Siyavuş Novruzov: “Cinayət törədən şəxs qanun qarşısında cavab verməlidir” AÇIQLAMA
"Kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Bu baxımdan da Avropada hansı sözün deyilib-deyilməməsindən asılı olmayaraq biz hansısa təzyiqə görə, qanunu pozmuş, qanuna hörmət göstərməyən şəxsləri birbaşa məsuliyyətdən azad edə bilmərik". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin Azərbaycana yönəlik ittihamlarına münasibət bildirərkən deyib.
YAP rəsmisinin sözlərinə görə, ümumiyyətlə Azərbaycanda mətbuata, söz azadlığına kifayət qədər diqqət yetirilir və qayğı göstərilir: "Ölkəmizdə 100-dən artıq çap olunan mətbuat orqanı fəaliyyət göstərir. Bundan başqa internet qəzetlər, müxtəlif saytlar və s. var. Azərbaycanda ən asan yolla həm qəzetlərin qeydə alınması, həm də istənilən vətəndaşın özü üçün hansısa saytı açması imkanları mövcuddur. Təbii ki, bununla bağlı da ölkəmizdə heç bir qadağa, çətinləşdirici məqam yoxdur. Bu baxımdan da Azərbaycanda kifayət qədər bu məsələlərə sərbəst imkanlar yaradılıb. Biz Avropa dövlətlərinə, hətta Amerika Birləşmiş Ştatlarına (ABŞ) baxanda görərik ki, ölkəmizdə bu proseslər necə asan şəkildə öz həllini tapır.
Digər tərəfdən Azərbaycanda Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) mövcuddur. Heç şübhəsiz ki, bu da dünyanın heç bir yerində yoxdur. Əgər kimsə qəzet çıxarmaq istəyirsə, dövlətimiz tərəfindən ona bütün imkanlar yaradılıb. Amma biz də biri yardım, bina istəyir, biri də çap olunma xərclərini dövlətdən tələb edir və s. Bu insanlar bir tərəfdən Avropanı Azərbaycana nümunə çəkirlər, digər tərəfdən isə özləri hələ Avropa qaydasında işləmək xüsusiyyətini mənimsəməyiblər. Bəyəm, ABŞ-da hansısa qəzetə dövlət sənə pul versin deyirlər? Əksinə orada qəzet öz-özünə sponsorlar tapır və yaxud elə səviyyəli qəzet çıxarırlar ki, həmin qəzet vətəndaşlar tərəfindən maliyyələşdirilir. Hətta vaxtilə "Arqumentı i faktı" qəzeti var idi ki, o, 20 milyon tirajla dərc olunurdu. Artıq bu qəzetə hansısa dövlət dəstəyinə və dövlət tərəfindən yardıma ehtiyacı yox idi. Bu baxımdan da qəzet və yaxud mətbuat orqanı aktuallığını təmin etməlidir. Əgər bu belə olmayacaqsa, təbii ki, burada müxtəlif problemlər ortaya çıxa bilər. Azərbaycan dövləti də bu baxımdan kifayət qədər yeni fəaliyyətə başlayan və yaxud da ümumilikdə dərc olunan mətbuat orqanlarına dəstək göstərib. KİVDF tərəfindən Mətbuat Şurasının müəyyənləşdirdiyi hər bir qəzetə (reket qəzetlər istisna olmaqla) mövqeyindən asılı olmayaraq ildə 100 min manatdan artıq yardımlar edilir. O cümlədən Fond tərəfindən müxtəlif məqalələr, elanlar verilir. Hansı ki, o məqalələrə uyğun olaraq da 1, 2, 3-cü yerlər üzrə hər ay vəsait ayrılır. Bundan başqa, Azərbaycan mətbuatının borcları dövlətimiz tərəfindən ödənildi, bir hissəsi isə ümumiyyətlə donduruldu və ləğv olundu. Ölkəmizdə MŞ yaranıb ki, bu qurum da dünyanın heç bir yerində yoxdur. Dünyada yeganə olaraq Azərbaycan mətbuatının nümayəndələri üçün dövlət tərəfindən pulsuz olaraq evlər tikilir və mənzillərin paylanması prosesi həyata keçirilir. Bu evlərin verilməsində heç bir mətbuat orqanına qarşı ayrı-seçkilik olmadı. Həmçinin Prezident İlham Əliyev tərəfindən yeni bir binanın tikintisi üçün onun təməli qoyuldu. Hətta keçmişdə bir partiyalı sistem olanda və Sovetlər birliyi olanda da belə, bu cür şərait yox idi".
S. Novruzov hesab edir ki, bu gün onlar sadaladıqları Avropadan nümunə göstərsinlər ki, hansı mətbuat nümayəndəsi mənzillə təmin olunur? Təbii ki, belə bir şey yoxdur: "Yəni, Azərbaycanda bu məsələlərə hərtərəfli dəstək göstərilir. Sadəcə olaraq bəzi adamlar və mətbuat orqanında çalışan şəxslər sərbəst, müstəqil olmalıdır. Biz dəfələrlə həm kütləvi aksiyalarda, həm də digər yerlərdə rastlaşırıq ki, mətbuat orqanının nümayəndəsi mitinq üzvlərinə qoşularaq müxtəlif şüarlar deyir və qışqırır. Hətta həmin insan qanunu pozanda və məsuliyyətə cəlb olunanda da mətbuat nümayəndəsi olduğunu deyir. İndi sual olunur. Əgər sən mətbuat nümayəndəsisənsə, niyə onda mitinqlərə qoşulursan? Mətbuat nümayəndəsi həmin mitinqdən yalnız informasiya verməli və hadisəni işıqlandırmalıdır. Bloger kimi tanınan Mehman Hüseynov və hansısa qəzetin köşə yazarı və s. öz peşəsi ilə deyil, tamamilə başqa qanunsuz işlərlə məşğul olub. Təbii ki, insan qanunsuz işlərlə məşğul olanda da məsuliyyətə cəlb olunur. Kimliyindən asılı olmayaraq hamı qanun qarşısında bərabərdir. Bu baxımdan da Avropada hansı sözün deyilib-deyilməməsindən asılı olmayaraq biz hansısa təzyiqə görə, qanunu pozmuş, qanuna hörmət göstərməyən şəxsləri birbaşa məsuliyyətdən azad edə bilmərik. Kim qeyri-qanuni əməl törədibsə, qanun qarşısında cavab verməlidir".
Qeyd edək ki, ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bloger kimi tanınan Mehman Hüseynovun saxlanmasına münasibət bildirib. O, hesab edir ki, guya Azərbaycanda müstəqil medianın və QHT-lərin nümayəndələrinə əsassız ittihamlar irəli sürülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB