Keçmiş müşavir Müsavatın işğal olunduğunu İDDİA ETDİ

Səxavət Əlisoy: “Kamil Xəlilbəyli, mübarizəni davam et!”
Keçmiş müşavir Müsavatın işğal olunduğunu İDDİA ETDİ

Müsavat Partiyasınn eks-başqanı İsa Qəmbərin keçmiş müşaviri, hazırda partiyanın narazılar qrupunda təmsil olunan Səxavət Əlisoy siyasi təşkilatın fəalı, Məclis üzvlüyünə namizədliyini verərək, seçilə bilməyən digər narazı – Kamil Xəlilbəylinin partiyadan qovulması səbəbilə ona müraciət edib. SİA-ya daxil olan məlumata görə, Səxavət Əlisoy həmin müraciətində qeyd edib: "Kamil bəy, partiya rəhbərliyini işğal etmiş Hacılı dəstəsinin antidemokratik hərəkətləri, plüralizm, azad fikir qarşısında acizliyi göz önündədir. Onlar saxtakarlıqlarını ört-basdır etmək üçün siyasi repressiyalara start veriblər. Özləri də bilir ki, heç nəyə nail ola bilməyəcəklər. Əlahəzrət tarix onlari öz kitabına saxtakar kimi yazıb.

Budur onları narahat edən, bəy! Ruhdan düşmə, hədəf növbədənkənar qurultaydır".

Qeyd edək ki, Müsavat Partiyasının MNTK-sı Kamil Xəlilbəylini onun özünün xəbəri olmadan partiyadan xaric edib. Səbəb isə belə göstərilib ki, Xəlilbəyli partiyanin siyasi-ideoloji xəttinə xəyanət edib. Konkret səbəb isə onun bir müsavatçı xanımla (Arif Hacılı tərəfdarı) şəxsi yazışmada söyüş söyməsi olub.

Səxavət Əlisoyla yanaşı, digər Qubad İbadoğlu tərəfdarı olan Hikmət Hacızadə də Kamil Xəlilbəylinin təşkilat sıralarından uzaqlaşdırılmasına kəskin iradını bildirib. O iddia edib ki, müsavatçı xanım qarşı tərəfi senzuradan kənar təhqir edib və Xəlilbəyli ona cavab verməyə məcbur olub: "MNTK-nın bu düşünülməmiş qərarına mən qəti etirazımı bildirirəm. Dünya praktikasında məlum olmayan şəxsi yazışmada olan sözlərə görə cəza uca Müsavat partiyasında tətbiq olundu. Ar olsun!!!

Xatırlayıram ki, hər bir təhqir və ya böhtan Azərbaycan və dünya qanunvericiliyində ancaq publik (ictimayi diskussiyada) deyilmiş sözlərə görə tətbiq olunur. Şəxsi yazışma isə ümumən aşkara çıxarılmamalıdır və beləliklə bu qərar tamamən qanunsuz və Müsavata xələl gətirən bir qərardır. Bundan başqa, qulağıma çatıb ki, bu qərar böyük planın bir hissəsidir. Yəni "narazıların bir 10-15-ni partiyadan çıxaraq, onda başqaları sakitləşəcak". Ar osun belə planı düşünənlərə. Mən belə plana qəti etiraz edirəm. Məhəbbət Murad və Kamil Xəlilbəylidən sonra üçüncü belə "narazı" özümü hesab edirəm, və qərarınıza qarşı etiraz edirəm.

Bu planı düşünənlərə demək istəyirəm ki, bu plan dayandırılmasa və bu planla partiyadan xaric edilənlərin işinə yenidən baxllmasa, onda məni də bu plana salsınlar və partiyadan xaric etsinlər. Bu masələ qanun və insan haqları çərçivəsində həll olunmayana qədər, partiyada fəaliyyətimi dondururam və partiya rəhbərliyindən insan hüquqlarının təmin olunmasını tələb edirəm".

Qeyd edək ki, Müsavatın narazılar qrupu partiyanın növbədənkənar qurultayının keçirilməsini tələb etməklə yanaşı, Arif Hacılının tutduğu postu tərk etməsini də şərt kimi irəli sürüblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə