Vətən və el üçün xeyirxah işlər görmüş insanlar heç vaxt unudulmur, yaddaşlara, xatirələrə köçərək canlı tarixə çevrilirlər. Xatirəsi əziz tutulan belə unudulmaz şəxsiyyətlərdən biri də Azərbaycanda meşə mühafizəsi işinin görkəmli təşkilatçısı və dövlət xadimi Mehdi Həsən oğlu Mustafayev olmuşdur. Mehdi Həsən oğlu Mustafayev 1914-cü il sentyabr ayının15-də Qazax (indiki Ağstafa) rayonunun Tatlı kəndində ll Həsən ağanın ailəsində dünyaya gəlmişdir. Mehdi müəllimin tərcümeyi-halına nəzər salanda məlum olur ki, onun ulu babası Həsən bəy, babası isə Kərbəlayı Mustafa ağa olmuşdur. Kərbəlayı Mustafa ağanın törəmələri Mustafayev soyadını daşıyırlar. Sovet dövründə M.H.Mustafayevin atası ll Həsən ağanın bütün var-dövləti müsadirə olunmuşdur. Fiziki cəhətdən məhv edilməmək ücün Mehdi Mustafayev tərcümeyi-halında kəndli ailəsindən çıxdığını yazırdı. O,Tatlı kənd orta məktəbinin birinci pilləsini bitirdikdən sonra, 1929-cu ildə Gəncə şəhərinə gəlmiş və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun fəhlə fakültəsində təhsilini davam etdirmişdir.
Mehdi Mustafayev 1931-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik fakültəsinə daxil olmuş və 1935-ci ildə üzümçülük və şərabçılıq bölməsini bitirərək, üzümçülük və şərabçılıq üzrə aqronom ixtisasına yiyələnmişdir. İlk əmək fəaliyyətinə 1934-cü ildən başlayan Mehdi Həsənoğlu 1936-cı ilin iyun ayına qədər Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Üzümçülük və Şərabçılıq Zonal Təcrübə Stansiyasında kiçik elmi işçi, 1936-ci ilin iyun ayından 1937-ci ilin iyun ayına qədər Şamaxı rayon Torpaq Şöbəsində üzümçülük üzrə aqranom, 1937-ci ilin iyun ayından 1941-ci ilin yanvar ayına qədər Azərbaycan SSR Yeyinti Sənayesi Xalq Komissarlığı "Azsovxoztrest"-in keçmiş Səfərəliyev, hazırkı Samux rayonundakı 2 saylı Qarayeri sovxozunda üzümçü-aqranom, şöbə müdiri, 1941-ci ilin yanvar ayından 1942-ci ilin aprel ayına qədər isə həmin sovxozun direktoru vəzifələrində işləmişdir. O vaxtlar, daha dəqiq desək, müharibənin ən qızğın çağlarında üzümçülükdə vəziyyət ürəkaçan deyildi, məhsuldarlıq olduqca aşağı idi. Bu sahədə çalışanların çoxusunu qadınlar təşkil edirdi. Vəziyyətdə dönüş yaratmaq üçün Mehdi müəllim sözün əsl mənasında fədakarlıq göstərir. O tez-tez üzümçülük və şərabçılıq sahəsində zəngin təcrübəyə malik qonşu Gürcüstana gedir, qazandığı təcrübəni rəhbərlik etdiyi təsərrüfatda tətbiq edirdi. Çox keçmir ki, onun zəhməti öz bəhrəsini verir. Üzüm plantasiyalarının məhsuldarlığı 2,8 dəfə artaraq 60 sentnerə çatır. O dövr üçün bu çox yüksək göstərici idi. Əldə olunan nailiyyətlər respublikanın o vaxtkı rəhbərlərinin diqqətindən yayınmır. Bir gün Azərbaycan K(b)P Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov gözlənilmədən 2 nömrəli sovxoza baş çəkir və cavan bir oğlanın qadınlarla bərabər üzüm cərgələrinin aralarını bellədiyini görür. Onun kimliyi ilə maraqlanır, işçilər böyük istək və hörmətlə "bizim direktordur" deyirlər. Bu, Mircəfər Bağırovun çox xoşuna gəlir və elə o vaxtdan da gənc Mehdi Mustafayevi yadında saxlayır.
Məhz M.C.Bağırovun qayğısı və nəzarəti ilə 1942-ci ildən başlanğıc götürən Mehdi Mustafayevin əmək fəaliyyətində ikinci mərhələ -- siyasi və partiya işləri ilə əlaqəli olan dövr başlayır. İkinci Dünya müharibəsi dövründə Azərbaycan dövlətinin göndərişi ilə 29 sentiyabr 1941-ci ildən 25 dekabr 1941-ci il tarixədək xüsusi tapşırıqla İran respublikasının Rəşdi və Pəhləvi şəhərlərində ezamiyyətdə olmuşdur. O, 1942-1943-cü illər ərzində Azərbayacan SSR Yeyinti Sənayesi Xalq Komissarlığı Siyasi Sektorunun rəis müavini, 1943-1947-cı ıllərdə Azərbaycan K(b)P Mərkəzi Komitəsi Yeyinti Sənayesi və Kənd Təsərrüfatı Şöbəsinin müdir müavini vəzifələrində işləmişdir. Yenə də Azərbaycan K(b)P Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun təklifi ilə Mehdi Mustafayev 1947-ci ilin mart ayında, 32 yaşında Tovuz rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir. Bu vəzifədə o,1948-ci ilin oktyabr ayına qədər işləyir.Partiya və siyasi sahədə Mehdi Mustafayevin yeni bir keyfiyyəti-- təşkilatçlıq və qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində insanları səfərbər etmək bacarığı tam dolğunluğu ilə üzə çıxır.
Tovuz rayonunda partiya komitəsinin birinci katibi vəzifəsındə işə başlayarkən rayon əsasən pambıqçılıq, üzümçülük və hevandarlıqla məşğul olurdu. Amma rayonda durum çox ağır olaraq qalırdı. Planlar yerinə yetirilmirdi, camaatın dolanışığı isə ürək açan deyildi. Pambıqçılıq təsərrüfatında acınacaqlı vəziyyət yaranmışdı. Çox gərgin zəhmət hesabına, necə deyərlər, gecəsini gündüzünə qatmaqla Mehdi Mustafayev qısa müddətdə bu sahədə rayonda dönüş yarada bildi. 1947-ci ildə Tovuz rayonunda dövlət planları artıqlaması ilə yerinə yetirildi. Pambıqçılıqda çox yüksək uğurlar qazanıldı. Rayon üzrə hər hektardan 27 sentnerdən çox pambıq, nəzərdə tutulduğundan çox üzüm yığıldı. Heyvandarlıq sürətlə inkişaf etməyə başladı. Qocaman partiya işçisi İsmayıl Əsgərov öz xatirələrinin birində o illəri yadına salaraq qeyd edir ki, Mehdi Mustafayevin rəhbərliyi ilə Tovuz rayonunda əldə edilmiş nailiyyətlər Mircəfər Bağırovu hədsiz dərəcədə sevindirir. 1947-ci ilin dövlət planlarını, xüsusən üzümçülük və pambıqçılıq sahələrində götürülmüş öhdəlikləri artıqlaması ilə yerinə yetirilməsini təmin etdiyinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 10 mart tarixli Fərmanı ilə Oraq-çəkic Qızıl medalı və Lenin ordeni təqdim edilməklə Mehdi Həsən oğlu Mustafayevə Sosialist Əməyi Qəhrəmanı adı verilir.
O vaxta qədər hələ heç bir raykom katibi belə yüksək ada layiq görülməmişdi. Mehdi Mustafayevlə yanaşı, həmin ildə Tovuz rayonunda daha üç nəfərə Sosialist Əməyi Qəhrəmanı adı, altı nəfərə isə Lenin ordeni verilir.
26 oktyabr 1948-ci il tarixdən Mehdi Mustafayevin əmək fəaliyyətində üçüncü mərhələ - bilavasitə meşə təsərrüfatı ilə bağlı mərhələ başlayır. Müharibədən yenicə çıxmış respublikamızda, digər sahələr kimi, meşə təsərrüfatında da çox ağır vəziyyət yaranmışdı. Bölgələrdə, xüsusən də dağ rayonlarında təbii qazın və digər yanacaq növlərinin kifayət qədər olmaması meşələrimizdə gərgin vəziyyət yaratmışdı. Dağ rayonlarında digər fəsadlarla yanaşı, torpaq eroziyasının artması, bütövlükdə ölkəmizdə səhralaşma, torpaqların şoranlaşması və digər neqativ proseslərin daha da güclənməsi təhlükəsi yaranırdı. Vəziyyətin ağır olduğunu nəzərə alan Mircəfər Bağırov Mehdi Mustafayevi 26 oktyabr 1948-ci il tarixdə Azərbaycan SSR-in meşə təsərrüfatı naziri vəzifəsinə təyin edir. Bu vəzifədə O, 1 may 1953-cü ilədək işləyir. Sonralar, struktur dəyişiklikləri ilə əlaqədar olaraq, Mehdi Mustafayev respublikamızda yaradılan müxtəlif mərkəzi idaretmə orqanlarında rəhbər vəzifələrə təyin edilmiş və bu işlər də əksər hallarda meşə təsərrüfatı ilə bağlı olmuşdur. Mehdi Mustafayev həm də 1958-ci ildə işdən ayrılmadan Moskva Ali Partiya Məktəbində qiyabi oxumuşdur. O, 16 dekabr 1959-cu il tarixdən Azərbaycan SSR Nazirlər Soveti yanında Meşə Təsərrüfatı Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə 27 iyun 1966-cı ilədək işləmişdir. Həmin tarixdən ömrünün sonuna kimi, 5 oktyabr 1979-cu ilədək Azərbaycan SSR Meşə Təsərrüfatı Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Mehdi Həsən oğlu Mustafayev 65 yaşında vəfat etmiş və Bakı şəhərində ikinci Fəxri Xiyabanda dəfn edilmişdir. Allah ona qəni-qəni rəhmət eləsin!
Beləliklə, Mehdi Mustafayev mənalı həyatının düz 31 ilini respublikamızda meşə təsərrüfatının inkişafına həsr etmişdir. Bu illəri, sözün əsl mənasında, meşə təsərrüfatında qururculuq və inkişaf illəri də adlandırmaq olar. Yaranmış ağır vəziyyətdən çıxış yolunu 34 yaşlı gənc nazir ilk növbədə kadr hazırlığında görürüdü. Meşə təsərrüfatı iqtisadiyyatın çox spesifik sahələrindən olduğunu nəzərə alaraq orta və ali pillələrdə kadr hazırlamaq üçün Gəncədə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda meşəçilik fakültəsinin açılmasına və Bakı şəhərində meşəçilik texnikumunun fəaliyyət göstərməsinə nail olur. Paralel olaraq qonşu Gürcüstanda ali təhsilli meşəçi kadrların hazırlanmasını da təşkil edir. Azərbaycanda ixtisas fənləri üzrə müəllimlərin çatışmazlığını nəzərə alaraq Mehdi Mustafayev qonşu Gürcüstandan və Rusiyadan ixtisaslı kadrları Gəncəyə, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda açılmış meşəçilik fakültəsində dərs deməyə cəlb edir. Demək olar ki, respublikamızda meşə təsərrüfatının inkişafı başda Mehdi Mustafayevin özü olmaqla onun min bir əziyyətlə yetişdirdiyi kadrlarların hesabına həyata keçirilmişdir. Kadr hazırlığı ilə yanaşı, kadrların potensial imkanlarından düzgün istifadə edərək, onların yerləşdirilməsi, qarşılarına qoyulan vəzifələrin yaranmış konkret real vəziyyətə uyğun olaraq müəyyənləşdirilməsi məsələləri də Mehdi Mustafayev tərəfindən çox ustalıqla həll olundu. Onun rayon meşə təsərrüfatlarına təyin etdiyi kadrlar sözün əsl mənasında xarüqələr yaratdılar. Onların bir çoxları sonradan respublikanın Əməkdar meşəçisi fəxri adına layiq görüldülər, Ümumittifaq və respublika səviyyəli orden və medallarla təltif olundular, digər mükafatlar aldılar. Bu isə Mehdi Mustafayevin uzaqgörənliyinin və insanları yaxından tanımaq qabiliyyətinin bir daha təsdiqi idi. Tovuzda Həmid Quliyev, Lənkəranda Teyyub Axundov, Şəkidə Rəsul Salamov, Yalamada Nazim Seyidov, Ağstafada Əmir Əfəndiyev, Gəncədə Firuddin Qurbanəliyev, Qaxda Mustafa Hacıyev, Şamaxıda Mustafa Məmmədov, Dəvəçidə Sərdar Sultanov, Beyləqanda Cahangir Zeynalov, İsmayıllıda Bəhram Tanrıverdiyev, Qəbələdə Məmməd Məmmədov və adları qeyd olunamayan, Mehdi Mustafayev tərəfindən yetişdirilən və meşə təsərrüfatlarının rəhbərliyinə və məsul vəzifələrinə təyin olunmuş yüzlərlə kadr çox böyük işlər gördülər. Onların əməyi və Mehdi Mustafayevin düzgün rəhbərliyi sayəsində meşə təsərrüfatı sahəsi respublikamızda aparıcı sahəyə çevrildi, Ümumittifaq meşə təsərrüfatı sistemində və respublikamızın iqtisadiyatında özünün layiqli yerini tutdu. Bu nailiyyətləri əldə edənə qədər Mehdi Mustafayev çox gərgin işləməli, necə deyərlər, yuxusuz gecələr keçirməli oldu. İlk növbədə rayonların iqlim, torpaq və digər təbii faktorlarına uyğun olaraq meşə təsərrüfatının inkişaf etdirilməsinə dair proqramlar işlənilib təsdiq edilməli idi. Mehdi müəllim bu işi ayrıca meşə təsərrüfatı üçün deyil, respublikamızın inkişafı proqramının tərkib hissəsi kimi həyata keçirirdi. Məsələn, respublikamızda yaşayış məntəqələrinin qazlaşdırılması proqramı hökümət tərəfindən müzakirə edilərkən Mehdi müəllim ona nail oldu ki, ilk növbədə dağ rayonlarına qaz çəkilməsi bu proqrama daxil edildi. Burada da məqsəd o idi ki, dağ rayonlarında qaz olmayanda meşələrə istər-istəməz təzyiqlər artırdı. Xüsusən dağ rayonlarında uşaq baxçalarının, xəstəxanaların, məktəblərin və digər obyektlərin soba yanacağından daş kömürə və digər yanacaq növlərinə keçirilməsi üçün prinsipial və ardıcıl olaraq bu məsələləri həm keçmiş SSRİ Dövlət Meşə Təsərrüfatı Komitəsi qarşısında, həm də Azərbaycanın hakimiyyət orqanları qarşısında qaldırırdı.
Bu məsələləri qaldırarkən Mehdi müəllim həmişə elmi dəlillərə söykənərək öz təkliflərini əsaslandırırdı. Məsələn, Azərbaycanın azmeşəli respublikalar sırasında olmasını əsas tutaraq o, meşədən istifadə məsələlərində daha yumşaq rejimin tətbiqini tələb edirdi. Başqa sözlə, Mehdi Mustafayev Azərbaycanda meşə qırmalarının miqdarını azaltmağı, əvəzində isə meşələri çox olan respublikalardan, tələbata uyğun olaraq, oduncaq gətirilməsini ön plana çəkirdi. Lakın təkcə tələb etməklə məsələni həll etmək mümkün deyildi. Belə ki, meşəsi az olan respublika tək Azərbaycan deyildi. Məsələn, həmin dövrdə Azərbaycanda meşə ilə örtülü sahə 10.5 faiz təşkil edirdisə, Özbəkistanda bu rəqəm 5.3 faiz, Qazaxstanda 3.3 faiz, Qırğızıstanda 3.5 faiz , Tacikistanda 3.6 faiz, Türkmənistanda 7.9 faiz, Moldovada 8 faiz, Ermənistanda 9.9 faiz və s. təşkil edirdi (Bax: Q.İ. Vorobyov "Ekonomika lesnoqo xozyastva SSSR" səh.94). Ölkələrin hamısı da mərkəzə eyni xahişlə müraciət edirdi. Belə olan halda elmi cəhətdən elə bir əsaslandırılmış dəlil gətirilməli idi ki, heç kim bu arqumenti inkar edə bilməsin. Belə bir arqumenti Mehdi Mustafayev zəkası tapa bildi. O, Azərbaycan meşələrinin bütövlükdə ən yüksək əhəmiyyətlilık dərəcəsi olan birinci qrupa daxil edilməsinə nail oldu. Yeri gəlmişkən, Azərbaycan keçmiş Sovetlər Birliyində yeganə respublika idi ki, onun ərazisində olan bütün meşələr birinci qrupa aid edilmişdir. Birinci qrupa daxil olan meşələr müxtəlif qoruyucu xassələrə malik olan:
─ torpaqqoruyucu, suqoruyucu, sutənzimləyici, sahilqoruyucu, kurort, şəhər və yaşayış məntəqələrinin ətrafında salınmış yaşıl zonaya aid edilən, tarlaqoruyucu və s. meşələrdir.
Birinci qrup meşələrin bazasında yaradılan təsərrüfatın əsas vəzifəsi meşələrin faydalı və xüsusi əhəmiyyətə malik olan funksialarının saxlanılmasından və gücləndirilməsindən ibarətdir. Bu meşələrdə oduncaqdan istifadə məsələlərinə məhdudiyyət qoyulur. Birinci qrup meşələrdə yalnız meşəbərpa qırıntıları həyata keçirilir ki, burada da məqsəd yaşı ötmüş, qarımış ağacların cavanlaşdırılmasıdır. Bu meşələrdə həmçinin meşələrin qoruyucu funksiyalarına xələl gətirə bilən əlavə istifadə növlərinə də məhdudiyyət, yaxud qadağa qoyula bilər.
Beləliklə, Mehdi Mustafayevin Azərbaycan meşələrinin birinci qrupa salınmasına nail olması ilə iki istiqamətdə perspektiv açılırdı. Birinci, Azərbaycan meşələrində oduncaq tədarükünə məhdudiyyətlərin qoyulması və respublikanın oduncağa olan təlabatının əsasən keçmiş sovet məkanında meşələri çox olan respublikaların hesabına ödənilməsi, ikinci, bütövlükdə birinci qrupa aid edilən respublika meşələrinin qoruyucu funksiyalarını daha da gücləndirmək üçün genişmiqyaslı qoruyucu meşəyetişdirmə işlərinin həyata keçirilməsi üçün həm maddi, həm də maliyyə resurslarının əldə olunması.
Mehdi Mustafayevin həyata keçirdiyi düşünülmüş tədbirlər nəticəsində həm birinci, həm də ikinci istiqamətlər üzrə çox böyük nəticələr əldə edilmişdir. Sonrakı illərdə isə baş istifadə qırmalarına aid edilən meşəbərpa qırıntıları da dayandırılaraq, yalnız xidməti qırmalar aparılırdı. Bu meşə təsərrüfatı tədbirlərinin aparılmasında əsas məqsəd elə meşələrimizin inkişafı və qoruyucu funksiyalarının daha da yüksəldilməsi olmuşdur. Paralel olaraq qoruyucu meşə əkini tədbirlərinin genişləndirilməsi üçün sanballı tədbirlər görüldü. Mehdi Mustafayevin uzaqgörənliyi və zəkası hesabına ilk növbədə nazirliyin aparatında yeni qurum-- Tarlaqoruyucu Meşəyetişdirmə İdarəsi yaradıldı. Buraya çox təcrübəli mütəxəssislər cəlb olundu. Mehdi Mustafayev bu tədbirləri də həyata keçirərkən tək dar çərçivədə meşə təsərrüfatının sahə maraqlarını deyil, bütövlükdə respublikamızın maraqlarını və mənafeyini ön plana çəkirdi. Məsələn, elmə məlum idi ki, kənd təsərrüfatında tarlaqoruyucu meşə zolaqları ilə əhatə olunmuş əkin sahələrində məhsuldarlıq 30 faiz artıq olur. Ona görə də tarlaqoruyucu meşə zolaqlarını dövlət büdcəsinin vəsaitləri hesabına deyil, kolxoz və sovxozlarla müqavilə bağlayaraq onların vəsaiti hesabına aparılırdı. Nazirliyin aparatında yaradılmış Tarlaqoruyucu Meşəyetişdirmə İdarəsi də büdcə vəsaiti hesabına deyil, tam təsərrüfat və özünümaliyyələşdirmə hesbına saxlanılırdı. Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci ildə "Su və külək eroziyası ilə mübarizə tədbirlərini daha da gücləndirmək haqqında" qəbul etdikləri qərardan sonra Mehdi Mustafayevin rəhbərliyi ilə respublikada qoruyucu meşə əkini tədbirləri daha da intensivləşdirildi. Meşə təsərrüfatı sistemində yaradılmış Tarlaqoruyucu Meşəyetişdirmə İdarəsinə uzun müddət rəhbərlik etmiş Azərbaycanın Əməkdar meşəçisi Hüseyn Bədəlov xatırlayır kı, 1968-1979-cu illər ərzində Mehdi Mustafayevin rəhbərliyi ilə kənd təsərrüfatında istifadə üçün yararsız olan dərə, yarğan və digər eroziyaya məruz qalmış kolxoz, sovxoz və digər torpaqlarda, yüksək dağ yamaclarında 80 min hektardan çox ərazidə qoruyucu meşə əkinləri salınmışdır. Bu müddət ərzində 15 min hektardan çox kolxoz və sovxoz torpaqlarında tarlaqoruyucu meşə zolaqları salınıb torpaq sahiblərinin istismarına verilmişdir. Mehdi Mustafayevin rəhbərlik etdiyi dövrdə dövlət meşə fondu torpaqlarında, habelə dərə, yarğan və kənd təsərrüfatının istifadəsi üçün yararsız olan digər torpaqlarda hər il 10 min hektardan çox ərazidə mədəni və qoruyucu meşə əkinləri salınır və digər meşəbərpa tədbirləri həyata kecirilirdi ki, bunun da 3500 hektardan çoxu əkin və səpin üsulu ilə yaradılan yeni meşəliklərin payına düşürdü. Bu tədbirlər həyata keçirilərkən elm və texnikanın ən son nailiyyətlərindən istifadə olunurdu. Belə ki, yüksək dağ yamaclarında terras üsulu ilə qoruyucu meşə əkinləri salınarkən ən müasir texnologiyadan istifadə olunmaqla T-130, S-100 və digər güclü terrasyorlardan geniş istifadə olunurdu, nəticədə ən ağır meşəbitmə şəraitində belə yüksək bitiş faizləri əldə olunurdu. Ağır zəhmət hesabına salınmış bu meşə əkinləri Tovuzda, Dəvəçidə, Şamaxıda və digər rayonlarda dağ yamaclarının kasıb landşaftını kökündən dəyişmiş, ekoloji mühiti sağlamlaşdırmaqla yanaşı, eroziya proseslərinin və torpaq sürüşmələrinin qarşısının alınmasında həlledici rol oynamışdır. Bununla yanaşı, bu əkinlər həm də gözəl rekreasiya mühiti yaratmış və əhalinin ən istəkli istirahət yerlərindən birinə çevrilmişdir. Mehdi Mustafayevin gördüyü ən qiymətli işlərdən biri də Bakı şəhərinin və Abşeron yarımadasının yaşıllaşdırılması ilə əlaqəli işlər olmuşdur. Bakı şəhərində və Sumqayıtda ekoloji durumun gərgin olduğunu nəzərə alaraq o, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin respublikaya rəhbərlik etməyə başladığı ildən etibarən iqtisadiyyatın bütün sahələrinə sürətli inkişaf tempinin verildiyindən istifadə edərək, bu tempi meşə təsərrüfatı sahəsi üzrə qəbul etmiş və tək sahə maraqları üçün deyil, ümumən respublikamız üçün son dərəcə əhəmiyyətli olan bir sıra qiymətli tədbirlər görmüşdür.
Mehdi Mustafayevin təşəbbüsü ilə 1969-cu ildə o vaxtkı Kənd Təsərrüfatı Nazirliyinin və Meşə Təsərrüfatı Komitəsinin sifarişi ilə keçmiş SSRİ Dövlət Meşə Təsərrüfatı Komitiəsının Layihə İnstitutu tərəfindən Apşeron yarımadasında axtarış işləri aparılaraq 30 min hektara yaxın sahədə istifadə edilməyən torpaq müəyyən edilmiş və orada qoruyucu meşə əkinləri salınmasını nəzərdə tutan sxem hazırlanmışdır. Sxemin əsas müddəaları 1970-ci ilin may ayında Azərbaycan Respublikası Elmlər Akademiyası Rəyasət Heyətinin, Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Meşə Təsərrüfatı Komitəsinin kollegiyalarının birgə iclasında, bu işdə marağı olan bütün nazirlik, komitə və təşkilatların, elmi-tətqiqat və layihə-axtarış institutlarının nümayəndələrinin iştirakı ilə baxılmış və müvafiq qərar qəbul olunmuşdur. Bu sxem Bakı şəhərinin 2000-ci ilədək inkişafının Baş Planının texniki-iqtisadi əsaslarının hazırlanmasında istifadə olunmuşdur. Bu nəhəng işdən sonra Mehdi Mustafayev seçilmiş torpaqlarda yaşıllıqlar salıb Abşeronu laləzarlığa çevirmək üçün həmin ərazilərin suvarılması problemi üzərində də çox çalışdı. Yenə də Mehdi müəllimin zəkası elə bir layihə üzərində qərar tutdu ki, burada tək sahə maraqları deyil, ümumən respublikamızın maraqları ön plana çəkilirdi. O, təklif etdi ki, Bakının çirkab sularını Hövsan qəsəbəsindəki təmizləyici qurğularda bioloji təmizləyib, təmizlənmiş suları güclü nasoslar vasitəsiilə Qobustanın ən yüksək nöqtəsinə verib və buradan da öz axarı ilə salınacaq yaşıllıqların suvarılmasında istifadə edilsin. Beləliklə , Mehdi müəllim bu layihənin həyata keçirilməsi ilə tək yaşıllıqların suvarılmasına deyil, ümumən Xəzər dənizinin ekologiyasının da kökündən yaxşılaşdırılmasına nail olmuş olurdu. Lakın amansız ölüm ona bu layihəni həyata keçirməyə imkan vermədi.
Respublika meşə təsərrüfatı sistemində qanunvericilik və normativ-hüquqi bazanın yaradılması və meşə təsərrüfatının inkişafına dair əsas tarixi qərarların qəbul olunması da məhz Mehdi müəllimin adı ilə bağlı olmuşdur.Təkcə Abşeronla əlaqəli Mehdi Mustafayevin təşəbbüsü və təqdimatı ilə ulu öndərimiz Heydər Əliyevin Bakı şəhərinin və Abşeron yarımadasının yaşıllaşdırılmasına dair Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin iki qərarını vermişdir (1971 və 1975-ci illərdə).
10 fevral 1973-cü ildə Azərbaycan Respublika Təbiəti Mühafizə Cəmiyyətinin sədri, akademik Həsən Əliyevin sədrliyi ilə keçirlən "dəyirmi stolun " ətrafında əyləşənlərin hamsını bir məsələ düşündürür. O da yanvar 1973-cü ildə Sov. İKP MK-nın, SSRİ Nazirlər Sovetinin mətbuatda dərc olunmuş "Təbiətin Mühafizəsini gücləndirmək və təbii ehtiyyatlardan istifadə edilməsini yaxşılaşdırmaq haqqında " qərarının həyata keçirilməsindən ibarətdir.
Mehdi Mustafayev meşə təsərrüfatının təşkilatçısı və dövlət xadimi kimi bu tədbirdə öz sözünü çəkinmədən belə demişdir:
Su məsələsindən danışanda haqlı olaraq yoldaşlar meşəyə də toxundular. Çünki meşələrin mövcudluğu həm də su ehtiyyatı deməkdir. Respublikamızda doqquz milyard kubmetr suyu tənzim edən meşələrmizdir. Meşələrmiz, necə deyərlər, bütün təsərrüfatların taçıdır. Bu günlərdə komitəmizin Meşə Sənayesi Nazirliyi Nazirliyi ilə birgə yığıncağı oldu. Ağac emalına görə Meşə Sənayesi Nazirliyi bizə beş yüz min manat pul verirsə, ildə onlardan xeyli cərmə alırıq. Demək əhalidən başqa, nazirlik də mövcud qayda-qanunların pozulmasına yol verir. Meşələrimizi qoruyub saxlamaq üçün təbiətin insan həyatındakı rolunu, əhmiyyətini xalq arasında geniş yaymaq lazımdır. Biz bu işi görə bilsək, əhali təbiətin, xüsusi ilə meşələrin nə demək olduğunu yaxşıca dərk edər və adi bir çubuğun kəsilməsinə heyfsilənər. Bu, hec də o demək deyil ki, biz meşələrdən istifadə etməməliyik. Təsadüfü deyil ki, xalq arasında deyərlər: " "Balta dəyməyən ağacdan ağac olmaz" Meşələrdə ara-sıra profilaktika aparmaq gərəkdir.
Xalq təsərrüfatının təlabatına uyğun səmərəli şəkildə meşə sərvətlərindən istifadə edilməlidir. Xalq balta deyib, bomba yox, Balakən rayonunda bəzi yoldaşlar ağacları qırmaq işinin daha "mütərəqqi" üsulunu tapıblar. Onlar özlərinə əziyyət verib, balta da götürmək istəmirlər. Ağacların kötüyü altına partlayıcı qoyur, onları partladır, hazır odun kimi yığışdırıb aparırlar. Bu partlayışdan heyvanlar belə ürküb, o yerləri tərk edir. Təbiətin qorunmasında konkret tədbirlərdən biri də kəndlərə qaz cəkmək işidir. Məsələn, Kür sahilində yerləşən Qarayazı meşəsi heyvanat və bitki aləminin zənginliyinə görə nadir meşələrdən sayılır. Lakin bu meşə gözlərimiz önündə məhv olur. Qarayazı ətrafında on beşə qədər kənd və qəsəbə yerləşir. Həmin kənd və qəsəbələri yanacaqla təmin edən Qarayazı odunudur. Bu kəndləri qaz ilə təmin etmək, həm də Qarayazını qoruyub saxlamaq deməkdir. Bir də yoldaşlar doğru qeyd etdilər ki, mal-qaranı meşələrə buraxmamalıyıq.
Həsən müəllimin dediyi kimi,boz səhralarda suni suvarmanı geniş tətbiq etsək, meşə sahələri mal-qaranın tapdığına çevrilməz. Təbiətə ana münasibətini kütlələr arasında yaymaq işində rayon qəzetləri böyük rol oynamalıdır. Məktəblərdə təbiət fənlərinin tədrisini imkan dairəsində artırmaq lazımdır .Adamlarda təbiətə qarşı məhəbbəti uşaqlıqdan aşılamaq duzgun olardı.
Xudu müəllim doğru xatırlatdı ki, təbiətin öz ahəngi var və o, bununla da yaşamalıdır. Ahəng pozulsa, onun yaşamaq tərzi də pozulur, ömrü azalır. Dağ meşələrinə yol çəkmək də bu ahəngin əlehinə getmək deməkdir. Zaqatala dağlarında çəkilən kəşfiyyat yolları meşəni acınacaqlı vəziyyətə salıb. Zaqatala zonasında eroziyanın çoxluğu, bir də elə bununla bağlıdır. Yaxşı olar ki, belə yerlərdə kanat yollarından istifadə edilsin.
Göstərdiyimiz nöqsanları aradan qaldırmaq üçün, biz meşəçilər perspektiv plan hazırlamışıq. Təklif edirik ki, Kür-Araz ovalıqlarındakı az məhsuldar düzləri bağlara, meşələrə çevirmək.Yoxlama zamanı məlum olmuşdur ki, respublikamızın ərazilərində bir milyon 800 min hektar bozqırlar var. Bu bozqırların yaşıllığa çevirmək çətin iş deyil. Birdə ki, Azərbaycan şəraitində mal-qara mütərəqqi üsulla yemlənərsə, meşə torpaqları tapdanmaz.
Sədr: ─ Mal-qaranın meşələrdə otarılması qəti qadağan edilməsə yeni meşə zolaqları salmağın hec bir əhəmiyyəti yoxdur.
Bəli Mehdi müəllimin bu cıxışı, tədbir iştirakçıları tərəfindən bəyənilmiş və alqışlarla qarşılanmışdır.
(Mehdi Mustafayevin bu çıxışı 10 fevral 1973-cü il №7. (1717) "ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT" qəzetindən götürülmüşdür.)
Mehdi müəllimin ən böyük xidmətlərindən biri də 1978-ci ilin dekabr ayında qüvvəyə minmiş "Azərbaycan SSR-in Meşə Məcəlləsi’’ olmuşdur. Məcəllədə meşələrimizin çoxcəhətli əhəmiyyəti və onun yetişdirilməsinin uzunmüddətliliyi nəzərə alınmış, meşə sərvətlərinin səmərəli istifadəsi, onların qorunub mühafizə edilməsi və digər meşə təsərrüfatı tədbirləri və onların hüquqi tənzimlənməsinə dair bütün məsələlər öz əksini tapmışdır. Bu gün istifadə olunan meşə əkinlərinin rayonlaşdırılmasına dair tövsiyələr də Mehdi müəllimin bilavasitə rəhbərliyi, zəkası və iştirakı ilə hazırlanıb təsdiq edilmişdir. Mehdi müəllimin rəhbərliyi və iştirakı ilə hazırlanmış qərarlar, normativ-hüquqi sənədlər kağız üzərində qalmırdı. Onların icrasına şəxsən özü nəzarət edirdi. Bu sənədlərin icrası ilə əlaqəli çox mühüm işlər görüldü. Bakı və Sumqayıt şəhərlərinin ekoloji tarazlığını, habelə Ceyranbatan su anbarının mühafizəsini təmin etmək üçün Ceyranbatan gölü ətrafında 1000 hektardan çox ərazidə yaşıl mühafizə zolağı yaradılmışdır. Qoruyucu zolaqlar salınarkən Xırdalan Meşə Meliorasiya Stansiyasının xidməti sahəsində üzən nasos stansiyası, digər nəhəng hidrotexniki qurğular yaradıldı. Bu qoruyucu meşə zolağı bu gün də Ceyranbatan su anbarının mühafizəsini təmin etməklə yanaşı, Bakı-Sumqayıt yolu boyunca landşafta xüsusi gözəllik verir və əbəs yerə Bakı və Sumqayıtın yaşıl ciyəri adlandırılmır. Həmin qoruyucu meşə zolaqlarının əhəmiyyəti o qədər böyük olmuşdur ki, sonradan respublikanın idarəetmə strukturunda dəyişiklik edilərkən zolaqlar Meliorasiya və Su Təsərrüfatı Komitəsinin, hazırda isə Fövqəladə Hallar Nazirliyinin tabeçiliyinə verilmişdir. Mehdi müəllimin vaxtında Bakı şəhərinin və Abşeron yarımadasının yaşıllaşdırılmasına dair qəbul olunmuş qərarların icrasını təmin etmək məqsədilə Zuğulba qəsəbəsində meşə-park salındı və Badamdar yaylasının yamaclarının yaşıllaşdırılması sahəsində də əhəmiyyətli işlər görüldü. Aran rayonlarında torpaqların şoranlaşmasının və təkrar duzlaşmasının qarşısını almaq, bu sahədə lazımi tədbirlər görmək üçün Mehdi müəllim Ağcabədidə, Salyanda, Abşeronda xüsusi meşə meliorativ stansiyalar yaratdı və onların vasitəsilə həmin stansiyaların xidməti ərazilərində geniş meşə meliorativ tədbirləri həyata keçirtdi. Mehdi müəllim meşə təsərrüfatı tədbirlərini həyata keçirərkən işə kompleks yanaşmanı əsas meyar kimi qəbul edirdi. Məsələn, kənd təsərrüfatının istifadəsi üçün yararsız olan dərə, yarğan və digər əlverişsiz torpaqlarda qoruyucu meşə əkini saldırarkən çox vaxt qozmeyvəlilərdən və digər meyvə cinslərindən istifadə etdirirdi. Burada həm eroziyanın qarşısının alınmasına nail olunurdu, həm də meşə təsərrüfatının gəlirliliyi artırılmış olurdu. Bu yolla təkcə böyük Qafqazda yerləşən meşə təsərrüfatlarının xidməti ərazilərində Mehdi müəllimin rəhbərliyi ilə 16 min hektardan çox sahədə qozmeyvəlilərdən ibarət meşə-bağ və bağ tipli qoruyucu meşə əkinləri salınmışdır. Bu sahədə Şəki meşə təsərrüfatında əldə olunmuş təcrübə o qədər yüksək idi ki, keçmiş SSRİ Dövlət Meşə Təsərrüfatı Komitəsinin qərarı ilə 1977-ci ilin iyul ayında burada Ümimittifaq səviyyəli xüsusi seminar- müşavirə keçirildi. Bu seminarda Azərbaycanla yanaşı, keçmiş Sovetlər Birliyinin hər bir respublikasından gəlmiş tanınmış alimlər, elmi işçilər, mütəxəssislər və müxtəlif səviyyəli rəhbər işçilər iştirak edirdilər. Bu seminar-müşavirəyə əvvəldən axıra qədər Mehdi müəllimin özü rəhbərlik etdi. Hər bir təcrübə sahəsi barədə o, ətraflı məlumatlar verir, alimlərin, mütəxəssislərin bütün suallarını cavablandırırdı. Hiss olunurdu ki, Mehdi müəllim əldə olunan bütün nailiyyətlər barədə nəinki məlumatlı idi, həm də bu nəticələri dərindən təhlil edib yerindəcə öyrənmişdi. Razılaşaq ki, çox az nazir tapılar ki, o, təsərrüfat işlərini bu qədər kökündən və dərindən bilsin. Mehdi müəllim meşə elminin ən incəliklərini bilirdi. Hər bir meşə cinsinin biologiyasına uyğun olaraq elmi əsaslarla təsərrüfat tədbirləri həyata keçirirdi. Qabaqcıl təcrübəni dərhal qəbul edib onu təsərrüfatlarda tətbiq etdirirdi. Əlbəttə ki, Azərbaycan təbiətinin mühafizəsi üçün əlindən gələni etmiş Mehdi Mustafayev harada, hansı işdə çalışmasından asılı olmayaraq, həmişə xalqın, dövlətin təəssübünü çəkmiş, həmişə, hər yerdə işgüzarlığı, bacarığı, təşkilatçılığı, yenilik hissi, xalqa və torpağa bağlılığı, sədaqəti ilə fərqlənmişdir. Azərbaycanda meşələrin mühafizəsi və bərpası, yaşıl massivlərin salınması, yeni-yeni ağac növlərinin əkilməsi, əslində, vahid meşə mühafizəsi sisteminin yaradılması bilavasitə Mehdi Mustafayevin adı ilə bağlıdır.Həmin illərdə Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqromeşə Meliorasiya İnstitutunda gedən müsbət işlər Mehdi müəllimin fəaliyyəti ilə də sıx bağlı idi. Çox xoşdur ki, meşə mühafizəsi işinin görkəmli təşkilatçısı Mehdi Mustafayevin mənalı ömür yolu təbiətə məhəbbət və ekoloji tərbiyə sahəsində gənc nəslə layiqli örnəkdir.
M. Mustafayev Sosialist Əməyi Qəhrəmanı olmaqla bərabər,onun xidmətləri həmişə yüksək qiymətləndirilmiş, Lenin, Qırmızı Əmək Bayrağı, "Əmək Şöhrəti" və "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif edilmişdir. Mehdi Mustafayevin böyüklüyü onda idi ki, o, əhatəsindəki və təmasda olduğu insanlara özünü əsl ziyalı, xeyirxah insan, bacarıqlı rəhbər işçi kimi tanıda və sevdirə bilmişdir. O, fəhlə ilə fəhlə, müəllimlə müəllim, alimlə alim, yazıcı ilə yazıcı idi.
Təbiətin böyük vurğunu Mehdi Mustafayev 35 il bundan qabaq dünyasını dəyişsədə bu gün də dərin ehtiram və məhəbbətlə xatırlanır. Mehdi Həsən oğlu Mustafayevin adı bizim üçün həm də ona görə əzizdir ki, O, ömrünün sonuna kimi Azərbaycan təbiətinin mühafizəsi işində fədakar və nümunəvi əməyi ilə meşəçilərə şərəf gətirmişdir.
Nə qədər ki, Azərbaycan təbiəti var, nə qədər ki Azərbaycan meşələri var Mehdi müəllim qəlblərdə yaşayacaq və unudulmayacaq.
Əziz oxucular! Mehdi Həsən oğlu Mustafayev haqqında daha ətraflı məlumat almaq istəyənlər, yaxın günlərdə işıq üzü görəcək, yazmış olduğum "Təbiətdə izi qalan meşəçilər" və "Mehdi Mustafayev-100" kitablarından ala bilərsiniz.
Əlləz Vəliyev (Ormeşənli)
Yazıçı, publisist "Qızıl qələm" mukafatçısı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB