YAP-ın Qubadan olan namizədləri ilə nə müzakirə olundu?

YAP-ın Qubadan olan namizədləri ilə nə müzakirə olundu?

Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının Seçki Qərargahında partiya tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə YAP-ın səlahiyyətli nümayəndələri - YAP Nəzarət-Təftiş Komissiyasının üzvü, millət vəkili İlham Əliyev, "Səs" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edib.

İclası giriş sözü ilə açan YAP Quba rayon təşkilatının Seçki Qərargahının sədri Ədalət Nəbiyev bildirib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafı sürətlənib və bu inkişaf insanların rifah halının yüksəlməsinə təsirini göstərib: "Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs hər zaman vətəndaşların rifahının yaxşılaşmasına xidmət edib və bu gün də bu proses davam edir".

Rayon Seçki Qərargahının sədri çıxışında bu gün, nəinki Azərbaycanın, bütövlükdə, regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisinin, dəstəyinin dayandığını bildirib. Məhz bu dəstəyin nəticəsində partiya yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəlib. "Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən YAP-ın üzvləri də məhz bu siyasətin daha yüksək uğurlarla nəticələnməsinə çalışacaq", - deyən Ə.Nəbiyev seçicilərin hər zaman olduğu kimi bu dəfə də haqqa, ədalətə səs verəcəklərinə əminliyini bildirib, namizədlərə uğurlar arzulayıb.

Görüşdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, YAP Nəzarət-Təftiş Komissiyasının üzvü, millət vəkili İlham Əliyev YAP-ın hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürdüyünü bildirərək, "Rifah və quruculuq naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP-ın seçicilərin dəstəyi ilə qarşısına qoyduğu hədəflərə çatacağını vurğulayıb. Tədbirdə çıxış edən YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Arif Əşrəfov 23 dekabrda ölkəmizdə çox mühüm bir kampaniyanın keçiriləcəyini qeyd edərək 1999-cu ildən yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin vəzifələrindən danışıb. Qeyd edib ki, bu qurumun fəaliyyəti xalqa səmərəli xidmət göstərmək və yerli sosial məslələrin həllinə daha peşəkar yanaşmaqdan ibarətdir. O, hər bir namizədə uğurlar diləyib, öz işində məsuliyyətli olmağı tövsiyə edib.

YAP-ın səlahiyyətli nümayəndəsi, "Səs" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev görüşdə müstəqil Azərbaycan Respublikasının bütün meyarlar baxımından Cənubi Qafqazın lider dövləti olduğunu bildirərək Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu nailiyyətlərin əldə edildiyini bildirib. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin nüfuzunun daha da artığını bildirən B.Quliyev bu gün ölkəmizin dünyada söz sahibinə çevrilməsinin məhz bu reallıqlara söykəndiyini bildirib.

O, çıxışında sabit, əmin-amanlığın hökm sürdüyü bir ölkədə keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağına əmin olduğunu bildirib: "YAP bu günədək keçirilən bütün seçkilərdə qələbə qazanmağı bacarmış, ölkəmizin siyasi arenasında öz siyasi fəallığı ilə lider partiya olduğunu dəfələrlə sübut etmişdir. Bu gün Yeni Azərbaycan Partiyası öz qüdrəti və gücü ilə xalq-iqtidar vəhdətinin bariz nümunəsidir. Qarşıda isə bu möhtəşəm partiyanı daha böyük uğurlar gözləyir".

YAP-ın səlahiyyətli nümayəndəsi YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov son on il ərzində Azərbaycanın dünyada ən sürətli templə inkişaf etdiyini bildirib və əldə edilən uğurların xalqımızın sosial-rifah halının daha da yaxşılaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə tanıdılmasına istiqamətləndiyini diqqətə çəkib. Seçiciləri bu bələdiyyə seçkilərində də ölkəmizi daha böyük uğurlara, daha böyük zəfərlərə aprara biləcək Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıb.

YAP Quba rayon təşkilatı tərəfindən bələdiyyələrə namizədliyi irəli sürülmüş namizədlər çıxış edərək Yeni Azərbaycan Partiyası tərəfindən onlara böyük etimad göstərilərək, namizədliklərinin irəli sürüldüyünə görə təşəkkürlərini bildiriblər. Partiyanın proqramına əsasən "Rifah və quruculuq naminə" əhalinin güzəranının yüksəldilməsinə qayğı göstərəcəklərinə söz veriblər.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə