Şabranda YAP namizədləri ilə görüş qələbə əzmi ilə keçirildi

Şabranda YAP namizədləri ilə görüş qələbə əzmi ilə keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatı Seçki Qərargahı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya tərəfindən namizədlikləri irəli sürülmüş şəxslərlə seçicilərin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə millət vəkili Tahir Süleymanov, "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov açaraq qeyd edib ki, vətənini, xalqını sevən, ona ləyaqətlə xidmət edən hər bir Azərbaycan vətəndaşına məlumdur ki, son 10 ildə ölkəmizdə aparılan islahatlar, regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramlarının uğurlu icrası, genişmiqyaslı və çoxsaylı sosialyönümlü layihələrin tətbiqi, əhalinin rifahının yüksəldilməsi naminə atılan müsbət addımlar Azərbaycanı güclü və qüdrətli respublikaya çevirmişdir: "Son 10 ildə ölkəmizin bütün sahələrində olduğu kimi, dövlət idarəçilik, o cümlədən vətəndaşlarla dövlət arasında vasitə və körpü rolunu oynayan bələdiyyələrlə iş sahəsində mühüm islahatlar aparılmış, bu istiqamətdə özünü təsdiqləyən dünya təcrübəsində yeniliklərin tətbiqinə başlanmışdır".

M.Balabəyov, həmçinin qarşıdan gələn bələdiyyə seçkilərinin siyasi-hüquqi, sosial və mədəni əhəmiyyətindən danışaraq dedi ki, bu seçkilərdə qadınlara və gənclərə xüsusi önəm verilib: "İnanırıq ki, dekabrın 23-də Şabran seçiciləri ölkənin ən inanılmış siyasi qüvvəsi olan partiyamıza və onun irəli sürdüyü namizədlərə səs verəcəklər".

Təbirdə çıxış edən millət vəkili Tahir Süleymanov Azərbaycanın demokratik inkişaf yolunda irəliləyən aparıcı dövlətlər sırasında mühüm yer tutduğunu vurğulayıb: "Belə ki, ölkəmizdə istər demokratiya, istərsə də vətəndaş cəmiyyəti quruculuğu kifayət qədər inkişaf etmişdir. bələdiyyə seçkilərinin daha bir önəmi bu strukturun ölkənin inkişafına verdiyi töhfələrdir. Bu seçkidə də YAP-ın üstün qələbəsi hər bir kəsdə bu əminliyi, bu inamı yaratmaqdadır. Eyni zamanda seçicilərin partiyamıza etimadının davamlı olaraq artması faktı YAP Sədri, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin liderliyi ilə ölkəmizin sürətli inkişafından, insanların sosial-rifah halının yüksəlməsindən qaynaqlanır. İnanıram ki, Şabran rayonunda seçicilər bu dəfə də partiyamızın namizədlərinə səs verməklə qəsəbələrin, kəndlərin inkişafına səs vermiş olacaqlar".

Görüşdə "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev dekabrın 23-də keçiriləcək növbəti - dördüncü olan bələdiyyə seçkiləri, bələdiyyələrin funksiyaları barədə geniş məlumat verib. B.Quliyev bildirib ki, Azərbaycanda bələdiyyələrin tarixinin qısa - 15 illik olmasına baxmayaraq bu institutun yüksək səviyyədə inkişaf etdiyini və formalaşdığının söyləyib: "Yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərə YAP-ın "Rifah və quruculuq naminə" şüarı ilə qatılması növbəti qələbə faktorunu təsdiqləyir. Əlbəttə ki, bu seçkilərdə seçicilərin fəal olması da vacibdir. Çünki Yeni Azərbaycan Partiyası regionda ən böyük siyasi qüvvə olduğu kimi, seçicilər də bunu öz seçimləri ilə sübut edəcəklər. Ona görə də, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də fəal olmağa çağırıram".

Görüşdə digər çıxış edənlər də ölkəmizin daha da inkişafı, xalqımızın rifahı naminə həyata keçirilən böyük layihələrin aparıcı, təkanverici siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası olduğunu bildirdilər. Qeyd etdilər ki, YAP bu seçkilərdə də ictimaiyyət arasında hörmət sahibi, söz sahibi olan öz layiqli namizdədlərini irəli sürərək qələbə ruhunu, liderlik qətiyyətini bir daha nümayiş etdirib və seçkilərdə də partiyanın layiqli qələbəsinə inanırıq.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə