YAP bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" şüarı ilə gedir

YAP bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" şüarı ilə gedir

Ağcabədi rayonunda 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə üzvlyünə namizədliyi YAP tərəfindən irəli sürülmüş şəxslərlə görüş keçirildi. Görüşdə bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri, milli məclisin üzvləri Bəxtiyar Sadıqov, Elman Məmmədov və Tahir Rzayev iştirak edirdilər.

Görüşü giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatı və rayon Seçki Qərargahının sədri Rövşən Əhmədov açaraq bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya tərəfindən namizədlikləri irəli sürülmüş nümayəndələrlə görüşlərin davam etdiyini bildirdi. Respublikada dördüncü dəfə bələdiyyə seçkilərinin keçiriləcəyini qeyd edən R.Əhmədov xalqımızın bu sahədə kifayət qədər seçki təcrübəsinin olduğunu vurğulayıb, partiyanın seçkilərə hazırlığının çox yüksək səviyyədə olduğunu söylədi. O, bildirdi ki, cari ilin iyul ayından başlayaraq YAP Ağcabədi rayon təşkilatı ilk partiya təşkilat sədrlərinin və YAP fəallarının iştirakı ilə geniş müşavirə keçirmiş, qarşıda duran vəzifələr və görüləcək işlər barədə tədbirlər planı təsdiq edilmişdir.

23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında 15 nəfərdən ibarət seçki qərargahı, qərargahın nəzdində 35 nəfərdən ibarət təşviqat qrupu yaradıldığını qeyd edən rayon təşkilat sədri Ağcabədi rayonu üzrə 82 saylı Ağcabədi Seçki Dairəsinin 46 məntəqəsində 44490 seçici və 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin Ağcabədi rayonu üzrə 27 seçki məntəqəsində 20441 seçici olduğunu diqqətə çatdırdı. Rayon üzrə YAP tərəfindən 359 nəfər YAP fəalının bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüşdür.

O, partiyanın tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu seçkilərdə gənclərin və qadınların namizədliyinin artırılması məsələsinə xüsusi diqqət yetirildiyini söylədi. Belə ki, bələdiyyə üzvlüyünə namizədlərin 143 nəfərini (40,3%) qadınlar, 93 nəfərini (26,0%) gənclər təşkil edir. Namizədlərin hamısı ali təhsillidir:"Bələdiyyə seçkiləri zamanı Seçki Məcəlləsinin tələblərinə əməl edilməsi və seçki şəffaflığının təmin edilməsi məqsədilə hər iki seçki dairəsində və 73 seçki məntəqəsinin hər birinə 1 nəfər məşvərətçi səs hüquqlu üzv və 1 nəfər müşahidəçi müəyyənləşdirilmiş və onların tərkibi rayon təşkilatının İdarə Heyətində təsdiq edilmişdir".

Tədbirdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Elman Məmmədov, Tahir Rzayev çıxış edərək son dövrlərdə respublikada gedən iqtisadi inkişaf, əhalinin maddi rifah halının yüksəlməsi, ölkənin ictimai-siyasi həyatında YAP-ın oynadığı rol və bələdiyyənin yaranmasından keçən 15 il ərzində görülən işlərdən söz açdılar. Seçkilərdə qalib gəlmək üçün təbliğat-təşviqat kampaniyasının düzgün qurulması üçün öz tövsiyələrini verdilər.

Görüşdə bələdiyyə üzvlüyünə namizədlərdən Möhübbət İsmayılov və Kazım Gülmalıyev çıxış edərək bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar öz fikirlərini bildirdilər və onları maraqlandıran suallarla deputatlara müraciət etdilər.

Millət vəkili T.Rzayev qaldırılan məsələlərə öz münasibətini bildirdi və verilən sualları cavablandırdı.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə