"Konqresmenlər Xədicənin deyil, Qərbin və erməni lobbisinin bu "işbaz" qadına xərclədikləri pulun hayındadırlar"
Müsahibimiz Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevdir
- Elşən müəllim, prokurorluq Xədicə İsmayıla haqqında məhkəmə prosesi getdiyi üçün ölkə hüdudlarından kənara çıxmamsı barədə qərar verib. Bununla bağlı Azadlıq Radiosunun və ABŞ Dövlət Departamentinin böyük hay-küy qaldırması nədən irəli gəlir?
- Xədicə İsmayıl həmin haqqında danışdığınız ABŞ-ın, bir az da dəqiq desək, bəzi Qərb dairələrinin birbaşa agentidir. Eyni zamanda "5-ci kolon" dediyimiz anti-milli komandanın öncül üzvlərindəndir. Belə olan halda isə istənilən hay-küyün müşahidə olunması düşünürəm ki, tam normal qəbul olunmalı, qarşılanmalıdır. Yəni adamlar öz agentlərinə, öz baltaların tiyəsinə, öz işçilərinə, öz ciblərindən maliyyələşdirdikləri birinə dəstək verirlər. Burada anormal olan nə var ki? Sadəcə mövzunun kuryoz və anlaşılmayan tərəfi bilirsinizmi nədir? - Hələ ortalıqda bir şey yoxdur, Xədicə İsmayıl azadlıqdadır. Hüquq-mühafizə orqanları isə üzərlərinə düşən vəzifəni icra edərək bəlli ifadələrdə adları keçən insanların məlum cinayət işindəki bu və ya digər şəkildə iştirakını yoxlayır, araşdırır, dəqiqləşdirir. Və bu xüsusda, Xədicə İsmayıl istisna deyil. Amma bu adam, eyni zamanda "ələkçinin qıl verəni" rolunda çıxış edən bəzi dairələr ya da məsələn konkret olaraq ABŞ Dövlət Departamenti özlərinə elə əl qatıblar, sanki burada söhbət hansısa ciddi bir fiqurun təqibindən, ya da günahsız yerə suçlanmasından gedir. Onun isə məğzi hər kəsə aydındır.
Təfsilata da ehtiyac yoxdur. Xədicə İsmayıl bütün fəaliyyətini və resurslarını Azərbaycan əleyhinə yönəldib. Bu işini açıq-açığına edir. Yox, əgər Departament də daxil hansısa qurum ya da beynəlxalq təsisat düşünürsə ki, Azərbaycan dövləti, bu dövlətin hüquq-mühafizə orqanları bənzər məsələlərə qarşı biganəlik nümayiş elətdirəcək, o zaman xəbərləri olsun ki, kökündən yanılırlar. Hər şey, yəni bütün prosedur qanun çərçivəsindədir. Hər kəs də həmin qanunların qarşısında məsuliyyət daşıyır. Eyni zamanda Xədicə İsmayıl.
- Sizcə, nəyə görə ABŞ Dövlət Departamenti və ayır-ayrı konqresimenlər Xədicə İsmayıla bu dərəcədə önəm verirlər?
- Bir daha təkrar edirəm: Xədicə bunların özlərindəndir, öz qanlarından, öz canlarındandır. Xədicənin - mənşəyi, mənbəyi bəlli olmayan qurumlara, şəxslərə bağlılığı Azərbaycana bağlılığından minqat daha çoxdur. Bu da onun hər addımı ilə təsdiq olunur. Konqresmenlər Xədicənin deyil, Qərbin və erməni lobbisinin bu "işbaz" qadına xərclədikləri pulun hayındadırlar. Çünki, maya batır, "5-ci kolon" fəaliyyətsizdir. Üstəgəl, Xədicə onlara verdiyi vədləri, sözləri bəlli səbəblərdən tuta bilməyib. Adamın həbsi isə bir çox "layihə"ləri batıra bilər. Odur ki, Xədicə "demokratiya", "insan hüquqları" adı altında müdafiə olunmalı, azadlıqda qalmalı və üzərinə götürdüyü missiyanı, yəni anti-Azərbaycan fəaliyyətini bundan sonra da var gücü ilə davam etdirməlidir. Məqsəd və məram budur.
- Ümumiyyətlə, son vaxtlar xarici maraqlı qüvvələrin Azərbaycanda bir sıra təmsilçilərini himayə etmək prosesləri daha da sürətlənir. Yəqin ki, onların narahat olduqları məqamlar var.
- Xarici qüvvə - ələlxüsus da o öz fəaliyyətini separat yollarla, iyrənc üsullarla tənziməyirsə - əsla və əsla öz maraqlarından savayı məqsəd güdə bilməz. Onlar dünyanın siyasi rəngini
dəyişmək üçün əllərindən gələni əsirgəməyiblər. Təbii, neqativ anlamda. Vasitəçilər isə Xədicə kimi zombilər, kamikadzelər, agentlərdir. Bütün qara işlər, bütün inqilab hazırlıqları, bütün ara qarışdırma, böhran yaratma prosedurları onların vasitəsilə mərhələ-mərhələ həyata keçirilir. Həm də dünyanın çox müxtəlif bölgələrində. Sadəcə fərq ondan ibarətdir ki, rəhbəri yerində olan, xalqın dəstəyi ilə formalaşan, sabit siyasi sistemə malik olan dövlətlər bu cür düşmən tələsindən, təqibindən bir şəkildə sığortalana bilirlər. Azərbaycan da həmin kontekstdədir. O mənada ki, bu gün kimsə bizə təsir və ya diktə edə bilməz. Hətta dünyanın ən güclü strukturları belə. Nə Xədicə məsələsində, nə də qeyri məsələlərdə.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB