Prezident: "Müştərək layihələr türkdilli ölkələrin əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir"
Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşü keçirilir. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Türkiyənin milli təhsil naziri Nəbi Avcı, Türkiyənin Ali Təhsil Şurasının sədri Yekta Saraç, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində Türkmənistan nümayəndələri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Azərbaycanın bir sıra ali təhsil müəssisələri və digər qurumların nümayəndələri iştirak edir.
Prezident İlham Əliyev tədbir iştirakçılarına məktub ünvanlayıb. Məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.
Məktubda deyilir: "Hörmətli görüş iştirakçıları, sizi Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünün öz işinə başlaması münasibətilə təbrik edir, hər birinizə ölkələrinizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Əməkdaşlıq Şurası çərçivəsində birgə həyata keçirilən çoxsaylı layihələr ölkələrimiz və xalqlarımız arasında tarixi mədəni əlaqələrin dərinləşməsinə xidmət göstərir. Әsrlər boyu formalaşmış ənənələrimizin gələcək nəsillərə layiqincə çatdırılmasında təhsilin misilsiz rolunu nəzərə alaraq, bu sahədə aparılan siyasəti təqdirəlayiq hal kimi yüksək qiymətləndirirəm. İnanıram ki, artıq müntəzəm şəkil alan görüşlərimiz dostluq və qardaşlıq münasibətimizin daha da genişlənməsi baxımından yeni imkanlar yaradacaq".
Dövlət başçısının sözlərinə görə, son illər ərzində türk universitetlərinin birliyinin qurulması, Türk Akademiyasının təsis olunması və eləcə də bu qəbildən digər müştərək layihələr türkdilli ölkələrin əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir: "Hazırda ölkəmizdə təhsil sahəsində islahatların "Azərbaycan Respublikasının təhsilinin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq reallaşdırılması keyfiyyətcə yeni dövrün başlamasının bariz nümunəsidir. Qardaş türkdilli dövlətlərin bu istiqamətdə nailiyyətlərinin, müsbət təcrübələrinin öyrənilməsinin tərəflər üçün faydalı olacağına və ölkələrimizin təhsil sisteminə layiqli töhfələr verəcəyinə inanıram. Ümidvaram ki, görüş zamanı müzakirə olunacaq problemlər, aparılacaq fikir mübadiləsi və qəbul ediləcək qərarlar ölkələrimiz arasında təhsil üzrə əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirərək cəmiyyətlərimizin daha da yetkinləşməsi istiqamətində əhəmiyyətli addım olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB