YAP rəsmisi: “Mitinq iştirakçıları təxribata əl atmaq istəyirdi” AÇIQLAMA

YAP rəsmisi: “Mitinq iştirakçıları təxribata əl atmaq istəyirdi” AÇIQLAMA

"Azərbaycan polisi çox düzgün şəkildə "Milli Şura"nın mitinqində jurnalistləri aksiya iştirakçılarından ayırmışdı". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müxalifətin "Milli Şura"nın mitinqində müxalifyönlü jurnalistlərə qarşı təzyiqlərin olması iddialarına münasibət bildirərkən deyib.

YAP İcra katibinin müavinin sözlərinə görə, bu proses iki məqamda ortaya çıxır: "Birincisi, müxalifyönlü partiyaların mətbuat orqanlarının nümayəndələri işlədiyi qurumun təmsilçisi kimi yox, artıq aksiyanın iştirakçısı kimi iştirak edirdi. İkincisi, onlar aksiyaya toplaşan insanların sayı barədə utanmadan və xəcalət çəkmədən şişirdilmiş rəqəmlər sadalayırdılar. Bu bir daha onu göstərir ki, onlar insanların gözü qarşısında necə yalan danışır. Təbii ki, bunun da iki səbəbi var. İlk növbədə, onlar Avropanın müxtəlif təşkilatlarından maliyyə vəsaiti alırlar. Maliyyə vəsaitinin sərf olunmasının isə müəyyən dairəsi var. Onlar heç cürə deyə bilməz ki, həmin aksiyada 500 nəfər iştirak edib. Bu şəxslər 10-15 min insanın mitinqə gələcəyini elan edir və Avropanın müxtəlif təşkilatlarının onlar üçün ayırdığı vəsait alırlar. Heç kimə sirr deyildi ki, həmin aksiyada yalnız 400-500 nəfər insan var idi. Beləcə, müxalifət hansısa formada bunu avropalılara göstərmək üçün saxta rəqəmlər söyləyirlər və Azərbaycan ictimaiyyətini aldatmağa çalışırlar. Hətta onlar aksiya iştirakçılarını ortaya, sağa yığışın deyərək kütləviliyi təmin etməyə çalışırlar. Təbii ki, bunun üçün də müxtəlif forma və metodlara əl atırlar. Həmin aksiyada bir adam əlində iki bayraq tuturdu. Hamı şahidi olurdu ki, aksiya iştirakçıları plakatı boynundan asırdı, dişində saxlayırdı və s. Bununla da onlar insanların çoxluğunu göstərməyə çalışırdılar. Bu baxımdan da hüquq-mühafizə orqanları jurnalistlər üçün müəyyən olunmuş yer təyin etmişdi ki, onlar orada rahat şəkildə heç bir təhlükə olmadan hadisəni işıqlandırsanlar. Bununla da görünsün ki, aksiya iştirakçıları və jurnalistlər kimlərdir. Orada jurnalistlərin və hüquq-mühafizə oqranları əməkdaşlarının sayı mitinq iştirakçılarının sayından çox idi. Bu mənada hüquq-mühafizə orqanlarının əməkdaşları kənara çəkilmişdilər ki, onları aksiyanın iştirakçısı kimi qələmə verməsinlər. Təbii ki, mitinq iştirakçıları da bunu görüb, təxribata əl atmaq istəyirdilər.

YAP rəsmisi hesab edir ki, hər hansı bir kütləvi aksiyanın keçirilməsi üçün Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı" haqqında qanuna uyğun olaraq iştirakçıların sayı, orada olan tələblər, səsləndiriləcək şüarlar öncədən müvafiq icra hakimiyyəti orqanına yazılı şəkildə verilməlidir: "Bununla belə, aksiyalarda irqi, dini ayrı seçkiliyə, müharibəyə, şəxsiyyətin təhqir olunmasına, qanunsuz hərəkətlərə, çağırışlara yol verilməməsi ilə əlaqədar qabaqcadan təşkilat komitəsi öhdəlik götürür. Lakin biz dəfələrlə şahidi olduq ki, onlar üzərlərinə götürdüyü öhdəliyə baxmayaraq, şəxsiyyətlərin təhqir olunması ilə bağlı, eləcə də anti-dövlət şüarlar səsləndirirdilər, böhtan, yalan, qarayaxma ilə məşğul olurdular. Onlar heç bir faktlara əsaslanmayan məsələlər qaldırırdılar və fikirlər söyləyirdilər. Hansı ki, bu şəxslərin ümumiyyətlə bu məsələlərdən xəbəri yox idi. Ümumi götürdükdə mitinqin və orada çıxış edənlərin, iştirakçıların səviyyəsi çox aşağı idi. Hətta belə bir misal var ki, "ağsaq atın kor nalbəndi olar". Beləcə onlar həmin aksiyaya özlərinə uyğun olaraq da adam toplamışdılar. Hətta bu insanlar çalışırdılar ki, həmin mitinqdə təxribat olsun və səsləndirdikləri şüarlara uyğun olaraq hüquq-mühafizə orqanları ilə aralarında konfilikt (bir-iki nəfər döyülsün, xəsarət alsın və s.) yaşansın. Bundan sonra isə onlar həmin hadisəni tez-bazar çəkib Avropa qurumlarına, strukturlarına göndərmək istəyirdilər. Lakin hüquq-mühafizə orqanları həmin aksiyada dözümlülük nümayiş etdirərək, səbrli şəkildə onların provokasiyalarına, təxribatlarına uymadılar. Nəticədə bu şəxslər suyu süzülə-süzülə, kor-peşman öz planlarını yerinə yetirməmiş meydanı tərk etdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə