Mübariz Qurbanlı: "Radikal cərəyanların ölkəmizə ayaq açmasına imkan verməməliyik"

Mübariz Qurbanlı: "Radikal cərəyanların ölkəmizə ayaq açmasına imkan verməməliyik"

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik" mövzusunda gənclər üçün treninq keçirib. SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı, millət vəkili Nizami Cəfərov, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov və digər şəxslər iştirak edib.

DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək deyib ki, biz bu kimi tədbirlərimizi davam etdirəcəyik: "Məqsəd gənclərlə görüşərək milli-mənəvi dəyərlərimiz barədə fikir mübadiləsi aparmaqdır. Burada ölkədə və dünyada təhsil alan gənclərimiz də iştirak edir. Bu gün Azərbaycan çox sürətlə inkişaf edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz tariximizi diqqətlə öyrənməli və gələcəyimizi müəyyənləşdirməliyik. Bizim də əsas hədəfimiz dövlətimizi gücləndirmək və onu inkişaf etdirməkdir".

M.Qurbanlı həmçinin bildirib ki, radikal cərəyanlarla mübarizədə gənclərin üzərinə böyük məsuliyyət düşür: "İslam dini bizim dinimizdir. Biz radikal cərəyanların ölkəmizə ayaq açmasına imkan verməməliyik. Təbii ki, bu sahədə siz gənclərin də üzərinə böyük məsuliyyət düşür".

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib ki, bu cür tədbirlərin keçirilməsi vacibdir: "Bu gün biz olduqca mürəkkəb bir dövrdə yaşayırıq və dünya mürəkkəb risklərlə doludur. Biz isə buradan çıxış yolları axtarırıq. Bugünkü dünyada zahirən şirin görünən müxtəlif çağırışlar var. Lakin onlara uymaq, inanmaq lazım deyil".

Tədbir diskussiya şəklində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə