Mustafa Hacıbəyli: “ “Yeni Müsavat” qəzeti Mirbaba Babayevin çıxışını verməyib” AÇIQLAMA

Mustafa Hacıbəyli: “ “Yeni Müsavat” qəzeti Mirbaba Babayevin çıxışını verməyib” AÇIQLAMA

"Nə mən nə Arif Hacılı, nə də Vaqif Hacıbəyli etirazçı müsavatçılara qarşı heç bir mənfi fikir söyləməmişik. Bizim çıxışlarda heç bir həqarət və təhqirdən söz gedə bilməz". Bu fikirləri SİA-ya Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli narazı müsavatçılara partiya rəhbərliyi tərəfindən təzyiq edilməsinə, eləcə də sosial şəbəkədə təhqir olunmalarına münasibət bildirərkən deyib.

Mustafa Hacıbəyli partiyanın ümumrespublika müşavirəsində eks-başqan İsa Qəmbərin fraksiyanın yaradılmasına etiraz etməməsi iddialarına da münasibətini bildirib və qeyd edib ki, İsa Qəmbər heç də bu fikiri dəstəkləməyib: "İsa Qəmbər keçirilən müşavirədə qeyd edib ki, fraksiya yaradıla bilməz. Əgər yaradılsa, partiyanın strukturları bu istiqamətdə müvafiq tədbirlər görəcək. Bu qədər insanın iştirak etdiyi müşavirədə İsa bəyin fikirlərini kim təhrif edə bilər? Narazı tərəflərə təklif edilib ki, ya siz müəyyən səs yığdığınızı sübut edin və partiyanın idarəçiliyində iştirak etmək istəyinizi ortaya qoyun, ya da istefa verin".

Məclis üzvü narazıların əgər istəsəydilər növbəti qurultaya qədər səbr edə biləcəklərini də deyib: "Başqa bir tərəfdən, həmin narazılar növbəti qurultayı gözləyə bilərdilər. İsa bəy deyib ki, nə qədər ki, bu yollardan birini seçməmisinizz, sizin fəaliyyətiniz partiya daxilində gərginlik yaradacaq. Fraksiya yaradılsa, legitimliyini tanımadığınız strukturlar tərəfindən cəzalandırılacaqsınız".

Mustafa Hacıbəyli müşavirədəki çıxışların tam işıqlandırılmamasında "Yeni Müsvat" qəzetinə də iradını bildirib. Müsavatçı funksioner bildirib ki, adıçəkilən qəzet Mirbaba Babayevin çıxışını verməyib: "Müşavirədə Mirbaba Babayevin çıxışı gözlənilməz oldu. O qurultayda seçki komissiyasının sədri olub. Onun seçki komissiyasına sədrliyini isə Qubad bəy elə özü irəli sürüb. Eyni zamanda, Mirbaba Babayev Qubad İbadoğlunun tərəfdarı kimi məhz ona səs verib. O bütün şikayətlərin əsassız olduğunu bildirərək partiya rəhbərliyindən bir masa arxasında oturularaq problemlərin çözülməsini istəyib. Mirbaba bəy susa bilərdi, amma obyektiv olduğundan bu yanaşmanı sərgilədi. Təəssüf ki, "Yeni Müsavat" qəzeti onun çıxışını dərc etməyib".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə