Rafael Cəbrayılov: “Konstitusiyamız ən mükəmməl konstitusiyalardandır” MÜNASİBƏT
"Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də Ümumxalq Referendumunun nəticəsi ilə qəbul olunub. Lakin Konstitusiyanın hazırlanmasına qədər xalqımız tarixi, şanlı bir yol keçib". Bu fikirləri SİA-ya Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov Azərbaycan Respublikası Konstitusiyasının xalqımız tərəfindən qəbul edilməsinin tarixi özəlliklərini və əhəmiyyətli məqamlarını şərh edərkən deyib.
Millət vəkili xatırladıb ki, Sovet hökuməti dağıldıqdan sonra Azərbaycan Milli Azadlıq Hərəkatının son mərhələsi kimi milli dövlətçilik ənənələrini davam etdirərək müstəqil dövlətə sahib oldu. Belə ki, müstəqil dövlətin, xalqın sabahı, dövlətin məqsədləri ilə bağlı bir anayasanın qəbulu zəruri haldır: "Əfsuslar olsun ki, həmin dövrdə hakimiyyətdə olan insanların obyektiv və subyektiv məsələlərdən dolayı Konstitusiyanın qəbulu ləngidilirdi. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin xidmətlərini xüsusilə vurğulayardım. Əgər bir geniş mövzu ətrafında müzakirə aparsaq ki, Azərbaycan Xalq Cümhuriyyəti nə etmək istəyirdi və bunu edə bilmədi, o zaman belə bir cavab ortaya çıxar ki, onun edə bilmədiklərini Ümummilli Lider etdi. Azərbaycanın müstəqil dövlət kimi yaradılmasında, var olmasında, dünyada lider ölkəyə çevrilməsində Ulu Öndər Heydər Əliyevin rolunu müstəsna qiymətləndirirəm".
Millət vəkili qeyd edib ki, müstəqil Respublikamızın Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir ki, bu da dövlətin idarəçilik prinsiplərini, hüquq vəzifələrini, siyasi rejimini, iqtisadi əsaslarını, vətəndaşlarımızın habelə ölkəmizə gələn miqrantların hüquq və vəzifələrini özündə birləşdirən əsas sənəddir: "Ulu Öndərin Azərbaycanda hakimiyyətin əsas mənbəyi xalqdır fikri məhz Konstitusiyanın birinci maddəsində təsbit olunub. İlk dəfə olaraq, Azərbaycan Respublikası Konstitusiya tarixində hakimiyyətin bölünməsi prinsipi öz əksini taparaq hakmiyyətin üç qolu müəyyən edildi. İnsan hüquq və azadlıqlarına dair geniş maddələr kompleksi konstitusiyaya daxil edildi. Bundan başqa, Azərbaycanın hüquqi dövlət olaraq qarşıya qoyduğu strateji hədəflər öz əksini tapıb. Bütün bunlar Azərbaycan xalqının, dövlətinin uğurudur. Dünya təcrübəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiaysı ən mükəmməl konstitusiyalardandır. Cəmiyyət dinamik inkişaf etdiyindən bəzən cəmiyyət və qanunlar uyğunlaşmır. Ona görə də Konstitusiyaya əlavə və dəyişikliklərin olunması zərurəti meydana çıxır".
Rafael Cəbrayılov 2002-ci və 2009-cu illərdə ölkə Konstitusiyasında dəyişikliklər edilməsinə də fikir bildirərək deyib ki, məhz bu dəyişikliklər fonunda önəmli məqamlar əks olunub: "2002-ci ildə Referendumla Konstitusiyaya əlavə və dəyişkiliklər edildi ki, onun da ən böyük uğurlarından biri Ombudsman təsisatının yaradılması oldu. Azərbaycan vətəndaşlarına birbaşa problemləri ilə bağlı Konstitusiya məhkəməsinə müraciət etmək hüququ verildi. Bu hüquq Avropanın demokratik hesab edilən dövlətlərində belə yoxdur. Daha sonra 2009-cu Konstitusiyaya əlavə və dəyişkiliklər edildi ki, bu da ölkəmizin sürətli inkişafından yaranmışdı. Dövlətimiz insanların hüquq və azadlıqlarının daim qorunması, təkmilləşdirilməsi üçün belə bir referendum keçirtdi ki, bunun da nəticəsi olaraq insan hüquqlarına dair çoxlu sayda əlavə və dəyişkliklər edildi".
Millət vəkili son olaraq onu da vurğuladı ki, Azərbaycanın Konstitusiyasında hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu ilə bağlı kifayət qədər müddəalar öz əksini tapır: " Bütün bunların yaşaması, var olması üçün biz öz növbəmizdə əlimizdən gələni etməliyik. Eyni zamanda fürsətdən istifadə edərək, hər bir vətəndaşımızı müstəqil Azərbaycanımızın Konstitusiya günü münasibəti ilə təbrik edirəm".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB