Arzu Nağıyev: “Dostluq bəyannamə”si adlı sənədin heç bir hüquqi əsası yoxdur” AÇIQLAMA (VİDEO)
"Qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saokyan çıxışları ilə yanaşı, qeyri-adekvat bəyanatları ilə də diqqəti çəkir". Bunu SİA-ya "Trend" Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev Fransada qondarma Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saokyan və Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye arasında keçirilən görüşə münasibət bildirərkən deyib.
Siyasi ekspert Arzu Nağıyevin sözlərinə görə, Fransa ATƏT-in Minsk qrupuna daxil olan üç dövlətdən biridir: "Bako Saokyan tanınmayan və dünya tərəfindən qəbul edilməyən hansısa qondarma bir qurumun "prezidenti" qismində Fransaya dəvət olunursa və burada hər hansı bir şəhərin meri ilə "Dostluq bəyannamə"si adlı sənədə imza atırsa, düşünürəm ki, bu sənədin heç bir hüquqi əsası yoxdur. Bu, sadəcə olaraq məntiqsiz və erməni diasporasının, ermənilərin təsiri ilə atılan bir addımdır. Çox güman ki, Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye onlardan maliyyə və digər vəsaitlər almaqla məşğuldur. Əgər biz Fransanın ATƏT-in Minsk qrupunda aparıcı rolunu və Avropa dövlətlərini təqdim edən bir ölkə nüfuzunu nəzərə alsaq, düşünürəm ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların gedişinə mənfi təsir göstərə bilər".
ATƏT-in Minsk qrupu həmsədlərinin vaxtaşırı Dağlıq Qarabağa səfər etmələrinə də toxunan siyasi ekspert bildirib ki, onların bu addımları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət rol oynaya bilmir: "Son zamanlar ATƏT-in Minsk qrupu ancaq atəşkəsə nail olmaq istiqamətində müəyyən söhbətlər aparır və çıxışlarında xüsusi olaraq bunu vurğulayırlar. Lakin onlar torpaqların qaytarılması, münaqişənin sona çatması, eyni zamanda Dağlıq Qarabağın Azərbaycan ərazisi olması haqqında heç bir bəyanat vermirlər. Onların bu bəyanatları atəşkəs rejiminə xidmət edən bəyanatlardan o tərəfə keçmir. Demək olar ki, son bir neçə ildə bu istiqamətdə ATƏT-in Minsk qrupunun atdığı addımlar ancaq bundan ibarətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB