Eldəniz Quliyev məhkəmənin qərarını icra etməlidir VƏKİLDƏN AÇIQLAMA

Eldəniz Quliyev məhkəmənin qərarını icra etməlidir VƏKİLDƏN AÇIQLAMA

"Ümumiyyətlə, Nəsimi Rayon Məhkəməsinin kinorejissor Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi haqqında qərarı düzgündür və bu qərara əməl etmək də, onun borcudur". Bunu SİA-ya vəkil Rafiq Abdullayev deyib.

Vəkilin sözlərinə görə, bu məsələ ilə konkret olaraq məhkəmə icraçıları məşğul olurlar: "Əgər E. Quliyev ona tətbiq olunan 1000 manat məbləğində cəriməni ödəməsə, həmin məbləğin üzərinə əlavə premya gələcək. Beləcə, iddiaçı tərəf həmin insanı yenidən məhkəməyə verə bilər. Məhkəmə qərarlarının icra edilməməsi mülki qaydada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı, cinayət prosesi halında isə başqa maddə ilə tənzimlənir. Məkhəmə qərarı dövlətin adından çıxırsa, o mütləq şəkildə icra olunmalıdır. Bu Azərbaycan Respublikasının Konstitusiyasında da göstərilib. Beləcə, bu məcburi xarakter daşıyır".

Xatırladaq ki, daxili işlər naziri Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırıb. İddiaya səbəb isə Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. Belə ki, E. Quliyev bir müddət əvvəl mətbuatda R. Usubova müraciət ünvanlayıb. Müraciətdə bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə diqqət çəkən E. Quliyev R. Usubovu məlum problemin həlli istiqamətində konkret addımlar atmağa səsləmiş, bu zaman polis barədə sərt ifadələr işlətmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə