlanacaqlar".

Kəmaləddin Rəhimov daha bir məqamı xatıraladaq deyib ki, bugünə qədər onun debat çağırışlarına AXCP rəhbərliyi tərəfindən cavab verilməyib: "Mən bu gün də öz sözümün üzərində dayanmışam. Ya Əli Kərimlinin özü, ya partiyanın istənilən rəhbər şəxsi mənimlə debata çıxsın. Çünki bugünkü vəziyyəti AXCP rəhbərliyi yaradıb. Çıxsınlar mənimlə debata, mən də onlara kim olduqlarını deyim".

Qeyd edək ki, AXCP-nin Sumqayıt rayon şöbəsindən çıxanların sayı 52 nəfər göstərilir. Digər keçmiş AXCP üzvü, Müsavat Partiyasına üzv olan Şakir Abbasov isə partiyadan 250 nəfərin istefa verdiyini bəyan edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə