Politoloq: “Putinin Türkiyə səfəri Cənubi Qafqazdakı proseslərə təsir baxımından əhəmiyyətlidir” ŞƏRH
"Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri təkcə ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, bütövlükdə Cənubi Qafqazdakı proseslərə təsir baxımından əhəmiyyətlidir". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bu səfər çərçivəsində on sənəd imzalanıb ki, bu sənədlər nəticə etibarı ilə iki dövlətin münasibətlərini daha da yüksək səviyyəyə qaldırır: "Artıq Türkiyə və Rusiya ikitərəfli münasibətlərdəki ticarət-iqtisadi əlaqələrin səviyyəsini 38 milyarddan 100 milyard dollara qədər yüksəltməklə bağlı əldə edilmiş razılaşmanın daha da yüksəldilməsinə qərar vriblər. Eyni zamanda Türkiyənin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının daha da artırılması nəzərdə tutulur. Məlumdur ki, Rusiya Qərbin tətbiq etdiyi sanksiyalara cavab olaraq ABŞ, Avropa İttifaqı ölkələri, Avstraliya və Norveçdən kənd təsərrüfatı məhsullarının alınmasına qadağa qoyub. Belə bir vəziyyətdə Türkiyə keçən il 1.3 milyard dollarlıq kənd təsərrüfatı məhsullarını Rusiyaya satırdısa, 2015-ci ildən bu rəqəmin iki dəfə artırmaqla bağlı razılaşma əldə olunub. Bundan başqa iki dövlət arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Belə ki, 2016-cı ildə hər iki ölkədə turizm ilinin keçirilməsi planlaşdırılır. Eyni zamanda Atom enerjisi ilə bağlı əməkdaşlıq sahəsində Rusiya Türkiyəyə 20 milyard dollarlıq investisiya yatırır. Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı 2010-cu ildə əldə olunan razılaşmaya əsasən 2016-cı ilin yazında Türkiyədə həmin AES fəaliyyətə başlayacaq. Xatırladım ki, ikinci belə bir AES-i Türkiyə üçün Yaponiya tikir. Üçüncünü isə Türkiyənin özü tikəcək. Bu məqsədlə 200-ə qədər türk mütəxəssisin Rusiyada təhsil alması razılaşdırılıb. Türkiyənin qaza olan tələbatının 65 faizini Rusiya ödəyir. Nəzərə alsaq ki, 2013-cü ildə Türkiyə Rusiya ilə qazın al və ver prinsipi ilə alışının dayandırılması ilə bağlı razılaşma əldə edib. Yəni, alınan qazın dərhal pulunun verilməsi prinsipi ləğv edilib. Bu da Türkiyə üçün daha sərfəli variantdır".
Politoloq xatırladıb ki, iki ölkə arasında Krım, Ukrayna böhranı ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur: "Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımı bu ölkənin ərazisi kimi qəbul edir. Eyni zamanda Krımdakı tatarların taleyi ilə bağlı məsələlərdə Türkiyə və Rusiya arasında fikir ayrılıqları mövcuddur. Bunlarla yanaşı Suriya böhranı, Bəşər Əsədin hakimiyyətdə qalıb-qalmaması kimi məsələlərdə rəsmi Ankara və Moskva müxtəlif mövqelərdən çıxış edirlər. Bütövlükdə isə tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul edirlər. Türkiyə Qərbin müttəfiqi olsa da belə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb. Bu hadisənin özü də Rusiya-Türkiyə münasibətlərinin istiləşməsi üçün münbit şərait təmin edir. Hər iki dövlətin hazırkı vəziyyətdə düşdükləri şərait onların yaxınlaşmasını təmin edir. Məlumdur ki, Rusiya çox ciddi maliyyə sanksiyalarına tuş gəlib. Türkiyəyə isə "Qondarma Erməni Soyqırımı" ilə bağlı təzyiqlər güclənib. Xüsusilə də Roma Papası Fransiskin Türkiyə səfəri zamanı Ermənistanla sərhədlərin açılmasının vacibliyi ilə bağlı bəyanatı bunu bir daha təsdiqləyir. Yəni, Türkiyəyə qarşı siyasi təzyiqlərə dini təzyiqlər də əlavə olunur. Belə vəziyyətdə Moskva və Ankara münasibətlərinin inkişaf tendensiyası diqqəti cəlb edir".
"Heç şübhəsiz ki, bu iki dövlətin münasibətləri yaxşılaşdıqca, Cənubi Qafqaz regionundakı problemlərin həllinə, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə təsirsiz qala bilməz. Çünki, Ermənistanın özündə bir çox siyasi dairələr böyük narahatlıq hissi keçirirlər ki, onların müttəfiq hesab etdikləri Rusiya ilə düşmən hesab etdikləri Türkiyənin münasibətləri daha da inkişaf edir. Bu gün bir çox erməni ekspertləri bu yaxınlaşmadan narahatdır və həyəcan təbili çalırlar. Onların fikirlərinə görə, hadisələrin bu inkişafı elə bir nəticəyə çıxaracaq ki, Rusiya Türkiyənin xahişini yerinə yetirəcək. Yəni, Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə loyal münasibət bəsləyə bilər" - deyə, E. Nəsirov bildirib.
Elman Nəsirov hesab edir ki, Rusiya-Türkiyə münasibətlərinin inkişafı prinsip etibarı ilə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə müsbət təsir göstərə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB