Tiflis səfəri və bir təxribatın sonucları

Azər Həsrət, [email protected]
Tiflis səfəri və bir təxribatın sonucları

Bu dəfə bir təxribat haqqında yazıram. Və düşünürəm ki, belə bir təxribatdan dərs alaraq gələcəkdə bu cür halların baş verməsini əngəlləmək olar.

Noyabrın 10-11-də Tiflisdə ATƏT-in media azadlığı üzrə təmsilçiyinin Güney Qafqaz ölkələri üçün ənənəvi konfransı keçirilirdi. Hər üç ölkədən media təmsilçiləri dəvət edilmiş, dəvətlilərin demək olar ki, hamısı tədbirə qatılmışdı.Azərbaycandan bəndənizlə bərabər Prezident Administrasiyasından Kamran Həsənov, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, "Turan" Agentliyinin direktoru Mehman Əliyev, media ekspertləri Zeynal Məmmədli, Ələsgər Məmmədli və Telman Məmmədov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İTV baş direktorunun müavini Şaiq Məmmədov, media hüququ üzrə ekspert Rəşid Hacılı, MTRŞ-nin təmsilçisi Mübariz Elyazov dəvət edilmişdi. Rəşid Hacılı xaric dəvət edilənlərin hamısı tədbirə qatılmışdı. Rəşid bəyin niyə qatılmadığı haqda bilgimiz olmasa da düşünürük ki, onun qatılmasına rəsmi əngəl olmayıb. Bu, öz yerində.

Tədbir ayın 10-u səhər saat 10-da açıldı. Buna qədərsə bizə xəbər çatdı ki, bu tədbirə qatılmaq üçün Tiflisə gəlmək istəyən gənc blogger Mehman Hüseynov Bakı hava limanında saxlanılıb, onun səfəri əngəllənib. Açığı, adının siyahıda olmaması, üstəlik də Azərbaycandan olan nümayəndələr bir gün öncədən gəldiyi halda bunun niyə məhz tədbir başlanan ərəfədə təyyarəylə Tiflisə uçmaq istəməsi şəxsən məndə sual doğururdu. Bununla belə, səbrimi basıb nə olacağını gözləməyə başladım.

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç açılış nitqində Güney Qafqazdakı media azadlığı durumundan danışdı. Və dərhal da qeyd etdi ki, tədbirə dəvət edilmiş bəzi Azərbaycanlı jurnalistlərin səfəri əngəllənib. Bunların sırasında Xədicə İsmayıl və Mehman Hüseynovun adı çəkildi. Maraqlıdır, dəvətlilər siyahısında adı olmayanlar haqqında niyə belə bir informasiya verilirdi? Xanım Miyatoviç demək olar ki, bütün çıxışını Azərbaycanı tənqidə həsr etdi. Ermənistan və Gürcüstana isə səthi toxundu.

Növbəti sessiyada Azərbaycanla bağlı hesabatları Mehman Əliyev və Kamran Həsənov təqdim etdi. Birinci ölkədə 16 nəfər jurnalist və bloggerin həbsdə olduğunu, Mehman Hüseynovun hava limanında necə saxlandığını və buna bənzər olayları təsvir etdi. Kamran Həsənovsa öz çıxışında bütün bunlara aydınlıq gətirərək əlavə etdi ki, Mehman Hüseynovun ölkədən çıxışı bəlli bir istintaq hərəkəti üçün əngəllənir və bu, yeni xəbər deyil. Sadəcə anlaşılmayan odur ki, bu adam ölkədən çıxışının yasaq olduğunu bilə-bilə niyə hava limanına gəlir və özünü təkrar olaraq belə bir duruma düşürür? Yəni onun saxlanmasında qanunsuz heç nə yoxdur. Kamran Həsənov onu da əlavə etdi ki, bu şəxs daha öncə də beynəlxalq tədbirlərə dəvət edilib və müvafiq icazə alaraq ölkədən çıxıb, geri də qayıdıb. Yəni bu dəfə də belə edə bilərdi. Amma etməyib. Birbaşa hava limanına gəlib, müvafiq qaydada saxlanılıb.

Bundan sonra çıxışlara və suallara şərait yaradıldı. Və mən Mehman Əliyevdən o 16 nəfər blogger və jurnalistin adını çəkməsini xahiş etdim. İddiam da bu idi ki, həmin adamların çoxunu heç kim tanımır və tutulduqdan sonra nəyə görəsə onları siyasi məhbus elan ediblər. Mehman bəysə cavabında əlindəki kağız parçasını göstərib dedi ki, budur onların adları. Mənsə ondan həmin adları kağızdan oxumağı deyil, əzbərə deməsini istəyirdim. Deyə bilmədi. Bilməzdi də. Çünki heç kimin tanımadığı, yalnız həbs edildikdən sonra medianın verdiyi imkanlar hesabına siyasi məhbus elan edilmiş insanların adlarını yadda saxlamaq elə də asan deyil.

Tədbir boyunca bir neçə dəfə çıxışlar etdim, suallar verdim. Xüsusən də monoetnik Ermənistanda (bunu erməni nümayəndə özü də dedi) başqa dillərdə verilişlərin yayımının nə məna daşıdığı haqqında sualım oldu. Amma sözüm bunda deyil.

Tədbir boyu diqqət etdim ki, həm Ermənistan, həm də Gürcüstan təmsilçiləri sanki razılaşdırılmış şəkildə istər hakimiyyət, istərsə də alternativ hesabatlarda ciddi tənqidlər səsləndirmədi. Yəni hər iki ölkənin media azadlığıyla bağlı durumu müsbət şəkildə təqdim edilməyə çalışıldı. Düzdür, müəyyən tənqidlər də oldu, amma səthi. Təbii ki, bu yanaşma Dunya Miyatoviçin də çıxışında hiss edildi. Halbuki hər iki ölkədə media sahəsində problemlərin olması heç kimə sirr deyil. Sadəcə nə sirdirsə, onlardan fərqli olaraq biz Azərbaycanlılar özümüzü xar etməyi xoşlayırıq.

Nə isə, tədbir iki gün davam etdi, tənqidlər də oldu, normal müzakirələr də. Amma Mehman Hüseynovun məsələsi məni kiçik bir araşdırma aparmağa da vadar etdi. Və araşdırdım da.

Yuxarıda da qeyd etdiym kimi, bu adam tədbirə dəvətlilərin siyahısında yox idi. Yenə də qeyd etdiyim kimi, Bakıda təyyarəyə minməyə məhz tədbir başlayan saatda cəhd edib: Bakı-Tiflis reysi saat 9.50-də havaya qalxır. Və bundan sonra şübhələrimi əsaslandıran daha bir məqam: həmin anda da bu gəncin qardaşı Emin Hüseynovun başçılıq etdiyi RATİ-dən Dunya Miyatoviçin Twitter hesabına birbaşa xəbər daxil olub ki, Azərbaycan hakimiyyəti Mehman Hüseynovun ölkədən çıxışını əngəlləyib. Və yuxarıda qeyd etdiyim bəyanatlar.

Göründüyü kimi, burada bir quramadan söhbət gedə bilər. Yəni bu gənc və onu "həvəsləndirənlər" əvvəlcədən bilə-bilə ki, onun ölkədən çıxışı yasaqdır, belə bir oyun qurublar. Oyun qurublar ki, ATƏT-in tədbirində bəyanatlar səslənsin, Azərbaycan bir daha tənqid edilsin. Və öz ağıllarınca düşünürlər ki, bu yolla guya Azərbaycanda demokratiya və insan haqlarının inkişafına yardım edəcəklər. Mənsə düşünürəm ki, bunların dərdi demokratiya və insan haqları deyil, sadəcə ölkəni gözdən salmaqdır. Bunu da elə-belə demirəm.

Tədbir davam etdikcə Ermənistan mediası bir neçə dəfə Azərbaycanla bağlı xəbər yaydı. Yayılan xəbərlərdə Azərbaycanda medianın durumunun bərbad olduğu, jurnalistlərin ATƏT-in tədbirinə gəlməsinin əngəllənməsi, Dunya Miyatoviçin Azərbaycanı tənqid etməsi ayrıca vurğulanırdı. Ermənistanın özünün ünvanına az-çox səslənən tənqidlərə isə heç yer verilmirdi. Sonda iş o yerə çatdı ki, erməni nümayəndələrdən biri öz Twitter hesabında mənə müraciətlə iddia etdi ki, Azərbaycan hakimiyyəti tədbirə dəvət edilənlərin yarısını ölkədən çıxmağa qoymayıb. Və "Azadlıq" radiosunun ingilis dilli xidməti də ildırım sürətilə bu xorda yer aldı. Radionun yaydığı xəbərdə Mehman Hüseynovun mötəbəir bir tədbir üçün ölkədən çıxışının əngəlləndiyi deyilir, amma bununla bağlı Prezident Administrasiyası təmsilçisinin izahına yer verilmirdi. Elə ermənilər də onun izahına yer vermirdi. Elə Mehman Hüseynov və onun arxasındakılar da bu izahı eşitməzlikdən, görməzlikdən gəlirdi. Bunun da səbəbini az sonra öyrənmiş oldum. Mehman Hüseynov deyirdi ki, mən Azərbaycanın müvafiq xidmətlərinin "sayıqlığını yoxlamaq istəyirdim". Bunun adı tərbiyəsizlikdir! Oxuculardan üzr istəyirəm ki, belə sərt ifadə işlədirəm, amma başqa söz tapa bilmirəm sadəcə!

İndi kimsə qalxıb deyə bilər ki, Mehman Hüseynovun ölkədən çıxışının əngəllənməsi qanunsuzdur, ümumiyyətlə onun istintaqa cəlb edilməsi ədalətsizdir və s. Tamamilə mümkündür ki, bu işdə ədalətsizlik olsun. Amma yenə də müvafiq hüquq qaydalarına əməl etmək lazım idi axı! Bu adam onu etməyib! Deməli məqsədi heç də o tədbirə qatılmaq olmayıb. Bunun məqsədi bir daha Azərbaycanın adının mənfi kontekstdə hallanması olub. Təbrik edirəm, məqsədinə çatdı bu adam və onun havadarları. Ermənistan mətbuatı, ermənilər Azərbaycan haqqında necə lazımsa, mənfi informasiyaları tirajladılar.

Sonda qeyd etmək istərdim ki, keçən il olduğu kimi bu il də ATƏT-in bu tədbiri daha çox Azərbaycan haqqında müzakirələrlə yadda qaldı. Və keçən il olduğu kimi bu il də Ermənistan mətbuatı ölkəmizi gözdən salmaq üçün bu tədbirdən gen-bol istifadə etdi. Həm də keçən il olduğu kimi bu il də eyni adamlar, eyni çevrələr Azərbaycanın gözdən salınması üçün səbəblər vermiş oldu. Və düşünmədilər ki, əgər ölkədə problemlər varsa, onların həlli yeri də ölkənin içidir, daha erməni mətbuatının səhifələri deyil…

Bütün xəbərlər Facebook səhifəmizdə