Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilir
Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inibati ərazi bölgüsündə qismən dəyişikliklər edilir. Belə ki, Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi və Nehəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nehəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil ediləcək. SİA-nın məlumatına görə, dəyişikliklər Azərbaycan parlamentinin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsi barədə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, Göynük və Nehəcir kənd inzibati ərazi dairələri Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə veriləcək. Beləliklə, Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsi mövcud qanuna əlavə edilən xəritələrə uyun olaraq Babək rayonunun inzibati ərazisinə birləşdiriləcək.
A. Rəhimzadə hesab edir ki, adıçəkilən iki kənd Culfadan daha çox Babək rayonuna yaxındır: "Həmin kəndlərdən biri Culfanın mərkəzindən 53 km, digəri isə 61 km uzaqdadırlar. Həmin kəndlərin insanları Culfaya işə getmək üçün Babək rayonundan keçməlidirlər və bu günədək də belə olub. Bir sözlə, bu iki kənd indiyə kimi bir növ anklav vəziyyətində idi. Hesab edirəm ki, bu, çox məqsədyönlü təklifdir. Qeyd edim ki, hər iki kəndin lazımi strukturları və müstəqil bələdiyyələri mövcuddur".
Digər komitə üzvləri də qanun layihəsində nəzərdə tutulan dəyişiklikləri müsbət qiymətləndiriblər.
Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB