Elmar Məmmədyarov: “Münaqişə olmasaydı Azərbaycan sürətlə inkişaf edərdi”

Elmar Məmmədyarov: “Münaqişə olmasaydı Azərbaycan sürətlə inkişaf edərdi”

Azərbaycan Respublikasının Avropa Şurası Nazirlər Komitəsində sədrliyi çərçivəsində bu gün Bakıda Avropa Şurasının Qonşu regionlar üzrə Siyasətinə dair yüksək səviyyəli beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransın keçirilməsində məqsəd Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti çərçivəsində əldə edilmiş nailiyyətləri nəzərdən keçirmək və bu siyasətin daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparmaqdan ibarətdir.

Konfransı giriş nitqi ilə açan Azərbayan xarici işlər naziri Elmar Məmmdyarov bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir: "Bu konfransın təşkili onu deməyə əsas verir ki, Azərbaycan tolerantlıq ənənəsinə və dünyada sülhə dəstək verilməsinə xüsusi önəm verir. İndiyədək Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Buna misal olaraq Mədəniyyətlərarası dialoq forumunu və s. göstərə bilərik. Bu günAzərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Böyük neft və qaz ehtiyyatlarına sahib olmağımız uğurlarımızı daha da yüksəldir. Azərbaycan Asiya, Afrika, Latın Amerikası ölkələrinə yardım edən donor ölkəyə çevrilib. Dövlətimiz 20-dən artıq ölkəyə yardımlar həyata keçirir".

Nazir diqqətə çatdırıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ərazilərin işğalı olmasaydı, Azərbaycan daha sürətlə inkişaf edərdi: "BMT Təhlükəsizlik Şurasının ərazilərin işğaldan azad edilməsi ilə bağlı 4 qətnaməsinin yerinə yetirilməməsi təəssüf doğurur. Azərbaycan korrupsiya əleyhinə mübarizəyə, eləcə də bir sıra digər sahələrə xüsusi diqqət yetirir. Hesab edirəm ki, Avropa Şurasının da əsas məqsədi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı dəstəkləməkdir. Ümid edirəm ki, gələn il ilk Avropa Olimpiya Oyunlarına baxmaq üçün Azərbaycana yenidən səfər edəcəksiniz".

Avropa Şurasının xarici əlaqələr üzrə direktoru Zoltan Taubner vurğulayıb ki, qonşuluq siyasəti baxımından konfrans zamanında təşkil edilib: "Avropa Şurası adından bu tədbirin təşkilinə görə hər birinizə təşəkkür edirəm. Konfrans çox düzgün bir məqamda təşkil olunub. Biz siyasətlərin yeni dəyişikliyinə yaxınlaşırıq. Bu gün biz burada son nailiyyətlərimizi nəzərdən keçirə və gələcək baxışlarımızı müəyyənləşdirə bilərik".

Qeyd edək ki, Avropa və Asiyanın kəsişməsində yerləşən və Avropa Şurasının Qonşu regionlar siyasətində iştirak edən dövlətlərlə möhkəm ikitərəfli əlaqələrə malik olan Azərbaycan təsis olunmasından etibarən Avropa Şurasının Qonşu regionlar siyasətini yaxından dəstələyir.

Konfransda Avropa Şurası, üzv dövlətlər və Avropa Şurasının Qonşu regionlar üzrə Siyasəti proqramında iştirak edən dövlətlərin yüksək səviyyəli nümayəndələri təmsil olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə