Mərkəz direktoru: “Ermənistan Gürcüstan və İranın əleyhinə fəaliyyətə başlayıb”
"Ermənistan Rusiyanın təhriki ilə Gürcüstanın, Qərbin təzyiqi ilə isə İranın əleyhinə fəaliyyətə başlayıb". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
"Ermənistan Livana sülhməramlılar göndərdi. 32 nəfərdən ibarət erməni sülhməramlıları İtaliya batalyonunda xidmət edəcək. Yola salma mərasimində İtaliyanın Ermənistandakı səfiri C.Riçulli ilə birlikdə iştirak edən müdafiə naziri Seyran Ohanyan maraqlı və paradoksal açıqlama verdi. O, Livana erməni sülhməramlıları göndərilməsinin ümumi əsaslardan əlavə daha bir vacib səbəbinin olduğunu bildirdi. "Livan Kosovo, Əfqanıstan deyil. Livan Ermənistan Respublikasının xarici təhlükəsizlik maraqları dairəsində olan Yaxın Şərqdir. Bu açıqlama siyasi savadsızlığın nümunəsi olmaqla yanaşı parlaq sofistikadır. – Politoloq vurğulayıb.
M.Əhmədoğlu bildirib ki, İraqda erməni icmasının dağılmasına və bu ölkəni tərk etmələrinə səbəb öz rəhbərləri, kilsə başçısı Avaq Asaduryanın əməlləridir: "ABŞ qoşunları İraqda idi. NATO İraq üçün koalisiya toplamışdı. Ermənistan İraqdakı erməni icmasını qorumaq üçün qüvvə göndərmək barədə düşünmədi. Suriyada erməni icması Yaxın Şərqin erməni icmalarının bünövrə strukturudur. Dağılır. 100 minlik erməni icmasından 15-20 min qalır. Suriyada da müharibə gedir. Ermənistanın Suriya prezidenti Bəşər Əsədlə xüsusi münasibəti var. Hətta erməni icmasını qorumaq üçün erməni qoşunlarını Suriyaya göndərməyi Bəşər Əsəddən xahiş etsəydi, siyasi və digər səbəblərdən Bəşər Əsəd buna hökmən razılıq verəcəkdi. Kəsab hadisələri zamanı bəzi keçmiş erməni döyüşçülər Suriyaya erməniləri müdafiə etmək üçün döyüşə getmək istəyirdilər. Ermənistanın hüquq mühafizə orqanları onları Yerevan aeroportundan geri qaytardı".
M.Əhmədoğlu lavə edib ki, indi baş verən proseslər Livanın paytaxtı Beyrutdakı erməni icmasının maraqlarına toxunmur: "Əksinə erməni icması aktiv siyasi qızışdırıcılıqla məşğuldur. Livan parlamentinin erməni mənşəli 6 deputatından ikisi birmənalı "Hizbullah"ın mövqeyini müdafiə edir. 3 erməni deputat Xristian koalisiyasının üzvüdür. Biri isə gah Hizbullahçılara, gah da Xristian koalisiyasına tərəf reverans edir. Qərbin Livana sülhməramlı qüvvələrin göndərilməsinin yalnız bir adı var: "Hizbullah"ı sıradan çıxarmaq. "Hizbullah" İranın Livanda yaratdığı hərbiləşdirilmiş siyasi təşkilatdır. Yaxınlarda İran "Hizbullah"a raketlər də daxil olmaqla xeyli silah-sursat verdi. Böyük miqdarda maliyyə ayırdı. "Hizbullah"ın fəaliyyətinin qarşısını almaq üçün Avropa dövlətləri Səudiyyə Ərəbistanı ilə danışıq apardılar. Livan ordusunun güclənməsi üçün təxminən 4 milyard dollarlıq silah və maliyyə vəsaiti ayrılıb. Bunun 3 milyard dollarını Səudiyyə Ərəbistanı verəcək. Fransa bu işin təşkilində aktiv rol oynayıb. Livan ordusuna hərbi təlimləri Fransa hərbçiləri keçəcəklər".
Politoloq deyib ki, İran Livan ordusuna pul, silah-sursat, instruktor vəd versə də Livan rəhbərliyi bunu qəbul etməyib: "Beləliklə, erməni sülhməramlıları İranın "Hizbullah" təşkilatına qarşı vuruşmaq məqsədilə Livana yola düşdü. 32 erməni hərbiçisi "Hizbullah"a qarşı döyüş əməliyyatında ab-havanı müəyyənləşdirməyəcək. Amma vacib olan Ermənistanın İrana qarşı çıxmaq siyasi iradəsidir. Ermənistan Qərbə sübut etmək istəyir ki, o hətta İrana qarşı çıxa bilər. Təki NATO Ermənistanı dəstəkləsin. İranın Ermənistandakı səfiri M.Rəisi yaxınlarda narahatlıq bildirmişdi. Onun bu narahatlığının dolayısı yolla həm də Ermənistanın NATO ilə hərbi əlaqələrinə aid olduğunu başa düşmək olar".
"Paradoksal vəziyyətdir: "Ermənistanın dörd qonşusu var. Azərbaycana və Türkiyəyə qarşı Ermənistanın düşmənçilik siyasəti bəllidir. Qalan iki qonşusuna da Ermənistan sağlam münasibət göstərmir. Rusiya prezidenti Vladimir Putin gürcü-abxaz dəmiryolunun açılması ideyasını gündəliyə gətirməklə bu prosesə ciddi dəstək verdi. Abxaziyanı razı salmağı öz üstünə götürən Vladimir Putin Gürcüstanı razı salmağı Ermənistanın boynuna qoydu. Ermənistan Vladimir Putinin ideyasına uyğun Gürcüstana təzyiq etməlidir. Hər halda Gürcüstan haçansa Ermənistana cavab verə bilər. Qərbin sözü ilə isə Ermənistan digər qonşusu İranın maraqlarının əleyhinə gedir" – M.Əhmədoğlu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB