SİA Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərlərinə Azərbaycan dövlətinin gənclər siyasəti və bu siyasətin sağlam, intellektual nəslin formalaşmasına xidmət etməsi ilə bağlı sualla müraciət edib.

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov: "Azərbaycan gənc dövlət olaraq, bütün vətəndaşlarının layiqli həyat tərzi ilə təmin olunmasında maraqlıdır. Bu vətəndaşlar arasında gənc nəsil, yəni ölkəmizin sabahı olan gənclər mühüm yer tutur. Hal-hazırda, Azərbaycan dövləti ölkə gənclərinin hərtərəfli inkişafı üçün tədbirlər görməkdə davam edir. Bu siyasətin əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Dövlət gənclər siyasətinin əsas prioritet istiqamətlərindən biri də, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi və ölkənin gələcəyinin intellektual resurslar vasitəsi ilə idarə olunmasıdır. Təbii ki, intellektual potensialın davamlılığını təmin etmək üçün dövlətimiz tərəfindən kifayət qədər işlər görülmüşdür. Buna misal olaraq, "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı" bütövlükdə ölkənin gələcək intellektual potensialının qayğısına qalmaq istiqamətində atılmış mühüm addımlardan biridir. Məhz, bu addımın özü onun göstəricisidir ki, ölkəmiz gənc dövlət olaraq, gələcəyini intellektual keyfiyyətə malik olan insanlara etibar edəcək. Ümumiyyətlə, dövlətimizin bu istiqamətdə məqsədyönlü fəaliyyəti nəticəsində nəinki, ölkə xaricində eyni zamanda ölkəmizdə yerləşən ali təhsil müəssisələri də yeni intellektual standartlara cavab vermək istiqamətində səmərəli iş aparırlar. Əgər əvvəllər xaricdə təhsil almış hər hansı bir gənclə, ölkəmizin ali təhsil müəsisələrində təhsil alan gənc arasında intellektual keyfiyyətlər baxımından kifayət qədər fərq var idisə, hazırkı dövrdə bu fərq minimuma enib.
Aydındır ki, bu faktın özü intellektual potensiala yatırılan sərmayənin bəhrəsidir. Bundan başqa, Prezident İlham Əliyev müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, hümanitar sahədə olan biliklərin artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun təsis edilməsi haqqında Fərman imzalayıb. Bu yeniyetmə və gənc intellektuallara olan diqqətin və məntiqi yanaşmanın təzahürüdür. Bununla yanaşı gənc alimlərə olan dövlət qayğısı, onların maddi və sosial problemlərinin həlli, orta və ali məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, təhsil sahəsində fərqlənən gənclərə prezident təqaüdünün verilməsi və bu kimi bir çox reallıqlar bütövlükdə Azərbaycan dövlətinin intellektual uğurudur".

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə: "Bu gün Azərbaycan gənclər siyasəti dünyada uğurlu təcrübə kimi qəbul olunur. Əlbəttə, bu ifadə son illərdə Azərbaycan Respublikasının gənclər sahəsində əldə etdiyi uğurlarda öz təsdiqini tapır. Tədricən Azərbaycan gənclərinin və gənclər təşkilatlarının beynəlxalq gənclər platformalarının idarəetmə prossesində iştirakı artır və bu da Azərbaycanın maraqlarının beynəlxalq səviyyədə təmsil olunmasına imkan yaradır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan gənclər siyasəti Azərbaycanda bütün sahələri əhatə edən silsilə islahatların bir istiqamətidir. Bu siyasət dövlət qurumları, gənclər təşkilatları və biznes qurumlarının birgə fəaliyyəti ilə həyata keçirilən kompleks tədbirləri əhatə edir. İnkişaf qəfil baş vermir, bu tədricən baş verən bir prossesdir. Azərbaycan gənclər siyasəti də Azərbaycanda gənc nəsilin inkişafına zəmin yaradır və kompleks təsir göstərir. Bu da gənclərlə bağlı bir və ya bir neçə sahənin inkişafının digər sahələrin də inkişafına təkan verməsi ilə nəticələnir. Sözsüz ki, Azərbaycan gəncliyinin dayanıqlı inkişaf tempi, gənclərlə bağlı dövlət strategiyası və uğurla həyata keçirilən Azərbaycan gənclər siyasəti Azərbaycan gəncliyinin kompleks inkişafını və uğurlarını vəd edir"

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf: "Ümumiyyətlə Azərbaycanın dövlət gənclər siyasəti bizim nəsil üçün çox əlamətdardır. Çünki Azərbaycan Sovetlər dönəmini keçmiş bir ölkədir. Sovetlər dövründə gənclərin siyasətdə rolu demək olar ki, yox idi. Əksinə daha monoton düşüncə tərzi var idi. Amma ölkəmiz müstəqillik qazandıqdan sonra bu 23 il ərzində baş verən dəyişikliklər, son illər isə gənclərin, gənclərin siyasətinin rolunun artırılması və gənclərin dövlət strukturlarında təmsil olunması xüsusilə təqdirəlayiqdir. Biz gənclər Azərbaycanın həmin dövrünü yaşayırıq. Bu gün ölkəmizdə gənclər fondunun təsis olunması, fərdi surətdə gənclərin öz ideyalarının həyata keçirilməsi istiqamətində (məs. maliyyə problemini yaşamaması və s) mühüm addımlar atılıb. Gənclərin maliyyə problemini yaşamaması artıq çox gözəl bir haldır. Bizim regionlarımızda elə yaradıcı gənclərimiz var ki, onlar da öz ideyalarını həyata keçirmək istəyirlər. Xüsusilə də gənclərimizin xaricdə təhsil almaları Azərbaycanın dövlət gənclər siyasətinin ən vacib məqamlarından biridir. Hazırda Azərbaycanda öz kadrlarımız yetişir.
Bu gün Avropa ölkələri təhsildə müəyyən qədər seçilirlər. Onların dünyanın ən ön sıralarda gedən universitetlərdə təhsil almaları üçün dövlətin maliyyə ayırması təqdirəlayiq haldır. Mənim ən çox bəyəndiyim məsələlərdən biri "neft kapitalının insan kapitalına çevrilməsidir". Çünki bu siyasət də biz gənclər müəyyən qədər rolu var. Hesab edirəm ki, Azərbaycanın gələcəkdə daha da inkişafının müsbət nəticələrini görəcəyik".
.jpg)
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov: "Bizim kifayət qədər Azərbaycan dövlətinin gənclər siyasətindən danışmağa sözümüz var. Çünki hərtərəfli sahəni əhatə edən bu siyasət, hər bir gəncin inkişafa yönəlmiş siyasətidir. Düşünürəm ki, istər sosial qrupa məxsus iqtidaryönümlü gənc olsun, istərsə də tələbə onların bacarıqlarının inkişaf etdirilməsi hərtərəfli qruplara yönəlmiş bir siyasətdir. Təbii ki, burada da gənclərimizin kifayət qədər böyük uğurları var. Məhz buna görə də Azərbaycanın dövlət gənclər siyasətinin əsas mahiyyəti odur ki, ölkəmizdə sağlam gənclik formalaşsın və s. Bu gün həyata keçirilən gənclər siyasəti əsası Ümummilli Lider tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu da hərtərəfli gənclərin inkişafına çox böyük töhfələr verir. Bir sözlə, Azərbaycanın çox gözəl sağlam gəncliyi formalaşmaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB