“Qurtuluşa və İnkişafa gedən yol” TƏDBİR-FOTOLAR

“Səs” qəzetində bu mövzuda dəyirmi masa keçirilib
“Qurtuluşa və İnkişafa gedən yol” TƏDBİR-FOTOLAR

Bu gün "Səs" qəzetinin redaksiyasında "Qurtuluşa və İnkişafa gedən yol" mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri, professor Sudeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi şurasının üzvü, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov, YAP Nərimanov rayon Gənclər Təşkilatının sədri Yusif Babanlı iştirak edib.

Dəyirmi masada çıxış edənlər mövzu ətrafında fikirlərini bildirərkən YAP-ın yaranması zərurəti və onun keçdiyi 22 illik tarixi yolu barədə danışıblar.

Azərbaycan Tibb Universitetinin (ATU) kafedra müdiri, professor Sudeyf İmamverdiyev çıxışında qeyd edib ki, həmin dövrlərin ağrılı və acılı günlərində Azərbaycan xalqı düşdüyü vəziyyətdən çıxış yolu axtarırdı: "Məhz həmin dövrlərdə bir yerə toplaşmış ölkə ziyalıları xalqın sosial sifarişini əsas məqsəd kimi götürərək Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Həmin müraciətdə xalqın yeganə xilaskarı kimi Heydər Əliyevə ümüdün bəslənməsi barədə fikirlər öz əksini tapdı və Azərbaycan xalqının Ümummilli Lideri xalqın bu müraciətinə etinasız qalmadı. Məhz Onun rəhbərliyi ilə YAP-ın yaranması reallığa çevrildi".

Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü, YAP Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov isə öz növbəsində qeyd edib ki, Azərbaycanın çətin dövrlərində ölkə iqtisadi tənəzül dövrünü yaşayırdı: "Azərbaycanın yeraltı və yerüsüt sərvətləri talanır, daxili və xarici düşmənlər öz çirkin niyyətlərini reallaşdırmaqdan ötrü müxtəlif addımlar atırdılar. Bu baxımdan Azərbaycan xalqının yeganə çıxış yolu Heydər Əliyev fenomeni idi. YAP-ın yaranmasından başlayaraq, Onun ölkə rəhbərliyinə gəlməsi Azərbaycanın tarixinə xilaskarlıq missiyası kimi yazılıb".

YAP Nərimanov rayon Gənclər Təşkilatının sədri Yusif Babanlı isə öz çıxışında vurğulayıb ki, bu gün hər bir Azərbaycan gənci Ulu Öndər Heydər Əliyev ideologiyasına sadiq qalaraq bu yolu uğurla getməkdədirlər: "Əlbəttə ki, Azərbaycan gənci bu gün Heydər Əliyev ideologiyası əsasında yaranmış YAP-ın ətrafında daha sıx birləşərək ölkənin inkişafında öz sözünü deməkdədir. Biz gənclər bundan sonra da mütərəqqi fəaliyyət ilə Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan YAP-ın uğur qazanmasında gücümüzü əsirgəməyəcəyik".

Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev həyatı və siyasi fəaliyyəti Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılıb: "YAP-ın yaradılması Azərbaycan xalqının xilası ilə yanaşı, ölkəmizin inkişaf və tərəqqisində də öz sözünü deyib. Əbəs yerə deyil ki, bu gün ölkəmizin çoxşaxəli inkişafının təməlində onun regionda lider dövlət olması faktoru dayanıb. Təbii ki, inkişaf, tərəqqi kimi amillərin əsas məziyyətlərindən biri də Yeni Azərbaycan Partiyasıdır. Bu baxımdan YAP Ulu Öndər Heydər Əliyevin vurğuladığı kimi dünənin, bu günün partiyası olması ilə yanaşı, həm də gələcəyin partiyasıdır".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə