Elman Nəsirli: “Belə təzyiqlərlə Azərbaycanın mövqeyini dəyişmək olmaz” AÇIQLAMA

Elman Nəsirli: “Belə təzyiqlərlə Azərbaycanın mövqeyini dəyişmək olmaz” AÇIQLAMA

"Ümumiyyətlə, Martin Şults hər dəfə Azərbaycanın əleyhinə olan bəyanatlarla çıxış edib". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin plenar iclasında ölkəmiz haqda həqiqətə uyğun olmayan fikir səsləndirməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, heç kimə sirr deyil ki, burada müəyyən qüvvələr var: "Həmin qüvvələr çalışırlar ki, Azərbaycana müxtəlif yollarla təzyiq göstərsinlər. Ölkəmizin müstəqil xarici siyasət kursu yeritməsi, ayrı-ayrı böyük dövlətlərin, beynəlxalq təşkilatların, eləcə də siyasi dairələrin xoşuna gəlmir və buna qısqanclıqla yanaşırlar. Martin Şults kimi insanlar da buna misal göstərilə bilər. Belə qüvvələr Azərbaycanın bu inkişafını gördükdə, onu həzm edə bilmirlər. Onların Azərbaycana təzyiq etmək üçün əllərində ənənəvi bir aləti var ki, bu da insan hüquq və azadlıqları ilə bağlı məsələdir. Əslində bu gün Avropa ölkələrində, ABŞ-da insan hüquq və azadlıqlarının vəziyyəti dözülməz hal alıb. Bu gün rəsmi Bakı bu məsələləri beynəlxalq birliyin əsas aktoru kimi həmin dövlətlərin özlərindən tələb etməlidir ki, öz ölkələrində insanların hüquqlarını kobud şəkildə pozmaq olmaz. Bu mənada hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ bir qədər öncə səsləndirdiyi bir fikir tamamilə reallığı əks etdirir. Ölkə başçısı qeyd etmişdi ki, "müəyyən qüvvələr Azərbaycandakı bu inkişafı görüb, onu həzm edə bilmirlər və bizə açıq-aşkar, çəkinmədən, utanmadan deyirlər ki, sürətinizi yavaşlayın. Çünki çox sürətlə inkişaf edirsiniz".

E. Nəsirli hesab edir ki, həmin qüvvələrin içərisində Martin Şults xüsusi fəallığı ilə seçilir: "Əslində onun bu fəallığı daim erməni maraqlarına xidmət edir. Bu həmçinin Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə də kölgə salır. Halbuki Aİ öz maraqlarından çıxış edərək, regionun lider dövləti olan Avropanın Enerji Təhlükəsizliyinə layiqli töhfə verən Azərbaycanla münasibətlərinin inkişafında maraqlı olmalıdır. Ümumiyyətlə belə təzyiqlərlə Azərbaycanın mövqeyini dəyişmək mümkün deyil. Ölkəmizin seçdiyi uğurlu inkişaf yolu var və bu yolla da gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə