Macarıstanın xarici işlər naziri ADU-da olub YENİLƏNİB

Macarıstanın xarici işlər naziri ADU-da olub YENİLƏNİB

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və xarici iqtisadi Əlaqələr naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlər, ölkələrimizin iqtisadi, mədəni, səhiyyə, elm və digər sahələrdə əlaqələrinin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Seyidov çıxışında rəhbərlik etdiyi universitetin beynəlxalq əlaqələrindən danışıb: "Qəbul imtahanlarında iştirak edəcək abituriyentlərin məhz Dillər Universitetini seçməsində universitetin xarici əlaqələrinin olması mühüm rol oynayır. Dillər Universitetinin təşəbbüsü əsasında 300-dən çox tələbə dünyanın müxtəlif universitetlərində təhsil almağa göndərilib. Bu gün ADU xüsusi layihələr əsasında Fransanın Strasburq, Almaniyanın Frayburq, Leypsiq universitetləri, İtaliyanın Milan Tərcümə Məktəbi, Avropanın başqa universitetləri ilə, eləcə də Çin Xalq Respublikası, Hindistan, Koreya, İndoneziya, İsrail, Yaxın Şərq ölkələri ilə əlaqələr quraraq tələbələrin xaricdə təhsil almasına şərait yaradıb".

Sonra Macarıstanın xarici işlər və xarici iqtisadi Əlaqələr naziri Peter Siyarto ADU-nun tələbələrinə mühazirə oxuyub.

Qeyd edək ki, nazir Peter Siyarto noyabrın 3-4-də Azərbaycanda rəsmi səfərdədir. O, səfəri çərçivəsində nazir Azərbaycanın xarici işlər, iqtisadiyyat və sənaye, kənd təsərrüfatı, mədəniyyət və turizm nazirləri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbəri ilə görüşəcək. Bundan başqa Macarıstan nümayəndə heyəti Bakıda olduğu müddətdə Macarıstan mədəniyyətinə həsr edilmiş tədbirdə iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə