MSK-nın "Trenerlər üçün treninq"ləri başa çatdı

MSK-nın "Trenerlər üçün treninq"ləri başa çatdı

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarına əsasən aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində noyabrın 17-dən başlanmış "Trenerlər üçün treninq"lər başa çatıb. Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin təkmilləşdirilməsi məqsədi daşıyan treninqlər nəzərdə tutulduğu kimi 4 gün müddətində seçki dairələri üzrə yerli trenerlərin iştirakı ilə baş tutub.

Treninqlərdə seçki dairələrinin hər birindən 2 nəfər olmaqla cəlb edilmiş yerli trenerlərə seçki günü proseslərinə dair bütün məsələlər – səsvermə hərəkətləri, seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri, seçki prosesində müstəsna hallar, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması praktiki məşğələlərlə əyani şəkildə nümayiş etdirilib.

Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin müzakirəsi zamanı regionlarda seçki dairələri üzrə treninqlərin təşkil olunma qaydası və formatı iştirakçılara izah olundu, treninqlərin yüksək səviyyədə keçirilməsi üçün lazımi tövsiyələr verildi və müzakirələr zamanı meydana çıxan suallar cavablandırılıb.

Qeyd edək ki, genişmiqyaslı maarifləndirmə layihəsi olan aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə noyabrın 25-dən başlanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə