Azərbaycan nümayəndə heyəti beynəlxalq qadın sammitində iştirak edib FOTOLAR

Azərbaycan nümayəndə heyəti beynəlxalq qadın sammitində iştirak edib FOTOLAR

2014-cü il noyabrın 24-25-də Türkiyənin İstanbul şəhərində "Beynəlxalq qadın və ədalət zirvəsi" adlı sammit keçirilib. Sammitdə ölkəmizi Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin üzvü Sədaqət Vəliyeva və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə Abasova təmsil ediblər.

ABŞ, Braziliya, Avstraliya, Fransa, Rusiya, Finlandiya, İsveç, Malayziya, Hindistan, Tailand, Yaxın Şərq və Şimali Afrika ölkələrinin və başqa dövlətlərin nümayəndələrinin iştirak etdikləri sammitin açılışında həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, nazirlər, millət vəkilləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Sammitdə Rəcəb Tayyib Ərdoğan çıxış edərək, qadınların siyasi, ictimai və digər sahələrdəki rolu haqqında bəhs edib, gender bərabərliyindən və qadınlara münasibətdə ədalət prinsipinin yüksək tutulmasından geniş danışıb.

Sammitdə həmçinin, Türkiyənin ailə və sosial siyasət naziri Dr. xanım Ayşenur İslam, beynəlxalq tədbirin təşkilatçısı olan "KADEM"in sədri Dr. E.Sare Aydın Yılmaz və başqaları çıxış edərək, qadın hüquqları, onların siyasi və iqtisadi həyatda oynadıqları rol, qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarından geniş danışıblar.

Sammitin rəsmi hissəsi başa çatdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirakçı ölkələrin nümayəndələrilə xatirə şəkli çəkdirib.

Sonra sammit işini seksiyalar üzrə davam etdirib.

Müzakirələr zamanı çıxış edən Milli Məclisinin deputatı Sədaqət Vəliyeva deyib ki, demokratiya və ədalət prinsipləri çərçivəsində qadın siyasətilə nümunə ola biləcək model formalaşdırmış Azərbaycan bir çox dünya ölkələrinə nümunədir. Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycanda inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Azərbaycanda insan hüquq və azadlıqlarının, onların tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsi daim demokratik Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Sədaqət Vəliyeva xüsusi olaraq diqqətə çatdırıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin edib. Azərbaycanın gender siyasəti dünyada mütərəqqi nümunə kimi qəbul edilməkdədir.

Müzakirələrdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, professor Adilə Abasova da çıxış edərək, milli qanunvericilikdə sosial məsələlərə aid mükəmməl qanunvericilik bazasının yaradılmasından və qadın hüquqları ilə bağlı qanunvericlik aktlarından, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulmasından, həyata keçirilmiş tədbirlərdən geniş bəhs edib.

Sammitin bağlanışında Türkiyənin rəsmi şəxsləri və iştirakçı ölkələrin nümayəndələri qadın hüquqlarının yüksək zirvəsi olan ədalətin uca tutulmasını və qadın hüquqlarının pozulmasının qarşısının alınması istiqamətində birgə səylərin davam etdirilməsini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə