Seymur Orucov: “Xədicə İsmayıl jurnalistdir deyə, cinayət əməlinə göz yumulmalıdır?” MÜSAHİBƏ (Səs TV)
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın Gənclər Birliyinin sədri Seymur Orucovun SƏS TV-yə müsahibəsi:
- Seymur müəllim, bu ilin dekabrın 12-də Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin vəfatının 11-ci ildönümünü yad edəcək. Ötən bu 11 il ərzində nələri söyləmək olar?
- Nə qədər acı olsa da, bu bir reallıqdır ki, artıq Ümummilli Lider Heydər Əliyev cismən bizlə deyil. Biz artıq 11 illik zamanı geridə qoymuşuq. Ümumiyyətlə, Ulu Öndərin Azərbaycanın çiçəklənməsində, Azərbaycançılıq məfkurəsinin həyata gəlməsində, bizim bir dövlət, millət kimi formalaşmağımızda böyük xidmətləri olub. Bu, tək bizim müstəqillik dövrümüzə təsadüf etməyib. Biz 1969-82-ci illərdə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi tarixi dövrə nəzər salsaq görərik ki, həqiqətən də Heydər Əliyev bu günü, gələcəyi görən lider olub. Həmin dövrlərdə Azərbaycanın iqtisadiyyatı, texnologiyanın tətbiqi çox aşağı səviyyədə idi, sənaye ilə bağlı heç bir iş həyata keçirilmirdi, eləcə də tikinti işləri çox aşağı templə davam edirdi. Ümumiyyətlə, ötən əsrin 69-cu ilinə qədər Azərbaycanın vəziyyəti hətta SSRİ rəhbərliyini belə qane etmirdi. Bütün bunlar bir yana, hətta insanlarımız arasında savadsızlıq, təhsilin inkişafı, mədəniyyətimizə töhfə, incəsənət adamlarının önə çıxması, xalqın mili-mənəvi ruhunun özünə qayıtmasında çox ciddi problemlər var idi. Əgər bu belə davam etsəydi, indi Azərbaycanın müstəqilliyi çox pis vəziyyətdə ola bilərdi. Bəlkə də heç müstəqil ola bilməzdik. Ümummilli Liderimiz 1969-82-ci illərdən başlayaraq, sanki bunu görürmüşcəsinə, bir çox islahatlar həyata keçirməyə başladı. Artıq bu gün cənab Prezident İlham Əliyevin sərəncamı ilə Xaricdə Təhsil Üzrə Dövlət Poqramını həyata keçiririk. Təbii ki, bunun əsas təməli 1969-82-ci illərdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə bağlı olub. Bizim xalq şairlərinə, o vaxtki incəsənət adamlarına SSRİ-nin ən ali mükafatlarının verilməsinin başlanğıcı belə 1969-82-ci illərdə qoyulub. Bununla belə, hərbi sənayemizin, milli hərbi kadrlarımızın yetişdirilməsi kimi vacib məsələlər məhz o vaxtlara təsadüf edir.
1993-2003-cü illərə nəzər salsaq görərik ki, həqiqətən də Ümummilli Lider Azərbaycanı qurmaq, ölkəmizin bütün sahələrdəki tənəzzülündən tərəqqiyə doğru inkişafını təmin etmək istiqamətində çox böyük işlər görüb. Əsasən də bizim o vaxtki gənclərimizin (1988-1993-cü ilə qədərki dövr) psixoloji durumu aşağı səviyyədə idi. Azərbaycan hər gün xeyli sayda şəhid verir, gənclər meydanlarda düzgün idarə olunmurdular. Onlar bilmirdilər ki, liderləri kimdir və sabahları necə olacaq. Burada təhsildən söhbət gedə bilməzdi. Təbii ki, bu da ümumi cəmiyyətimizin gələcəyini şübhə altına alırdı. Beləcə, insanlar nə edəcəyik sualı ilə üz-üzə idilər. Amma Ümummilli Lider hakimiyyətə gəldikdən sonra artıq bütün insanlarda "Mən Azərbaycanlıyam" ideologiyası formalaşdı. Bundan sonra isə ölkəmizdə aparılan siyasi, iqtisadi islahatlar çox sürətlə davam etdi və tətbiq olunmağa başladı.
2003-cü ilə qədər Azərbaycanda bugünkü inkişafın ən sağlam təməlləri qoyuldu. Bu gün artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deyən, suverenliyini bəyan edən və heç bir dövlətdən asılı olmayaraq iqtisadiyyatını, xarici, daxili siyasətini quran ölkələrdən birinə çevrilib. Cənab İlham Əliyev Ulu Öndərin bu siyasətini çox məharətlə davam etdirir. Bu gün Azərbaycan gəncliyi inkişaf etmiş təbəqəyə çevrilib. Azərbaycan gəncliyinin səsi (bu istər QHT-lər, təhsil, elm, siyasətlə bağlı olsun və s.) artıq dövlətimizin daxilində deyil, xaricdə də eşidilir. Təkcə YAP GB-nin beynəlxalq əlaqələri kifayət qədər inkişaf edib. Biz hər il Ümummilli Lider Heydər Əliyevin ideyaları ilə bağlı müxtəlif tədbirlər həyata keçiririk. Biz Ulu Öndərin ideyaları ilə yaşayırıq və yaşayacayıq da! Bizdən sonra gələcək nəsillərə də bunu mütləq aşılamalıyıq. Çünki, biz ideologiyamızdan, ideyamızdan geriyə bir addım atsaq, gələcəyimizdə heç bir zaman müsbət nəticə əldə edə bilmərik.
- Avropa Parlamentinin prezidenti Martin Şults noyabrın 26-da Avropa Parlamentinin plenar iclasında Azərbaycana qarşı qərəzli mövqe sərgilədi və Leyla Yunusa bəraət qazandırdı. Sizin buna münasibətiniz necədir?
- Ümumiyyətlə, Avropa Birliyi Azərbaycana öz həyata keçirmək istədiyi siyasəti diqtə etməyə çalışır. Təbii ki, bu da qeyri-mümkündür. AB bəyanatlar verəndə guya ki, demokratiyadan, insanların hüquq və azadlıqlarının bərabərliyindən danışır. Əslində bunların hamısı pərdənin görünən tərəfləridir. Pərdənin görünməyən tərəfi isə odur ki, bu regionda öz iqtisadiyyatını quran, özü-özünü idarə edən, siyasi stabilliyi olan və bunların diqtəsinə əyilməyən bir dövlət və onun başçısı var. AB sadəcə olaraq mənasız bəyanatlar verməklə məşğuldur. Avropa Parlamentinin prezidenti Martin Şults tərəfindən Leyla Yunusun cinayət məsuliyyəti və onun həyata keçirmiş olduğu digər məsələləri şişirdərək silah kimi Azərbaycanda istifadə etmək AB-nin acizliyindən, qərəzliliyindən xəbər verir. Onların Azərbaycanda verdikləri bəyanatlarla Avropada verdikləri bəyanat arasında çox fərq var. Azərbaycanın AB-yə verdiyi və verəcəyi töhfələri nəinki digər dövlətlər, heç Şərqi Avropa dövlətlərinin bir çoxu verə bilməz. Onlar Azərbaycanla müqayisə edilə bilməyəcək qədər zəif dövlətlərdir.
AB elə dünyada baş verən bütün bəlaların başında dayanır. Məgər, dünyada müstəmləkə siyasətini həyata keçirən bunların babaları olmayıb? Bu gün Afrikanın bir çox dövlətlərinin ərazisindəki topraq sahələri, çay plantasiyaları onların nəzarəti altındadır. Guya ki, onlar pərdəarxası özlərini müstəqil göstərməyə çalışırlar. Təbii ki, bunların hamısı Avropanın, AB-nin aparmış olduğu qərəzli siyasətin məntiqi nəticələridir. Demokratiya onlar üçün bir pərdədir. Bu gün Azərbaycan mətbuatında dövləti, hökuməti, şəxsləri təndiq etmək bir yana, hətta təhqir edən saytlar var. Bəyəm, dövlət onlarla bağlı hər hansı bir inzibati tədbir həyata keçirir? Xeyr. Amma Azərbaycan dövlətinin qanunları var. Ölkəmiz qanunlarla idarə olunur. Heç bir vətəndaş istəməz ki, qanunlar pozulsun və çeynənsin.
- Sizcə, Xədicə İsmayılın bir insanı öldürmə halına çatdırmasına nə ad vermək olar?
- Ümumiyyətlə, Xədicə İsmayıl Azərbaycan vətəndaşlarından və jurnalistlərindən biridir. Azərbaycanda jurnalist fəaliyyəti ilə məşğul olan minlərlə insan var. Bu adam heç bir siyasi fiqura və şəxsiyyətə malik deyil. Xədicə İsmayıl kimdir ki, onun jurnalist fəaliyyəti qanunların tələbinin qarşısında dayansın? Bu şəxs mədəni sürətdə istəyir ki, mətbuat sahəsində özünü qanuni oğru elan etsin və bu ad altında da istədiyi hər bir şeyi həyata keçirə bilsin. Xədicə İsmayılın insanları şantaj etməklə onların həyatını ölüm dərəcəsinə çatdırması və yaxud kimisə işdən çıxarması bu şəxsin həyata keçirdiyi işlərə nümunə göstərilə bilər. İndi belə çıxır ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu Xədicə İsmayıl jurnalistdir deyə, onun cinayət əməlinə göz yummalıdır? Bu məsələnin heç bir siyasi tərkibi yoxdur. Bu, sadəcə olaraq cinayət tərkibi olan məsələdir. Xədicə İsmayıl öz etdiyi əməlləri istintaqdan, hüquq-mühafizə orqanlarından da yaxşı bilir. O insan sadəcə olaraq düşünür ki, dövlətimiz onun bu əməllərinə göz yumacaq. Azərbaycan dövləti, hüquq-mühafizə orqanları tək Xədicə İsmayılla bağlı şikayətlərlə deyil, eləcə də də bir çox məsələlərə yerində və anında cavab verir. Onlar sadəcə olaraq bunu Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edirlər. Amma bunun da heç bir əhəmiyyəti olmayacaq. İstintaqın işinə bizim heç bir müdaxiləmiz ola bilməz. Bununla bağlı Avropa Birliyi, bir çox QHT-lər münasibət bildirirlər. Guya ki, onlar haqq-ədalət carçıları olublar.
QHT-lərə belə bir sual ünvanlayardım. Axı necə olur ki, Bosniya və Serbiya arasındakı münaqişədə 10 minlərlə insanı qətlə yetirdilər, bununla bağlı NATO dəfələrlə iclas keçirdi, amma bir qərar çıxara bilmədi. Lakin onlar Liviyanı bombalamaq üçün 45 dəqiqə ərzində qərar çıxardılar. Bəs hardadır bunların ədaləti və yaxud insan haqlarını müdafiə etmələri? Bu gün İraq kimi böyük bir sivilizasiya yer üzündən silinir. Təbii ki, bunun da səbəbi Avropa dövlətlərinin bir çoxunun maddi maraqlarıdır. QHT-lər getsin Suriyadakı, İraqdakı, Afrikadakı insanların haqlarını müdafiə etsinlər. Bu gün elə ABŞ-ın özündə insanlara qarşı necə zorakı hallar baş verir. Hətta Yunanıstanda polis münaqişə törədənlərə qarşı hansı tədbirlər törətdisə, bunlar hamısı dünyanın gözü önündədir. Bəyəm, bunun qarşısını almaq nə vaxtdan günah olub? Onda belə çıxır ki, dövlət olmasın və hər şey dağılsın? Bu gün bizim AB, Avropa Şurası, Avropa dövlətləri ilə də çox gözəl əlaqələrimiz və yaxşı münasibətlərimiz var. Bizim Avropaya töhfə verə biləcək çox böyük layihələrimiz var.
- Roma Papası Francisin Ermənistan-Türkiyə sərhədləri açılmalıdır istəyinə münasibətiniz necədir? Ümummiyyətlə, onun bu dediklərinin arxasında nələr dayanır?
- Təbii ki, mənim bu fikrə münasibətim çox pisdir. Çünki, dünyada din insanların mənəviyyatına təsir edən bir vasitədir. Din insanların yaşam tərzidir. Bunu siyasətə, dövlətə, radikalizmə və müəyyən maraqlara alət etmək qəbuledilməz bir taktikadır. Roma Papası dini ayinlərlə məşğul olmalıdır və dinə sitayiş edən insanların mənəvi qidasını təşkil etməlidir. O, sülhdən, ədalətdən danışmalıdır. Təbii ki, onlar göstərişdə bu işləri edirlər. Əgər insanlıqdan, bəşər insanından, bərabərlikdən danışırıqsa, hər kəsin Allah tərəfindən yaradıldığını qəbul ediriksə, necə olur ki, Azərbaycanda Xocalı soyqırımı həyata keçirildi, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkünü öz yurdlarından didərgin düşdü və xeyli sayda vətəndaşlarımız şəhid oldu, amma bunların aradan qaldırılması ilə bağlı heç bir açıqlama verilmədi. Onlar bu işlərin olmaması üçün hansı fəaliyyətlə məşğuldurlar? Təbii ki, heç bir fəaliyyət göstərmirlər. Amma indi onların durub Ermənistan - Türkiyə srəhədləri açılsın demələri, Roma Papasının özünə olan hörməti, münasibətini əks etdirir. Çünki bu, qeyri-obyektiv bir açıqlama idi. Bildiyiniz kimi, bu gün Azərbaycanın Vatikanla çox yaxşı münasibətləri var. Hətta mən bir faktı qeyd edim ki, Azərbaycan dövlətinin müsəlman olmasına baxmayaraq, xristian aləminə, yəhudi dünyasına diqqət göstərir və onlar arasında heç bir fərq qoymur. Bu gün Türkiyə - Azərbaycan və Vatikan – Azərbaycan münasibətləri çox yüksək səviyyədə inkişaf edir. Biz müharibə istəmirik. Biz sadəcə Ermənistan tərəfinə deyirik ki, Azərbaycan torpaqlarını qaytarın və beləcə, işğalçı ölkə ilə də sərhədlər açılsın.
- Son olaraq, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin qarşıdakı planları nədən ibarətdir?
- Bu yaxınlarda YAP GB-nin Ofisində bir çox layihələr həyata keçiriləcək. Bu gün bizim üçün ən vacib məsələ dekabrın 23-də ölkəmizdə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar gənclərimizin təbliğat-təşviqat işində iştirakıdır. Bununla belə, biz Yeni illə bağlı tədbirlər keçirəcəyik və 2 Fevral Gənclər Günü ilə bağlı gələcəkdə illik hesabatlarımızı hazırlayacayıq. Artıq 2015-ci ildə regionlarla əlaqələrin intensivləşdirilməsi istiqamətində çox ciddi layihələr nəzərdə tutmuşuq. Biz çalışırıq ki, maksimum dərəcədə diqqətimizi regionlara yönəldək. Çünki, paytaxt Bakıda artıq kifayət qədər aktivlik qurulub və tədbirlər həyata keçirilir. Biz 2015-ci ildə böyük beynəlxalq tədbir keçirməyi planlaşdırırıq. Burada əməkdaşlıq etdiyimiz Avropa dövlətlərindən, Asiyanın bir çox iqtidar partiyalarından, beynəlxalq gənclər təşkilatlarından nümayəndələri Bakıya dəvət edəcəyik. Beləcə, 2015-ci ilin birinci rübü ərzində Azərbaycanda Gənc Siyasətçilərlə bağlı böyük tədbirin keçirilməsini nəzərdə tutmuşuq. Eləcə də biz bu ilin sonuna kimi planlaşdırırıq ki, dil kursları ilə bağlı ikinci mərhələyə start verək. Hazırda gənclərin müəyyən dil biliyi səviyyələrinə görə onların qruplaşdırılması prosesi gedir. Bu işi müəllimlər həyata keçirirlər. Təbii ki, rus dili kurslarının da fəaliyyətinə bu ilin sonundan başlayacayıq və 6 ay müddətində davam etdiriləcək.
YAP GB-nin Ofisinə gündəlik olaraq könüllü gənclər gəlirlər. Bəzən elə olur ki, biz onları Ofisimizdə yerləşdirmək problemi ilə qarşılaşırıq. Sevindirici haldır ki, həm paytaxtda, həm də digər rayon təşkilatlarımızda ciddi irəliləyişlər var. Artıq rayon təşkilatları gənclərin evinə çevrilib. Biz hər zaman deyirik ki, YAP rəhbərliyi tərəfindən YAP GB-nin rayon təşkilatlarında yaradılan şərait bir növ gənclər üçün yaradılıb. Bizim gənclərin Azərbaycan Gənclər Fonduna təqdim etdiyi layihələr müsbət dəyərləndirilir. Artıq 2015-ci ildən layihələrimizə start verəcəyik.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB