Bəxtiyar Sadıqov: “Müxalifətdə olanlar tükənmiş və bitmiş insanlardır” AÇIQLAMA

Bəxtiyar Sadıqov: “Müxalifətdə olanlar tükənmiş və bitmiş insanlardır” AÇIQLAMA

"Son vaxtlar artıq "Milli Şura" çox fəallaşıb. Təbii ki, bu fəallıq onların mitinq həvəsinə düşməsidir". Bunu SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov "Milli Şura"nın mitinqindəki uğursuzluqlara münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, artıq bu qurum görür ki, qəzet səhifələrində də onlara yer verən yoxdur: "Bununla belə, "Milli Şura"nın mətbuatda da mövcudluğu başa çatıb. Onlar sadəcə olaraq yenidən gündəmə gəlmək və özlərini "gözə soxmaq" üçün bu kimi uğursuz mitinq keçirirlər. Azərbaycan iqtidarı düzgün olaraq bu insanlara yer verir ki, qoy həm xalq, həm də bu şəxslərin özləri-özlərini yaxşı tanısın. Xalq özü tanıyıb görsün ki, onlar mitinqə kimləri aparır və hansı şüarlar səsləndirirlər. Heç kimə sirr deyil ki, onların bütün dedikləri xülyadan başqa bir şey deyil. İkincisi isə bu şəxslər özlərini tanısın və görsün ki, hər dəfə möhtəşəm deyə-deyə sonucda möhtəşəmliyi nə olur? Hətta onların həm mitinq ərəfəsində, həm də mitinqdən sonra öz aralarında olan ziddiyyətlər yenidən artır və kəskinləşir".

B. Sadıqov hesab edir ki, mitinqlərin bu cür vəziyyətə, biabırçı günə düşəcəyi heç kimə sirr deyildi: "Müxalifət yenə də köhnə təfəkkürdə və düşüncədədir. Onlar hər dəfə çalışır ki, özlərinin mövcudluğunu göstərmək üçün mitinq, küçə yürüşü keçirib polislə qarşıdurma yaratsınlar. İkincisi isə müxalitə yeni heç bir şey təklif edə bilmir. Çünki bu gün onların nəsə təklif edəcəyini artıq 5-10 ildir ki, Azərbaycan iqtidarı gerçəkliyə çevirib. Bir sözlə, müxalifətdə olanlar tükənmiş və bitmiş insanlardır. Bu şəxslər nə müxalifətdə qalıb müxalifət kimi bir iş görə bilirlər, nə də meydana çıxıb hansısa təklif etməyə bacarırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə