Siyəzəndə YAP-ın namizədlərinin təbliğat-təşviqat kampaniyası davam edir
Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının Seçki Qərargahı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı tərəfindən bələdiyyəyə namizədliyi irəli sürülmüş şəxslər və rayon Seçki qərargahının üzvləri ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin depuatı Tahir Süseymanov, "SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, YAP İcra Katibliyinin məsul işçisi Araz Xudadanov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Siyəzən rayon təşkilatı Seçki Qərargahının sədri Etibar Heydərov bildirib ki, bələdiyyələr vətəndaş cəmiyyətini formalaşdıran bir mexanizm kimi yerli demokratiyanın inkişafına təkan verir.
Ötən dövr ərzində bələdiyyələrin fəaliyyətinə nəzər salan E.Heydərov, bu zaman məsafəsində bu qurumun ölkəmizin sosial-iqtisadi inkişaf prosesində yaxından iştirak etdiyini, quruculuq-abadlıq sahələrinin müxtəlif istiqamətlərində işlər gördüyünü bildirib. Ölkə Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın inkişafının sürətləndiyini diqqətə çəkib.
O, ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsinə toxunaraq, partiyanın hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürdüyünü bildirib.
E.Heydərov çıxışında bələdiyyə seçkilərində YAP-ın qələbə qazanacağına əminliyini ifadə edib və namizədlərə uğurlar arzulayıb.
Görüşdə çıxış edən milli məclisin deputatı Tahir Süleymanov özünüidarəetmə orqanını bir struktur kimi, Azərbaycanda 1999-cu ildə yaradıldığını diqqətə çəkib. Bələdiyyələrin əsas vəzifəsinin vətəndaşlara xidmət etmək olduğunu bildirən millət vəkili, bu səbəbdən də, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd edib.
Görüşdə çıxış edən "Səs" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev bələdiyyə seçkilərini ölkənin siyasi həyatında mühüm hadisə kimi qiymətləndirib. O, ötən müddət ərzində, onların fəaliyyətinin hüquqi tənzimlənməsi üçün qərarlar və qanunların qəbul olunması, eyni zamanda, əldə olunmuş təcrübə, yerli özünüidarə orqanlarının fəaliyyətinin daha effektiv şəkildə qurulmasına şərait yaratdığını söyləyib. Bələdiyyələrin gənc olmasına baxmayaraq, əhalinin problemlərinin həlli istiqamətində əhəmiyyətli işlərə imza atdığını bildirən natiq qeyd edib ki, bu il, YAP-ın tövsiyələrinə əsasən, bələdiyyə seçkilərində qadın və gənclərə üstünlük verilib. Hər zaman olduğu kimi, budəfəki siyasi kampaniyada da YAP-ın namizədlərinin qalib gələcəyinə əminliyini bildirən B.Quliyev fikrini onunla əsaslandırıb ki, YAP-ın fəaliyyətinin əsas qayəsi xalqa xidmət etməkdir:"Bu gün, nəinki Azərbaycanın, bütövlükdə, regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisi, dəstəyi dayanır. Məhz bu dəstəyin nəticəsində partiya yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalarda, seçki prosesində qalib gəlib. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də məhz bu siyasətin daha yüksək səviyyəli uğurlarla nəticələnməsinə çalışacaq. Təsadüfi deyil ki, biz bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" şüarı ilə gedirik. Mən inanıram ki, seçicilər hər zaman olduğu kimi bu dəfə də real işə qiymət verəcəklər".
YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov 23 dekabrda ölkəmizdə çox mühüm bir kampaniyanın keçiriləcəyini qeyd edərək yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin vəzifələrindən danışıb. O, hər bir namizədə öz işində məsuliyyətli olmağa dəvət etdi və Yeni Azərbaycan Partiyasının qarşıdakı bələdiyyə seçkilərində də böyük qələbəyə imza atacağına əminliyini bildirib.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB