JuHİ yeni kitabın təqdimatını keçirib FOTOLAR (VİDEO)

JuHİ yeni kitabın təqdimatını keçirib FOTOLAR (VİDEO)

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "İnternet üzərindən yayılan informasiyalara görə, yaranan etik və hüquqi məsuliyyət" kitabının təqdimatı keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşviq Ələsgərlinin müəllifliyi ilə dərc olunan kitab KİVDF-nin maliyyə dəstəyi ilə icra olunan "İnternet üzərindən yayılan informasiyalara görə yaranan hüquqi məsuliyyət mövzusunda KİV təmsilçilərinin maarifləndiriməsi" layihəsi çərçivəsində hazırlanıb.

Mətbuat Şurası (MŞ) İdarə Heyətinin üzvləri, aparıcı qəzetlərin və informasiya agentliklərinin rəhbərləri və digər media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan JuHİ sədri, KİVDF Müşahidə Şurasının üzvü Müşfiq Ələsgərli bildirib ki, Azərbaycanda sürətli və aşağı qiymətli internet xidmətinin təşkil edilməsi ölkədə internet istifadəçilərinin sayının sürətlə artmasını stimullaşdırıb: "Amma təəssüf olsun ki, belə inkişaf müsbət tendensiyalarla yanaşı, ciddi problemlər də gündəmə gətirib. Bu gün interneti, sosial şəbəkələri nəzarətsiz zona kimi dəyərləndirənlər çoxdur. Şəxsi həyatın toxunulmazlığı prinsipindən, təhqir və böhtanın yolverilməzliyindən, ailə-məişət mövzusuna dair informasiyaların həssaslığından, dövlət sirri haqqında qanundan xəbərsiz olanlar özlərinə ciddi problemlər yaradırlar. Bu ilin avqust ayında cəbhə bölgəsində yaşanan qısa müddətli gərginlik bunun tam mənzərəsini ortaya çıxardı. Hazırlanan vəsait qeyd edilən bir sıra problemin aradan qaldırılmasına yardım göstərmək, vətəndaşlarımıza internet istifadəsi zamanı həssas yanaşmalı olduqları məsələlər barədə bilgilər vermək məqsədi daşıyır".

Daha sonra çıxış edən MŞ İdarə Heyətinin üzvü, CASCFEN sədri Azər Həsrət qeyd edib ki, bəzi sosial şəbəkələrdə, xüsusən də "facebook" səhifələrində yersiz paylaşımlar olur: "Sosial şəbəkələrdə yayılan məlumatları KİV məhsulu hesab etməyə bilərik. Amma belə xəbərlər bəzən on minlərlə insan arasında yayılaraq kütləviləşir. Bu da ictimai rəyin formalaşmasına təsir edir. Bunu üçün onlayn etika formalaşmalıdır. Onlayn etika da özündə sosial şəbəkə üzərində etiketi ehtiva edir. Biz internet istifadəçiləri olaraq sosial şəbəkələrdə olduğumuz zaman gözləməli olduğumuz qaydalar var. İnsanların özəl bilgilərinə sayqılı davranmalı, bəzi məxfilikləri gözləməliyik. Bəzən insanlar bunu düzgün dəyərləndirmirlər".

"SƏS" Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışı zamanı bəzi məslələrə aydınlıq gətirərək vurğulayıb ki, bu gün müasir texnologiyaların inkişafı nəticəsində hər an insanların şəxsi həyatı ictimailəşə bilir: "Bu məsələdə təkcə jurnalistlər məsuliyyətli olmalı deyil. Hər bir fərd cəmiyyətdə gedən proseslərə doğru tərəfdən yanaşmalıdır. Bəzi saytlarda, bloklarda əgər kiminsə həyatı hədəfə götürülürsə, və yaxud bundan sui-istifadə edilirsə, o zaman kiber reketizm meydana çıxmış olur. Hazırda ənənəvi mediada reketizmlə yanaşı, kiber reketizm anlayışı da meydana çıxıb ki, bəzi insanlar kütləvi şəkildə bunun arxasınca gedir. Bunu jurnalistikada keçid mərhələ adlandırıram. Xəbər saytları arasında güclü rəqabət olsa da inanıram ki, sonda bu rəqabətdə ciddi saytlar, peşəkar jurnalistlər qalib gələcəklər. Hesab edirəm ki, mövzu ətrafında geniş auditoriyada ciddi müzakirələr aparmağa ehtiyac var. İnsanlar öz məsuliyyətlərini cəmiyyət qarşısında hiss etməlidirlər. Sosial şəbəklərdə rəylər, statuslar paylaşanlar nəzərə almalıdır ki, kiminsə həyatına, ailəsinə, iş prosesinə müdaxilə etmək olmaz. Maarifləndirmə işi orta məktəbdən başlayaraq ali təhsil ocaqlarına qədər aparılmalıdır. Peşə etikasını pozanlar cəmiyyətdə ictimai qınaq, tənbeh obyektinə çevrilməlidirlər".

Tədbir mövzu ətrafında müxtəlif müzakirələrlə sona çatıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə