Astarada seçki qərargahının üzvləri ilə namizədlər arasında görüş keçirilib
Məlum olduğu kimi, artıq bir neçə gündür dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə namizədliyini irəli sürümüş şəxslərin təmsil olunduğu partiyalar tərəfindən təbliğat-təşviqat kampaniyasına başlanıb. Dünən belə görüşlərdən biri də Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatında YAP tərəfindən namizədliyi irəli sürülmüş şəxslərlə seçki qərargahının üzvləri arasında baş tutub. Görüşdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatları Mirkazım Kazımov, Aslan Cəfərov və YAP Mərkəzi Aparatının məsul əməkdaşı Məcid Əhmədov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Firudin Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatı 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib: "Seçkilərə hazırlıqla əlaqədar rayon təşkilatı İdarə Heyətinin iclasında YAP seçki qərargahı Astara şöbəsinin 17 nəfərdən ibarət tərkibi təsdiq edilərək rayon təşkilatından bələdiyyələrə seçiləcək 163 nəfər tərkibi müəyyənləşdirmək üçün işçi qrupu yaradılıb. Bu işin həyata keçirilməsi məqsədi ilə yerlərdə ərazi ilk partiya təşkilatları ilə birlikdə iş aparılıb və bələdiyyələrə namizəd göstəriləcək şəxslərin tərkibi müəyyənləşdirilərək irəli sürülmək üçün idarə heyətinin iclasında məsləhət bilinib. Beləliklə, rayonun 15 bələdiyyəsinə irəli sürüləcək 163 namizədin tərkibi YAP İcra Katibliyinə təqdim olunub. Təsdiq olunduqdan sonra bələdiyyə üzvlüyünə namizədlərin siyahısı aidiyyəti üzrə 77 saylı Astara, 76 saylı Lənkəran – Astara seçki dairələrinə göndərilib. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq hər bir bələdiyyə üzvlüyünə namizəd üçün imza vərəqələri alınaraq onların qısa müddətdə doldurulub müvafiq seçki dairələrinə təqdim edilməsi təmin olunub.
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hökumət tərəfindən həyata keçirilən genişmiqyaslı islahatlar, regionların sosial-iqtisadi cəhətdən dinamik inkişafı işsizliyin minimuma endirilməsi və yoxsulluğun aradan qaldırılması istiqamətində görülən işlər Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyasının əsas istinad nöqtəsidir: "Azərbaycanın regionda hər cəhətdən lider ölkəyə çevrilməsi, xarici və daxili siyasətdə əldə edilən uğurlar, respublikanın demokratik inkişafı Yeni Azərbaycan Partiyasının namizədləri üçün əlverişli təbliğat mühiti formalaşdırır. Biz hamılıqla Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsi, sosial-iqtisadi cəhətdən daha da inkişaf etməsi üçün bu seçkilərdə də YAP-ın namizədlərinə səs verməliyik".
Milli Məclisin deputatları Mirkazım Kazımov və Aslan Cəfərov da çıxış edərək bildirdilər ki, 2014-cü ilin ən mühüm siyasi kampaniyalarından biri 23 dekabr bələdiyyə seçkiləridir. "Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərinə hərtərəfli və ciddi hazırlaşaraq və mövcud potensialını səfərbər edərək bələdiyyə üzvlüyünə namizədlər irəli sürüb. Bildirildi ki, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalardan daha çox namizəd irəli sürən YAP, cəmiyyətin avanqard güc mərkəzi olduğunu sübut etməklə yanaşı, seçki kampaniyasına digər təşkilatlardan daha hazırlıqlı olduğunu nümayiş etdirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB