MSK-nın növbəti iclası keçirilib

MSK-nın növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, öncə MSK-nın 21 noyabr 2014-cü il tarixli iclasının protokolu təsdiqlənib. İclasda 2014-cü il dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova deyib ki, 84 saylı Füzuli Dairə Seçki Komissiyası (DSK) üzrə Böyük Bəhmənli kənd bələdiyyəsinə üzvlüyünə namizədliyini irəli sürülmüş Musa İsmayılov namizədliyinin DSK tərəfindən qeydə alınmaması ilə bağlı MSK-ya müraciət edib. Məsələyə MSK Ekspert Qrupunda baxılıb. Məlum olub ki, imza vərəqində ay adlarının yazılışında texniki səhvə yol verildiyi üçün DSK M. İsmayılovun namizədliyini qeyd almayıb. MSK Ekspert Qrupu namizədliyini irəli sürən M. İsmayılovun imza vərəqindəki 34 imzanın etibarlı olduğu qənaətinə gəlib. MSK Ekspert Qrupu DSK-nın qərarının ləğv edilərək M. İsmayılovun namizədliyinin qeydə alınmasını məqbul sayıb. Məsələ MSK-da səsverməyə qoyularaq qəbul edilib.

MSK 75 saylı Lənkəran-Masallı DSK tərəfindən Çərçuvar bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan İslam Qafarovun namizədliyinin də qeydə alınması barədə də qərar qəbul edilib. MSK 71 saylı Masallı Kənd DSK tərəfindən Ərkivan bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Cəfər Cəfərovun şikayətini isə əsassız sayıb və DSK-nın qərarı qüvvədə qalıb. MSK Ekspert Qrupu tərəfindən araşdırma zamanı imza vərəqindəki 56 imza etibarlı sayılmayıb. Eyni zamanda namizəd üçün imza topladığı iddia edilən şəxsin də imizatoplama kampaniyasında iştirak etmədiyi üzə çıxıb.

MSK 75 saylı Lənkəran-Masallı DSK tərəfindən Xıl bələdiyyəsi üzrə namizədliyi qeydə alınmayan Əlvan Məmmədovun isə namizədliyinin qeydə alınması barədə qərar qəbul edib.

Beləliklə, MSK 3 DSK-nın qərarını ləğv edib, 1 DSK-nın isə qərarını qüvvədə saxlayıb.

Daha sonra MSK bəzi dairə seçki komissiyalarının tərkibinə də dəyişiklik edib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə