Vüqar Bayramov: “Biz orada stendlərin yığışdırılmasını tələb etdik” AÇIQLAMA (VİDEO)
"Ümumiyyətlə forumda diqqəti çəkən məqamlardan biri bizim burada sürprizlə üzləşməyimiz oldu. Belə ki, forum başlanan gün bəlli oldu ki, burada artıq Azərbaycanı tənqid edən stendlər var". Bunu SİA-ya Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov sözügedən forumda Çexiyadan və digər dövlətlərdən iştirakçıların qondarma Dağlıq Qarabağ respublikasını təbliğ edən stendlər yaradıb, Ermənistanın maraqlarından çıxış etməsi məsələsinə münasibət bildirərkən deyib.
Həmsədrin sözlərinə görə, bu forumda yalnız Azərbaycanla bağlı Çexiyanı təmsil edən "People in Need" təşkilatı xüsusi bir sərgi təşkil etmişdi: "Çox təəssüf ki, bu sərgidə hətta Azərbaycan Prezidenti İlham Əliyevin, o cümlədən Ümummilli Lider Heydər Əliyevin şəkilləri vurulmuşdu və onların ünvanına arzuolunmayan sözlər yazılmışdı. Biz ilk növbədə orada bu stendlərin yığışdırılmasını tələb etdik. Çünki bu, bizim üçün milli məsələ idi. Bununla bağlı mən bir həmsədr, eyni zamanda Azərbaycan deleqasiyasının rəhbəri kimi digər həmsdərlərlə və bu sərgini təşkil edən şəxslərlə danışıqlar apardım. Amma çox təəssüf ki, bizim apardığımız danışıqlar praktiki olaraq heç bir nəticə vermədi. Təbii ki, biz bundan sonra məcburiyyət qarşısında qalıb, cənab Prezidentin şəkli olan stendləri götürdük, digər stendlərin isə yayılmasının qarşısını aldıq. Praktiki olaraq biz Azərbaycan deleqasiyasının təmsilçisi kimi ölkəmizin əleyhinə formalaşdırılan sərginin yayımının qarşısının alınmasını ciddi şəkildə tələb etdik".
V. Bayramov bildirib ki, burada digər məqam Azərbaycanla bağlı iki qərəzli bəyanatın qəbul edilməsinə cəhdin göstərilməsi idi: "Bu bəyanatlardan biri, Azərbaycan ərazisində Ermənistana məxsus helikopterin vurulması ilə bağlı idi. Çox təəssüf ki, Ermənistan nümayəndə heyəti belə bir bəyanat qəbul etmişdi. Onlar bu faktı şişirdərək və kontekstdən çıxararaq Azərbaycan dövlətini tənqid etməyə çalışırdılar. Təbii ki, biz bu bəyanatın qarşısını aldıq və nəinki onun qəbul edilməsinə, heç onun müzakirə edilməsinə belə imkan vermədik. Bu bəyanat ümumən Azərbaycanın tənqidi üzərində qurulmuşdu. Beləcə, bu bəyanat forum iştirakçılarının gizli səsverməsindən çıxarıldı. Sonunda bizim digər nümayəndələrlə apardığımız danışıqlar nəticə verdi. Beləcə, həmin bəyanat da təsdiq olunmadı. Praktik olaraq Ermənistan tərəfi və rəsmi İrəvanla əlaqə quran, Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən bir neçə təşkilatın dövlətimiz əleyhinə bəyanatların qəbul edilməsinə çalışsa da, bu təxribatların qarşısı alındı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB