Prezident Azərbaycanın bir neçə ölkə ilə imzaladığı sənədləri təsdiqləyib YENİLƏNİB

Prezident Azərbaycanın bir neçə ölkə ilə imzaladığı sənədləri təsdiqləyib YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Moskva hökumətləri arasında anlaşma və əməkdaşlıq haqqında memorandumun təsdiq edilməsi barədə sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sərəncama əsasən, Nazirlər Kabinetinə 2014-cü il sentyabrın 25-də Bakıda imzalanmış memorandumun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Dövlət başçısının digər sərəncamı ilə Ərəb Dövlətləri Liqası ilə Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum təsdiq edilib. Nazirlər Kabinetinə 2014-cü il mayın 13-də Ər-Riyadda imzalanmış memorandum müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi həvalə olunub.

Prezident İlham Əliyevin imzaladığı daha bir sərəncamla Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Qırğız Respublikasının Dövlət Kadrlar Xidməti arasında dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində əməkdaşlıq haqqında memorandum təsdiqlənib.

Sərəncama əsasən, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya 2014-cü il sentyabrın 11-də Bakıda imzalanmış memorandumun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb. Azərbaycan Xarici İşlər Nazirliyi isə həmin memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası hökumətini xəbərdar etməlidir.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Xarici İşlər Nazirliyi və Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumu təsdiq edilib. Sərəncama əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinə 2014-cü il oktyabrın 15-də Bakıda imzalanan Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.

Prezident İlham Əliyev həmçinin Azərbaycan və Latviya kənd təsərrüfatı nazirlikləri arasında baytarlıq sahəsində əməkdaşlıq, Azərbaycan və Boliviya xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, habelə Azərbaycan və Rusiya hökumətləri arasında Moskvada Ümumrusiya Sərgi Mərkəzinin ərazisində Azərbaycanın Sərgi-Ticarət Mərkəzinin yaradılması haqqında sazişlərin təsdiq edilməsi barədə fərmanlar imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə