Zahid Oruc: “Xədicə İsmayılın fəaliyyəti mətbuat azadlığı kodeksindən tövsif oluna bilməz” MÜNASİBƏT
"Nə hakimiyyət rəsmiləri, nə siyasətçilər hər hansı bir jurnalistin fəaliyyətindən, əməlinin cinayət qanunvericiliyinin hansı maddəsi ilə tövsif olunmasından asılı olmayaraq, onun həbsinə sevinmirlər, bundan xüsusi bir kampaniya düzənləmirlər, rəqib üzərində böyük mənəvi siyasi qələbələr qazandıqlarını bəyan etmirlər". Bunu SİA-ya millət vəkili Zahid Oruc Xədicə İsmayılın həbsindən daxili və xarici qüvvələrin süni ajiotaj yaratmaq meyllərinə münasibət bildirərkən deyib.
Z.Oruc deyib: "Xədicə İsmayıl kimi şəxslərin əslində jurnalist vəsiqəsi arxasında gizləndiyi illərdir ki, bəllidir. Onların gerçək media fəaliyyətindən, informasiya məkanındakı hansısa uğurlu işlər və layihələrindən danışmaq qeyri-mümkündür. Çünki, real olaraq yalnız hakimiyyət cinahının təmsilçiləri deyil, eləcə də müxalif əqidəni bölüşənlərin ona münasibəti kifayət qədər mənfi olub. Bu da sübut edir ki, əsl həqiqətdə onun fəaliyyəti mətbuat azadlığı kodeksindən tövsif oluna bilməz. Ancaq, son günlər onun həbsi ətrafında beynəlxalq reaksiyaları təhlil edəndə belə qənaət yaranır ki, bizə müharibə elan edəcəklər və sanki Xədicə İsmayıl Avstriya vəliəhdi Frans Ferdinanddır".
Z.Orucun sözlərinə görə, 20 il ərzində X.İsmayıl ən kəskin ittihamedici mövqeləri, "savaşı" ilə hakimiyyət əleyhinə mövqe tutub: "Onu həbs etmək üçün jurnalist fəaliyyəti əsas götürülsəydi, bu çoxdan edilərdi. Hazırda bunlar ortada yoxdur. Hansısa kəşfiyyat strukturlarının, "ofşor" şirkətlər və.s ilə bağlı məlumatları ona təqdim edərək, sonradan ictimailəşdirəndə də keç kim Xədicə İsmayıla qarşı təqib və təhidedici mövqe tutmayıb. İndi isə fakt kifayət qədər sadədir. Tural Mustafayev adlı şəxs iddia ərizəsi ilə müraciət edib. Qanunçuluqdan, hüquqdan bəhs edəndə nədən bu faktı bir kənara buraxmaq istəyirlər? Məsələnin digər bir tərəfinə diqqət edək. Həmin iddia ərizəsi ilə çıxış edən şəxs Xədicə İsmayılın özünə qarşı bir qəsd törətsəydi, qarşı tərəf məhkəməyə müraciət etsəydi və məhkəmə orqanları bunu göz ardına alsaydı, bu halda əks kampaniyanı hüquq mühafizə orqanlarına qarşı düzənləyəcəkdilər. Ona görə də bu məsələ üzərindən az qala bir zəncinin arzuları imiş kimi böyük bir diskriminasiyanı Azərbaycandakı insan haqlarının kütləvi pozuntusunun bir simvoluna çevirərək onu azadlıq mücahidi kimi təqdim etməklə Xədicə İsmayılın özünə zərbə vururlar".
Z.Oruc bildirib ki, bu kampaniyanın mahiyyəti həmin təzyiq vasitəsi ilə hakimiyyət orqanlarını geri çəkdirməkdir: "Onlar çalışırlar ki, Xədicə İsmayılı geri alaraq əllərində cəsus kimi saxlasınlar. Hesab edirəm ki, məhkəmə orqanlarının kənarında baş verənlərin hamısı siyasi təzyiqlərdir. Açıq şəkildə hanısa dairələr iqtisadi və siyasi maraqlarını reallaşdıra bilməyəndə belə məsələləri qabardaraq fəaliyyət aparırlar. Amma bu Azərbaycanın hazırkı dönəmində ona təsir edəcək, atdığı addımlarından geri çəkdirməyə qadir olmayan fəaliyyətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB