Bu gün YAP Beyləqan rayon təşkilatında bələdiyyə seçkilərində iştirak edəcək namizədlərlə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Milli Məclisin deputatı, texnika elmləri doktoru, professor Astan Şahverdiyev, "Səs" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak ediblər.
partiyanın raron təşkilatının sədri çıxış edərək bildirib ki, bələdiyyə seçkilərinə ciddi hazırlıq işləri aparılıb. Fəaliyyət proqramına uyğun olaraq 1-ci ilkin mərhələ başa çatıb. Rayonda 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan Dairə Seçki Komissiyası fəaliyyət göstərir. 80 saylı İmişli-Beyləqan Dairə Seçki Komissiyasında seçicilərin ümumi sayı 16.013 nəfər, 81 saylı Beyləqan DSK üzrə seçicilərin ümumi sayı 35.269 nəfər olmaqla – cəmi 51.282 nəfər seçici vardır.
80 saylı İmişli-Beyləqan dairəsində 15 bələdiyyə üzrə 328 nəfərin namizədliyi qeydə alınmışdır ki, bunun 131 nəfəri Yeni Azərbaycan Partiyasının namizədləridir. 81 saylı Beyləqan Dairə Seçki Komissiyasında 22 bələdiyyə üzrə 490 nəfərin namizədliyi qeydə alınıb, bunun 196 nəfəri Yeni Azərbaycan Partiyasının namizədləridir. Ümumilikdə rayon üzrə 327 bələdiyyə üzvünə qarşı Yeni Azərbaycan Partiyası 327 namizəd irəli sürüb və həmin namizədlər qeydə alınaraq namizəd vəsiqəsi ilə təmin edilib.
Hazırda Azərbaycan Respublikasının Seçki Məcəlləsinə və Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının təqdim etdiyi fəaliyyət proqramına uyğun olaraq 23 dekabr 2014-cü ildə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kompaniyasına başlanılıb.
Təbliğat-təşviqat kompaniyasının başlanması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının fəalları, elm adamları, Milli Məclisin deputatları bölgələrdə Yeni Azərbaycan Partiyası tərəfindən namizədlikləri irəli sürülmüş namizədlərlə görüşlər keçirirlər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Astan Şahverdiyev və "Səs" Media Qrupun rəhbəri Bəhruz Quliyev YAP-ın bələdiyyə seçkilərində irəli sürdüyü namizədlərə daha fəal çalışmağı, partiyanın onlara göstərdiyi etimadı doğrultmağı tövsiyyə ediblər. İnandıqlarını bildiriblər ki, bütün siyasi kampaniyalarda öz fəaliyyəti ilə fərqlənən Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatı bu seçkilərdə də fəal mövqe tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB