Vüqar Rəhimzadə: “Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi”

Vüqar Rəhimzadə: “Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi”

"Bu gün Azərbaycan xalqı 17 noyabr Milli Dirçəliş Gününü qeyd edir. O illəri xatırlayarkən ilk öncə Azərbaycanda xalq hərəkatının başlanması göz önünə gəlir". Bu fikirləri SİA-ya YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1988-ci ildə baş verən hadisələri şərh edərkən deyib.

V.Rəhimzadə bildirib ki, 1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı "Azadlıq" meydanında toplaşdı: "Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. M.Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başlamışdılar. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlının qətlə yetirmələri Bakıda milli hissləri alovlandırmışdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etmişdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət almışdı. Milyonlarla insanın toplaşdığı "Azadlıq" meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişmiş və müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsilmişdi".

Müsahibimiz qeyd edib ki, 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr isə mövcud vəziyyəti qiymətləndirə bilmədilər: "Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda yenə də ulu öndər Heydər Əliyev xalqın istiqlal ruhunu ölməyə qoymadı. Bu ideyaları hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev həyata keçirdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasında müstəsna xidmətləri olan Prezident İlham Əliyev Ümummilli Liderin dövlətçilik ideyalarını daha modern formada həyata keçirir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə