PA rəsmisi: “Qərb lazımi addımlar atmır” AÇIQLAMA

PA rəsmisi: “Qərb lazımi addımlar atmır” AÇIQLAMA

"Biz bununla bağlı dəfələrlə öz mövqeyimizi bildirmişik. Amma çox təəssüflər olsun ki, Azərbaycanın uğurlarından danışsaq da bu gün beynəlxalq aləmin özündə bir böhran mövcuddur". Bunu SİA-ya Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Qarakənd kəndinin səması üzərində erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın dövlət rəhbərlərinin olduğu vertolyotun vurulmasına və bu terror aktına dünya birliyinin hələ də biganə qalmasına münasibət bildirərkən deyib.

PA rəsmisinin sözlərinə görə, bu gün beynəlxalq aləmdə ədalət böhranı var: "Dünyanın iki qütbündən biri dağılandan sonra tək qütb özünü hər şeyə qadir, onu istədiyi kimi edə bilən vahid kimi gördü və bu istiqamətdə çox böyük səhvlər edildi. Həmin səhvlərdən biri də dünyada gedən proseslərə ədalətli yanaşmanın olmamasıdır. Bunu isə biz öz üzərimizdə çox açıq-aydın görürük. Bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda bu, çox ağrılı bir məsələdir. Hətta deyərdim ki, bu, çox böyük beynəlxalq hüquq məsələsidir".

N.Məmmədov hesab edir ki, Qərb bununla bağlı lazımi addımlar atmır: "Təbii ki, bu da özünü ən kiçik proseslərdə belə göstərir. Ermənistan, separatçı "Dağlıq Qarabağ" rejimi Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir. Bu, ən böyük təcavüz və təxribatdır. Amma bununla bağlı müəyyən beynəlxalq, qeyri-hökumət təşkilatları, rəsmi ölkələrin nümayəndələri, media nümayəndələri ədalətli mövqe bildirmək əvəzinə açıq-aydın yalan, böhtan məlumatlar yayırlar. Təbii ki, biz bunu da başa düşürük. Bu gün Azərbaycan kimi dünyəvi müsəlman ölkəsinin belə mühüm regionda güclü inkişafı çoxlarında qısqanclıq doğurur. Onlar bu qısqanclıqlarını, bizə olan qərəzli münasibətlərini başqa cür nümayiş etdirə bilmirlər, çünki buna gücləri çatmır. Bütün bunlara baxmayaraq biz öz qələbələr dolu yolumuzla davam edəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə