Elman Nəsirli: “Ermənistan hakimiyyəti öz köhnə ampulasındadır” AÇIQLAMA

Elman Nəsirli: “Ermənistan hakimiyyəti öz köhnə ampulasındadır” AÇIQLAMA

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasından ötən 20 il ərzində rəsmi İrəvanın mövqeyində heç bir pozitiv, konstruktiv dəyişiklik özünü göstərməyib". Bu fikirləri SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Ermənistanda kriminal diktatura hökm sürdüyü halda rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən konstruktiv addım gözləməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyəti öz köhnə ampulasındadır: "Onların yeganə niyyəti ondan ibarətdir ki, münaqişənin həlli prosesi maksimum yubansın və status-kvo vəziyyətini qoruyub saxlasınlar. Amma bu gün kriminal qüvvələrin hakimiyyətdə olduğu Sarkisyan rejimi onun fərqindədir ki, hadisələr belə də davam edə bilməz. Çünki, onlara ATƏT-in Minsk qrupu çərçivəsində, eyni zamanda beynəlxalq birliyin digər üzvləri tərəfindən müəyyən təzyiqlər ola bilər. Təbii ki, belə olan vəziyyətdə Ermənistan tərəfi də danışıqlardan prinsip etibarilə imtina etmir. Amma öncədən onların belə bir təəssüratı var ki, əgər danışıqlar prosesində nəticəyə istiqamətlənmiş hər hansı bir dəyişikliklərin baş verməsi ehtimalı yaransa, bunun qarşısını almaq lazımdır. Elə etmək lazımdır ki, bu baş tutmasın. Təbii ki, onlar bunun üçün də müxtəlif üsullardan istifadə edirlər. Həmin üsulların sırasında isə adətən onlar çox vacib qərarların qəbul edilməsi ərəfəsində atəşkəs rejimini son dərəcə kobud şəkildə pozurlar və təmas xəttində hərbi insident törədirlər. Bundan başqa Ermənistan tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma məhkəmə prosesini göstərə bilərik. Bütün bunlar nəticə etibarilə ona hesablanıb ki, danışıqlar prosesi pozulsun. Təbii ki, biz bunu Paris danışıqları ərəfəsində də görmüşük".

E. Nəsirli hesab edir ki, indiki halda Ermənistan tərəfinin təmas xəttində helikopterlə Azərbaycanın hava məkanında növbəti dəfə insident törətməsi onu təsdiqləyir ki, hər dəfə onlar münaqişənin həlli ilə bağlı vəziyyəti mürəkkəbləşdirmək istəyirlər. Onlar təxribata əl atırlar ki, Azərbayca tərəfi də buna cavab versin. Dekabr ayında ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı olacaq. Həmin toplantıda da bu münaqişə ilə bağlı məsələ gündəmdə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə