MSK-nın iclası keçirilib

Bu gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq 27 oktyabr 2014-cü il tarixli iclasın protokolu təsdiqlənib.

Sonra Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının MSK-da məşvərətçi səs hüquqlu üzv təyin edilib.

Daha sonra 2014-cü il dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərində Azərbaycan Demokratik İslahatlar Partiyasının, Azərbaycan Sosial Demokrat Partiyasının, Böyük Qurtuluş Partiyasının, Ana Vətən Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

İclasda bəzi Dairə Seçki Komissiyalarının tərkibində dəyişiklik edilib.

Cari məsələlər müzakirəsi zamanı MSK sədri M.Pənahov deyib ki, bu günə qədər bələdiyyə seçkilərində namizəd olmaq istəyən 959 nəfər seçki komissiyalarına bildiriş verib. MSK sədri qeyd edib ki, ümumilikdə, 10 partiyanın üzvü olan şəxslər seçki komissiyalarına bildiriş təqdim edib.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə