Fərid Şahbazlı: “Bu addım “siyasi liderlər”in təsiri altında olan digər gənclərə nümunədir” MÜNASİBƏT
"Əbdül Əbilovun əfv müraciəti olduqca gözlənilən hadisədir. Çünki Əbdül Əbilov və digər "NİDA"çılar həbsxanada bir çox məsələlərin müqayisəsini apararaq, əslində onlara mübarizə adı altında sırınan fəaliyyətin heç də demokratiya, söz azadlığı, insan haqları uğrunda mübarizə olmadığını anlayıblar". Bu fikirləri SİA-ya İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı "NİDA"çı gənc Əbdül Əbilovun Prezident İlham Əliyevə əfv məktubu ünvanlamasına münasibətini açıqlayarkən deyib.
Fərid Şahbazlı bu gənclərin zamanla səhvlərini başa düşdüklərini qeyd edib: "Bu mübarizə bir qrup adamın qanunsuz yollarla hakimiyyətə gəlişini təmin etmək üçün edilən uğursuz cəhddir. Bu mənada Əbdül Əbilovun ölkə Prezidentinə etdiyi müraciəti təbii qarşılayıram. Biz əvvəllər də qeyd edirdik ki, zaman gələcək radikal müxalifət liderlərinin təsiri altında olan gənclər nə qədər yanlışlıqlara yol verdiklərini dərk edəcəklər. Cəmiyyətimiz üçün faydalı işlərlə məşğul olsalar daha doğru olar".
Fərid Şahbazlı eyni zamanda bütün demokratik ölkələrdə müxalifətin olmasının zəruriliyini də qeyd edib: "Azərbaycan hakimiyyəti siyasi partiya və təşkilatların, vətəndaş cəmiyyətinin, kütləvi informasiya vasitələrinin inkişaf etməsi üçün hərtərəfli dəstəyini əsirgəmir. Amma bu müxalifət adı altında insanları, xüsusən də gəncləri radikal, qanunsuz hərəkətlərə sövq etmək anlamına gəlməməlidir. Belə fəaliyyət Azərbaycan hakimiyyətinə deyil, xalqa, onun dövlətçiliyinə qarşı yönəlməklə, ölkəmizin milli maraqlarına zərbədir. "NİDA" çı gənclərin Cənab Prezidentə etdikləri əfv müraciətlərini təqdir edirəm. İnsanın öz səhvindən nəticə çıxarması, bağışlanmasını xahiş etməsi radikal "siyasi liderlər"in təsiri altında olan digər gənclər üçün də yaxşı nümunədir. Onları yanlış yola deyil, ölkəmizin, dövlətimizin, millətimizin, cəmiyyətimizin inkişafı yoluna dəvət edirik".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB